Məhkəmə qərarları › İş №3(002)-2484/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2484/2020

26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2484/2020 26.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs X3 xeyrinə hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulmasına dair Bərdə Rayon Məhkəməsinin 2(021)-173/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-173/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi üzrə xx xxxx 2019-cu il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2016-cı il ildə anadan olmuş X1 üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin tam icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına hər hansı əmlak müəyyən edilməmişdir. Borclu xx.xx.2020-ci il tarixdə şöbəyə gələrək izahatı alınmış, borclu izahatında icra sənədini iş qabiliyyəti olmadığı və heç yerdən gəliri olmadığı üçün icra etmədiyini bildirmişdir. Borclunun bu günə olan aliment borcu 2760 manat təşkil edir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə materialı araşdıraraq hesab edir ki, barəsində protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim edilmədiyi üçün protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinin tələbinə görə, inzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinin tələbinə görə, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir Həmin Məcəllənin 111.3-cü maddəsinin əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinin tələbinə görə, protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və ya digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunur. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarına zidd olaraq yəni inzibati xəta törətmiş şəxsin iştirakı məhkəmədə təmin edilmədən xx.xx.2020cı il tarixli MN ******* saylı protokol ona əlavə edilmiş sənədlər səlahiyyətli orqan tərəfindən məhkəməyə göndərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən çatışmamazlıq aradan qaldırılmadan, işə mahiyyəti üzrə baxılması mümkün olmadığından protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 111, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Bakı şəhər Qaradağ rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2020-cı il tarixli MN ******* saylı protokol ona əlavə edilmiş sənədlərlə birlikdə səlahiyyətli orqana geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar