Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2488/2025 08.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi , Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Bakı şəhəri Qaradağ rayon Prokurorluğundan daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş Bakı şəhər Qaradağ rayon prokuroru, baş ədliyyə müşaviri Fərid Nağıyev tərəfindən qəbul edilmiş 17 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və iş materiallarından aydın olur ki, fiziki şəxs Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində 4-cü sıra, 5-ci korpus, 107 nömrəli mağazada 2024-cü ilin oktyabr ayından 2025-ci ilin oktyabr ayınadək qadın paltarlarının satışı ilə məşğul olmaqla ümumilikdə 960 manat məbləğində gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 398-ci maddəsinə əsasən inzibati xəta haqqında qərar tərtib olunaraq baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə ödədiyini bildirmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ rayon Prokurorluğuna rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbələri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında qərar və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Lakin o, inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdüyünə görə inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, iş materillarına əlavə edilmiş Şəxs tərəfindən Qaradağ rayon Prokurorluğuna verilmiş izahatında göstərilmişdir ki, 2024-cü ilin oktyabr ayından Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzində 4-cü sıra, 5-ci korpus, 107 nömrəli mağazada qadın paltarlarının satışı ilə məşğul olmaqla aylıq 80 manat qazanc əldə etmiş, 1 il ərzində aylıq 80 manat olmaqla ümumilikdə 960 manat gəlir əldə etmiş, VÖEN olmadan həmin fəaliyyətlə məşğul olmuşdur. İş materiallarında olan 17 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın nəticə hissəsindən aydın olur ki, fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnternet vergi idarəsi” sistemindən verilmiş çıxarışdan aydın olur ki, Şəxs fiziki şəxs kimi VÖEN olmadan fəaliyyət göstərir. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ümumilikdə 960 manat məbləğində gəlir əldə etməklə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində tutulan əməli törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin Məcəllənin 398-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Şəxs məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin Qaradağ filialının 30 dekabr 2025-ci il tarixli, 23118 saylı qəbzindən aydın olur ki, Şəxs tərəfindən inzibati xəta nəticəsində əldə edilmiş 960 manat məbləğində gəlir tamamilə dövlət büdcəsinə ödənmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsilə təqsirləndirilməsinə dair 17 noyabr 2025-ci il tarixdə qəbul edilmiş inzibati xəta haqında iş üzrə icraata inzibati məsuliyyətdən azad edilməklə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2488/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2488/2025
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver