Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2510/2024 09.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, 2024-cü ilin may ayı ərzində "Qarabağ və X2 rayonlarına giriş" informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə iş icazəsi Şəxs ASC tərəfindən alınmış Şahid3, Şahid1, Şahid2 adına Nazirliyin "Əmək və məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsinin olmadığı aşkar edilmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş ƏƏSMN yanında X1 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X3 protokolu müdafiə edərək bildirdi ki, 2024-cü ilin may ayı ərzində "Qarabağ və X2 rayonlarına giriş" informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə iş icazəsi Şəxs ASC tərəfindən alınmış Şahid3, Şahid1, Şahid2 adına Nazirliyin "Əmək və məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsinin olmadığı aşkar edilmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq hüquqi şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Ərizəsinə uyğun olaraq isə qeyd etmişdir ki, nə qədər ki, icazələri alınmış işçilərlə hüquqi şəxs arasında qüvvədə olan əmək müqaviləsi mövcud deyil, həmin şəxslərin məlumatları müvafiq sistemə onlar tərəfindən daxil edilə bilməzdi. Hüquqi şəxsin nümayəndəsi və vəkili tərəfindən təqdim olunmuş üzrxahlıq məktubunu nəzərə alaraq, törədilmiş inzibati xətanın üzrlü hesab edilməsini məqsədəmüvafiq saymır. Məhkəmə iclaslarında iştirak edən Şəxs ASC-nin vəkili Vəkil bildirdi ki, inzibati xəta hadisəsi olmadığı səbəbindən bu inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs ASC ölkənin ən böyük şirkətlərindən biri olaraq həmişə qanunvericiliyin tələblərinə və öz işgüzar nüfuzuna xüsusi diqqətlə yanaşmaqdadır. Qarabağ və X2 rayonlarında aparılan tikinti və quruculuq işləri ilə əlaqədar “Cengiz İnşaat Sanayi ve Ticaret A.Ş.” Azərbaycan filialı və Kalyon İnşaat Azərbaycan şirkəti Şəxs ASC-dən sement sifariş etmişlər. Lakin, Şəxs ASC daşıma ilə məşğul olmadığından, mallarını daşıma şirkətlərinin vasitəsi ilə rəsmi müqavilə bağlamaqla müştərilərinə çatdırır. Həmin regiona da Şəxs ASC "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə müqavilə bağlayaraq sementləri onların vasitəsilə “Cengiz İnşaat Sanayi ve Ticaret A.Ş.” Azərbaycan filialı və Kalyon İnşaat Azərbaycan şirkətinə göndərmişdir. Sementlərin çatdırılmasını bilavasitə "xxxx" MMC-nin sürücüsü Şahid3, "xxxx" MMC-nin sürücüsü Şahid2 və "xxxx" MMC-nin sürücüsü Şahid1 həyata keçirmişlər. Lakin, “Cengiz İnşaat Sanayi ve Ticaret A.Ş.” Azərbaycan filialı və Kalyon İnşaat Azərbaycan şirkətləri həmin şəxslərin Qarabağ və X2 rayonlarına girişlərinin təmin edilməsi məqsədilə “icazə üçün müraciət edən müəssisənin adı” qrafasında səhvən Şəxs ASC yazmışlar. Şəxs ASC-nin sözügedən elektron giriş informasiya sisteminə icazələrin alınması məqsədilə müraciətlərin edilməsi səlahiyyəti olmamışdır. Bu barədə “Cengiz İnşaat Sanayi ve Ticaret A.Ş.” Azərbaycan filialı tərəfindən təqdim edilmiş məktubda qeyd edilmişdir. Beləliklə də, Şəxs ASC və onun vəzifəli şəxsi daşıma şirkətinə görə məsuliyyət daşımır və daşıya da bilməz. Odur ki, Şahid1, Şahid3 və Şahid2 ümumiyyətlə Şəxs ASC ilə heç bir əlaqəsi olmadığından Şəxs ASC-nin onlarla əmək müqaviləsi bağlamadığına görə inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilənləri nəzərə alaraq hüquqi şəxs barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş "xxxx" MMC-nin hüquqşünası və nümayəndəsi Şahid4 bildirdi ki, Şəxs ASC ilə təmsil etdiyi "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdən etibarən yükün daşınması üzrə xidmət müqaviləsi bağlanmaqla işgüzar münasibətlər yaranmışdır. Lakin hazırki iş üzrə səlahiyyətli orqanın tərtib etmiş olduğu protokolda adı qeyd olunmuş Şahid2 ilə "xxxx" MMC arasındakı əmək münasibətlərinə xx.xx.2023-cü il tarixdən xitam verilmiş, həmin şəxs barədə sonradan heç bir məlumatları olmamışdır. Eləcə də cari il üzrə sonuncuya hər hansı daşınma işi "xxxx" MMC tərəfindən həvalə olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 2024-cü ilin may ayı ərzində "Qarabağ və X2 rayonlarına giriş" informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə iş icazəsi Şəxs ASC tərəfindən alınmış Şahid3, Şahid1, Şahid2 adına Nazirliyin "Əmək və məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsinin olmadığı aşkar edilmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan yük daşınması üzrə xidmət müqavilələrindən görünür ki, həmin müqavilələr Şəxs ASC daşıyıcı şirkət olan "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bağlanmışdır. İş materiallarında olan ƏMAS sistemindən Şahid3 barəsində xx.xx.2023-cü il tarixdə çap olunmuş əmək müqaviləsi bildirişində onun "xxxx" MMC-də yükdaşıyan sürücü vəzifəsində xx.xx.2023-cü il tarixdə işə başladığı qeyd edilir. Müqavilənin müddətsiz bağlandığı göstərilmişdir. İş materiallarında olan ƏMAS sistemindən Şahid1 barəsində xx.xx.2023-cü il tarixdə çap olunmuş əmək müqaviləsi bildirişində onun "xxxx" MMC-də yükdaşıyan sürücü vəzifəsində müddətsiz olaraq işə başlama tarixi xx.xx.2023-cü il qeyd edilir. Lakin, AZEMİS-in şəxsin gəlir məlumatları bölməsindən əldə olunmuş məlumatdan görünür ki, o, hazırda "xxxx" MMC-də yükdaşıyan sürücü vəzifəsində çalışır. İş materiallarında olan Şahid2 barəsində ƏMAS sistemindən əldə olunmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Qarabağ və X2 rayonlarına giriş etmələri barədə icazələri alınmış Şahid3, Şahid1, Şahid2 təqdim olunmuş əmək müqavilələri üzrə iş yerlərində hazırda fəaliyyətlərinə davam etmələrini dəqiqləşdirmək məqsədilə AZEMİS-in şəxsin gəlir məlumatları bölməsinə də baxış keçirilmiş, həmçinin onların hər üçü və təqdim olunmuş xidmət müqavilələri üzrə hüquqi şəxslərin nümayəndələri məhkəmə iclasına dəvət olunmuşlar. Şahid1 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamış lakin, AZEMİS-in şəxsin gəlir məlumatları bölməsindən əldə olunmuş məlumatdan onun "xxxx" MMC-də işlədiyi müəyyən olunmuşdur. "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak edərək Şahid2 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyini, onun hər hansı daşıma həyata keçirməsi üçün Şəxs ASC-yə işçi kimi təqdim edilmədiyini və onunla bağlı alınmış icazədən məlumatsız olduqlarını qeyd etmişdir. İnzibati xəta haqqında iş üzrə digər maraqlı şəxslərin məhkəmə iclasında iştiraklarının təmin edilməsi isə mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şahid2 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən etibarən xitam verilməsinə baxmayaraq, o, əmək müqaviləsi olmadan Şəxs ASC tərəfindən xx.xx.2024-cü il tarixdə məhsulun daşınması üzrə işlərə cəlb edilmişdir. Şahid3 ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə bağlı bildiriş mövcud olsa da həmin bildirişin xx.xx.2023-cü il tarixdə çap edildiyi müəyyən olunmuş, AZEMİS-in şəxsin gəlir məlumatları bölməsindən və ya digər sənədlərdən onun hazırda həmin yerdə işləyib-işləmədiyini müəyyən etmək mümkün olmamışdır. X1 Xidmətinin informasiya sistemindən əldə olunmuş və məhkəməyə təqdim olunmuş sənəddə işğaldan azad olunmuş ərazilərə xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək həmin şəxslərin daxil olmaları ilə bağlı müvafiq icazənin məhz Şəxs ASC tərəfindən alındığı müəyyən olunur. Bundan əlavə, Şəxs ASC-nin xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixli yükün daşınması ilə bağlı xidmət müqavilələri mövcud olsa da, nə Şahid2, nə də Şahid3 hazırkı vaxtda xidmət müqavilələri bağlanmış "xxxx" MMC, "xxxx" MMC və ya "xxxx" MMC-nin həqiqətən işçiləri olub-olmadığını, əmək münasibətinə dair aidiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.2-ci əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.1.), hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.2.), hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.3.), bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.4) tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12-ci maddəsinin h bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Beləliklə, Şəxs ASC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb edilməsi halı öz təsdiqini tapır. Şəxs ASC işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə üzərinə qoyulmuş vəzifələrə əməl etməmiş və bununla da inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 48-51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC (VÖEN: **********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2510/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2510/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver