Məhkəmə qərarları › İş №3(002)-2506/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2506/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2506/2024 02.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin İİİ tağım YPX inspektoru, polis baş serjantı X3 tərəfindən barəsində qəbul edilmiş 29 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X3 ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək müvafiq yol patrul xidməti əməkdaşının və şikayət edilənin hərəkətlərinin inzibati icraatın pozuntusu kimi qiymətləndirilməsini, ona tətbiq edilmiş inzibati xəta, bu xəta üzrə qanunsuz qərar və bununla bağlı bütün cərimə və peniyaların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə Sumqayıt Məhkəməsində baxılmış, həmin məhkəmənin 09 avqust 2024-cü il tarixli qərardadına əsasən şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidyyatı üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, ona 29 may 2024-cü il tarixində H.Z.Tağıyev yolunun 26ci km-də yol patrul xidmətinin əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə ilə (1.1 üfuqi nişanlanma xəttinin tələbinə riayət etməyərək bu xətti kəsib keçməklə ötmə əməliyyatı) inzibati protokol tərtib edilmişdir. Müvafiq bəyanatla razılaşmadığı üçün 31 may 2024-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə elektron şikayət ərizəsi təqdim etmiş, şikayət ediləndən 10 iyul 2024-cü il tarixində göndərilmiş qısa cavab məktubunda pozuntunun törədilməsinin videogörüntülər vasitəsilə təsdiqləndiyi və yol polisi əməkdaşı tərəfindən xətanın aşkarlanması və sənədləşməsində inzibati qanunvericiliyin tələblərinin pozulması halının aşkarlanmadığı bildirilmişdir. Bununla da, ona münasibətdə qanunsuz olaraq 80 manat inzibati cərimə təyin olunmuş, həmçinin qanunsuz cəriməni ödəməkdən imtina etdiyi üçün ona dəbbə pulu şəklində faizlər hesablanmışdır. O şikayət edilənin gəldiyi nəticələr ilə razılaşmır, onun hərəkətlərini qanunsuz hesab edir və aşağıdakıları məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir:

1. O müvafiq pozuntunu törətməmişdir. Onun 1.1 üfüqi nişanlanma xəttinin tələbinə riayət etməyərək bu xətti kəsib keçməklə ötmə əməliyyatı yerinə yetirməyim iddia olunsa da, avtomobilimin elektron müşahidə kamerasının çəkdiyi görüntülərdən də aydın şəkildə göründüyü kimi 1.1 yox, 1.7 üfüqi nişanlanma xəttini kəsərək ötmə əməliyyatı yerinə yetirmişdir və yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq bu əməliyyat qadağan olunmamışdır.

2. İddia edilən "xəta"-nın aşkarlanması inzibati qanunvericiliyinin tələblərinə uyğun aparılmamış və onun nəticələri düzgün qaydada rəsmiləşdirilməmişdir. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra "Məcəllə") 124.2-ci və 124.3-cü maddəllərinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar, razılaşmadıqda isə, səlahiyyətli vəzifəli şəxs inzibati xǝta haqqında protokol tortib edir. Məcəllənin 124.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək AYNA informasiya sisteminə yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilir. Məcəllənin 125.2.1-ci maddəsinə əsasən isə inzibati xətanı törətmiş şəxs inzibati protokol və qərar "ASAN" ödəniş sistemində yerləşdirilməli və həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərilməlidir. İnzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamağına və etirazlarına baxmayaraq, müvafiq yol polis əməkdaşı səlahiyyət həddini aşaraq qanunsuz olaraq inzibati tənbeh tətbiqetmə haqqında qərar çıxartmış, bundan əlavə isə həmin qərarı qanunvericiliyin tələbinə baxmayaraq nə yerindəcə ona təqdim etməmiş, nə də onun elektron poçt ünvanına göndərməmişdir. Bundan əlavə, Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən "Poçt haqqında" Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, Azərbaycan yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Ona müvafiq protokol/qarar, nə ona inzibati xətanı elan edən yol hərəkəti əməkdaşı tərəfindən şəxsən verilmiş, nə də sifarişli poçtla çatdırılmışdır. Avqust ayının 7-sində Daxili İşlər Nazirliyinə çağırılmış və orada qanunsuz olaraq tərtib olunmuş qərar bir daha qanunvericiliyin tələblərini pozmaqla mənə təqdim olunmuşdur. Bütün bunlara baxmayaraq internet vasitəsilə qarşı tərəfə (Şikayət edilənə) şikayətini çatdırmışdır.

3. Şikayət edilən tərəfindən inzibati xəta haqqında iş üzrə şikayətə baxılma qaydaları pozulmuşdur. Belə ki, Məcəllənin 126.2-ci və 126.3-cü maddələrinə əsasən, müvafiq yuxarı orqan şikayət olunmuş iş üzrə araşdırma apararaq qərar qəbul edir və bu qərarları AYNA informasiya sisteminə yerləşdirməli, həmçinin bu barədə şikayət verən şəxsə Məcəllənin 125.2-ci maddəsinə uyğun olaraq məlumat verməlidir. Şikayət edilən isə şikayəti üzrə apardığı müvafiq araşdırma barədə qərar qəbul etməmiş və onu qanunvericiliyin tələbinə uyğun olaraq AYNA sisteminə yerləşdirməmişdir. Şikayət edilən 10 iyul 2024-cü il tarixində elektron poçt ünvanına sadəcə cavab məktubu göndərmiş və bu məktubda mənimlə "dəfələrlə əlaqə saxlamağa çalışdığını” iddia etmişdir, halbuki, onunla heç bir formada əlaqə saxlanılmamışdır. Bundan əlavə qanunvericiliyin müvafiq tələbinə əsasən araşdırma barədə qərar qəbul edilməli, bu qərar isǝ AYNA informasiya sisteminə yerləşdirilməli, həmçinin bu barədə Məcəllənin tələblərinə uyğun olaraq ona məlumat verilməli idi. Bununla da, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48, 61, 75-ci maddələrinin tələblərinə əsasən Məhkəmədən Müvafiq yol patrul xidməti əməkdaşının və şikayət edilənin hərəkətləri inzibati icraatın pozuntusu kimi qiymətləndirilməsi, ona tətbiq edilmiş inzibati xəta, bu xəta üzrə qanunsuz qərar və bununla bağlı bütün cərimə və peniyalar ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə və şikayət vermiş X2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə və şikayətçi məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİNin BDYPİ-nin İİİ tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 29 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmənin təşəbbüsü ilə əldə edilmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 21 avqust 2024-cü il tarixdə şikayətçi X2 ünvanlanmış məktubda göstərilmişdir ki, şikayətçinin əməlində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı təsdiqlənmiş, xidməti fəaliyyətində inzibati qanunvericiliyin tələblərini pozduğuna görə yol-patrul xidməti əməkdaşı ciddi xəbərdar olunmuşdur. Göründüyü kimi eyni fakt üzrə inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 53.1.7. maddəsinin tələbindən aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının bərpa edildiyindən başlanmış icraata isə xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: X3 tərəfindən, barəsində qəbul edilmiş 29 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar