Məhkəmə qərarları › İş №3(002)-2523/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2523/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2523/2025 25.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X17, X1 hüquqi varisi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1977-ci ildə Cəbrayıl rayonunun Maralyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli, orta təhsilli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində qəzabərpa işləri üzrə çilingər işləyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid , ev 11, mənzil 57 yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X24, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-5140/2017 saylı, xx.xx.2017ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə bağlı icra sənədini icra etmədiyinə və icra məmurunun qanuni tələblərini icra etməkdən imtina etdiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X24 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-5140/2017 saylı, 25 sentyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər X5, X25, Şəxs, X12 və X8 azyaşlı uşaqları X20, X21, X22 və X23 ilə birgə Bakı şəhəri, Qaradağ ayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 saylı evin 57 saylı mənzilindən əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, 06 noyabr 2017-ci il tarixdə qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Cavabdeh Şəxs bu günədək icra sənədinin tələbini təmin etməmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. İşlədiyi Azərbaycan Dövlət Su Ehtiyatları agentliyinə müraciət edilərək borclunun icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Şəxs və onun ailə üzvlərinə Qaçqınların və X15 Üzrə Dövlət Komitəsi tərəfindən rəsmi qaydada Biləsuvar rayonunda mənzillər təklif edilsə də, o köçməkdən imtina etmişdir. Borclunun izahatı alınarkən əvvəlcə izahat verməkdən imtina etmiş, sonradan izahat verərək köçməyə yerlərinin olmadığını öz torpaqlarına köçürüləcəkləri təqdirdə evdən çıxacaqlarını bildirmişdir. Bütün bu qeyd etdiklərinə əsasən borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 25 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Odur ki, borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın hüquqi varisi X13 evinin boşaldılaraq ona verilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki özü və ailə üzvləri uzun müddətdir ki evsiz qalmışlar. Odur ki, bu barədə tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında işi Bakıda olduğu və övladı tələbə olduğu üçün Bakı şəhərindən kənara çıxa bilmədiklərini qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, halhazırda Cəbrayıl rayonunun Aşağı Maralyan kəndində tikinti-bərpa işləri gedir, orada mənzillər hazır olduqdan sonra həmin yerə köçəcəklər. Odur ki, barəsində tədbir görülməməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki Şəxs icra sənədindən xəbəri olmaqla icra sənədini icra etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatı, inzibati xəta haqqında tərtib edilmiş 25 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Belə ki, Qaçqınların və X15 Üzrə Dövlət Komitəsinin Müvəqqəti məskunlaşma komissiyasının sədri Fuad Hüseynov tərəfindən Qaradağ rayon İcra Şöbəsinin rəisi, ədliyyə müşaviri Azər Paşayevə ünvanladığı 27 may 2025-ci il tarixli 315509/2017-34-5 saylı məktubunda göstərilir ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli 2(002)- 5140/2017 saylı icra vərəqinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595-də yerləşən 11 saylı evin X11 məxsus 57 nömrəli mənzilində məskunlaşan məcburi köçkünlər - X2, X18, Şəxs, X9 və X3 başqa yaşayış sahəsi ilə təmin edilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətinizə, Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Bildiririk ki, Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən məcburi köçkün X6 övladı Şəxs, gəlini X25, övladı X12 və gəlini X8 ilə birgə cəmi 9 nəfər olmaqla sözügedən ünvanda müvəqqəti məskunlaşmışdır. Nəzərinizə çatdırırıq ki, məhkəmə qətnaməsinin icra olunması ilə əlaqədar X13 tərəfindən ona məxsus mənzilin boşaldılıb özünə geri təhvil verilməsi tələbi ilə bağlı müraciətlərini nəzərə alaraq, sözügedən ünvanda məskunlaşan məcburi köçkün X4 övladı X9 ailə üzvləri ilə birgə cəmi 5 nəfər olmaqla dövlət tərəfindən 20 iyun 2025-ci il tarixdə Komitənin hazırda olan boş mənzil fondundan, məcburi köçkünlər üçün salınmış Biləsuvar rayonunda 2 saylı qəsəbədə 12 sot həyətyanı sahəsi olan 20 nömrəli 3 otaqlı fərdi yaşayış evi ilə, həmçinin digər övladı Şəxs ailə üzvləri ilə birgə cəmi 4 nəfər olmaqla Biləsuvar rayonunda 2 saylı qəsəbədə 12 sot həyətyanı sahəsi olan 114 nömrəli 2 otaqlı fərdi yaşayış evi təklif edilmişdir. Həmin şəxslər təklif olunmuş fərdi yaşayış evlərinə köçməkdən imtina edirlər. Odur ki, məhkəmə qətnaməsinin icrasına hüquqi müstəvidə baxılması məqsədəuyğun sayılır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar