Məhkəmə qərarları › İş №3(002)-2501/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2501/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2501/2023 12.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X7, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ağdam rayonu Sarıhacılı Kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2040/2020 nömrəli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay bir uşağa görə 110 manat olmaqla cəmi 330 manat sabit pul məbləğində, aliment cavabdeh Şəxs tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini icra etməməklə ümumilikdə 12210 manat aliment borcu qalmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin böyük icra məmuru X13 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu şəxs Şəxs hazırkı tarixə 12210 manat aliment borcu mövcuddur. Bundan öncə də Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il, 3(002)-631/2022 saylı qərarı ilə Şəxs barəsində 20 gün inzibati həbs tətbiq edilmişdir. Şəxs məcburi köçkünlər üçün ona təyin edilmiş evi aliment əvəzinə tələbkara vermişdir. Lakin, tələbkar X6 tərəfindən icra şöbəsinə müraciət edilərək aliment borcunun tutulmasının təmin edilməsini xahiş etmişdir. Bunun əsasında borclunun axtarışı haqqında qərar qəbul edilərək o, məcburi qaydada icra şöbəsinə gətirilmiş və barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Axtarış nəticəsində məlum olmuşdur ki, borclu alkoqolizm xəstəliyindən əziyyət çəkdiyi üçün müalicə alması ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdir. Şəxs izahatına əsasən işsiz olduğu və indiyədək heç vaxt aliment ödənişi etmədiyi müəyyənləşdirilmişdir. Bundan başqa könüllü qaydada çağırışlara gəlməmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 izahatında Şəxs bilavasitə gəliri olmasa da valideynlərindən maddi dəstək alaraq aliment borcunu ödəyə biləcəyini, 3 uşağa işsiz olduğu üçün tək baxa bilmədiyini və borclunun cəzalandırılmasının onun üçün önəm kəsb etmədiyini, yəni sadəcə aliment borcunu tələb etdiyini bildirərək, borclu barədə ədalətli qərar qəbul edilməsini məhkəmən xahiş etdi. Əlavə olaraq hazırda övladları ilə bərabər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə bərabər nikahları pozulmamışdan əvvəl yaşadıqları evdə yaşayışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, qeyd olunan icra sənədindən xəbərdardır, barəsində axtarış qərarı çıxan zaman o, xəstəxanada daimi qalmaqla ona 6 aylıq müddətə təyin olunmuş alkoqolizmdən müalicə almışdır. Eyni zamanda işsiz olduğu üçün aliment öhdəliklərini icra edə bilməmişdir. Lakin, işlədiyi dövrdə aliment borcu üzrə öhdəlikləri icra etmiş, bundan əlavə nikahları pozulmamışdan əvvəl birgə yaşadıqları evi də tələbkar və uşaqlarının yaşayışı üçün onlara vermiş, eləcə də mütəmadi olaraq evin ərzaq təminatını da həyata keçirmişdir. Borcunu ödəməkdən yayınmır, lakin bir müddət əvvəl üzərində aparılmış cərrahiyyə əməliyyatı səbəbindən xəstəxanada müayinələri davam edir, səhhətində irəliləyiş olduğu andan taksi sürücüsü fəaliyyətinə davam edərək öhdəliyini tam icra etmək niyyətindədir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2040/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2015ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay bir uşağa görə 110 manat olmaqla cəmi 330 manat sabit pul məbləğində, aliment cavabdeh Şəxs tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2040/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X13 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Qaradağ Rayon Məhkəməsinin Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)- 2040/2020 saylı icra sənədinə əsasən Şəxs 12210 manat aliment borcu yaranmışdır. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli Qərara əsasən Şəxs yaşadığı ünvanda müəyyən olunmamış və barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 daxil olmuş cavab məktubunda Şəxs xx.xx.2023-cü il tarixdə, eləcə də ümumilikdə 17 dəfə həmin mərkəzdə könüllü surətdə stasionar müalicədə olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən qərəzli törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, borclu Şəxs tərəfindən qeyd olunan icra sənədi üzrə tələbkara aliment əvəzinə yaşayış üçün ev verilmişdir. Aliment ödənişini edə bilməməsinə səbəb isə onun səhhəti ilə əlaqədar xəstəxanada stasionar müalicədə alması və maddi vəziyyətinin aşağı olması olmuş və bu hal iş üzrə tələbkar tərəfə də məlum olmuşdur. Hazırkı halda borclu Şəxs hərəkətləri icra sənədinin üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilməməli, əksinə icra sənədinin icra olunmasında maraqlı olmasını göstərən faktor kimi nəzərə alınmalıdır. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar