Məhkəmə qərarları › İş №3(002)-2519/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2519/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2519/2024 04.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 23178476 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 23178476 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli EQ 23178476 saylı elektron qərarı əsasında X2 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 80 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, etibarnamə ilə idarə etdiyi "X4" markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan qəsəbəsi Binə ticarət mərkəzinin qarşısında həyat yoldaşını idarə etdiyi avtomobilinə mindirərkən avtomobilin şəklini çəkmişlər. Həmin vaxt X2 yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmamış və avtomobili orada saxlamamışdır. Yalnız avtomobilini müvəqqəti saxlayıb sərnişin götürmüşdür. Avtomobil dayanmamış və hərəkətdə olmuşdur. Heç bir dayanma qaydası pozulmamışdır. Göstərilənləri nəzərə alaraq, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 23178476 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 23178476 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ 23178476 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin F7B6ED3749AAF765 saylı kamerası ilə Lökbatan qəsəbəsi Binə ticarət mərkəzi ərazisində çəkilmiş görüntüdən aydın olur ki, həmin vaxt X2 yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmamış və avtomobilii orada saxlamamışdır. Yalnız avtomobilini müvəqqəti saxlayıb sərnişin götürmüşdür. Avtomobil dayanmamış və hərəkətdə olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 idarə etdiyi "X4" markalı **- UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin minir və maşın hərəkətdədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Yol hərəkəti haqqında qanunun 1-ci maddəsinin 29-cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması – adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsi, 30-cu bəndinə əsasən məcburi dayanma – texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılması, 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması – əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, X2 tərəfindən dayanma və ya durma qaydaları pozulmamışdır. Həmin vaxt X2 yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmamış və avtomobilii orada saxlamamışdır. Yalnız avtomobilini müvəqqəti saxlayıb sərnişin götürmüşdür. Avtomobil dayanmamış və hərəkətdə olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarda nəzərdə tutulmuş 346.4-cü maddəsi ilə inzibati xətanın törədilməsi halı sübuta yetirilmədiyindən o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu səbəbdən X2 barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23178476 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələblərinə əsasən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 23178476 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar