Məhkəmə qərarları › İş №3(002)-25/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-25/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-25/2023 09.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə 25 avqust 1987-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 08 yanvar 2023-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın zamanı polisin qanuni tələblərinə tabe olmamış, yanğın olan ərazidən çıxmaq istəməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 yanvar 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 08 yanvar 2023-cü il tarixdə saat təxminən 22:40 radələrində “Sədərək” TM-də baş vermiş yanğınla bağlı polis əməkdaşları xidmətə cəlb olunmuş, bu zaman bir nəfər tanımadıqları vətəndaşın onların xidməti fəaliyyətinə mane olmağa çalışdığını görmüşlər. Onlar həmin şəxsi 10-cu PB-ya dəvət etmiş, bölmədə həmin vətəndaşın Şəxs olduğu müəyyən olunmuşdur. Nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, atası və dayısı “Sədərək” TM-da müştərək qaydada tekstik dükanı işlədirlər. 08 yanvar 2023-cü il tarixdə evdə olarkən ona “Sədərək” TM-də baş verən yanğınla bağlı zəng gəlmiş, o ticarət mərkəzinə çatanda dükanda olan malların hardasa yetmiş faizinin çölə yığıldığının şahidi olmuşdur. Bu zaman o yanındakı bir neçə nəfərlə birlikdə yığılan malları mühafizə etmək üçün növbədə durmuşdur. Polis əməkdaşları onlara çölə çıxartdıqları malları növbə ilə qorumağı tövsiyyə etmişdir, lakin sonradan eşitmişdir ki, polis əməkdaşları bütün mülki şəxslərin ticarət mərkəzini tərk etməsi ilə bağlı göstəriş vermişlər. Bu zaman o narazılıq etmiş, buna görə də onunla polis əməkdaşları arasında mübahisə yaranmışdır. Bundan sonra atasının polis bölməsin aparıldığını eşitmiş və özü də könüllü olaraq 10-cu Polis Bölməsinə yaxınlaşmışdır. O daha sonra polis bölməsində döyülməsi ilə bağlı verdiyi izahatını isə təkzib edərək polis əməkdaşları tərəfindən döyülmədiyini və tibbi ekspertizadan keçirilmək istəmədiyini bildirirərək bu haqda yazılı izahatı məhkəməyə təqim etmişdir. O, səhvini başa düşdüyünü, peşiman olduğunu və gələcəkdə belə hallara bir daha yol verməyəcəyinə söz vermişdir. Bütün bunlara əsasən ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin iş rejimini pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati materiala əlavə edilmiş 08 yanvar 2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 08 yanvar 2023-cü il tarixdə saat 23:00-da tutulmuş, 09 yanvar 2023-cü il tarixdə, saat 09:00-da isə tutmadan azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar