Məhkəmə qərarları › İş №3(002)-2530/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2530/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2530/2025 27.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin polis sahə inspektoru, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şossesindən Binə ticarət mərkəzi istiqamətində hərəkətdə olan yol hərəkəti qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən ona saxla əmri verilmişdir. O, avtomobili saxlamdan hərəkəti davam etdirmiş və Binə Ticarət Mərkəzinin qarşısında saxlanılmışdır. Ona törətdiyi qayda pozuntuları izah edilərkən o, tələsdiyini bildirib əməkdaşlara qarşı kobudluq etmişdir. O, aqressivliyini davam etdirib ictimai qaydanı pozduğundan, polisə tabesizlik etdiyindən şöbədən əməkdaşlar dəvət olunaraq şöbəyə aparılmışdır. Yoxlama zamanı o, narkoloji müayindən keçirilmiş və onun narkotik istifadə etməsi müəyyən edilmişdir. O, izahatı alınan zaman 5 gün əvvəl marixuana və metamfetamin istifadə etdiyini qeyd etmişdir. İctimai ərazidə ictimai qaydanı kobud surətdə pozaraq və vətəndaşların narahatlığına səbəb olmuş, polis əməkdaşlarına tabesizlik göstərmiş və onların nüfuzunu aşağı salacaq sözlərlə təhqir etmişdir. Bu səbəbdən ona təqdim olunmuş raport əsasında tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması barədə müvafiq protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib etdiyi protokolu müdafiə edir, Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü İXM-nin 510 və 535-1-ci maddələri ilə təqsirli bilmir, İXM-nin 206-cı maddəsi ilə təqsirli hesab edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi Chevrolet minik markalı avtomobillə hərəkətdə olan zaman Binə TM yaxınlıığında dairədə avtomobili saxlamışdır. Yol polisi ona yaxınlaşıb avtomobilin nömrə nişanı olmadığını bildirdikdə qazi olduğunu, Vətən Müharibəsində iştirakına görə təltif edildiyini, nənəsinin xəstə olduğunu, rayona tələsdiyini demişdir. Maşını yaxınlıqda park edib, taksi ilə yoluna davam etmək istədiyini bildirmişdir. Ona şöbəyə getməli olduğu, qısa müddətə buraxılacağı bildirildikdə qayda pozuntusu etməsini qəbul etdiyini, lakin tələsdiyindən vaxtının olmadığını, özünü rayona çatdırmalı olduğunu dedikdə yol polisi əməkdaşı onunla razılaşmadığından o, “rəisinizə deyin ki, tələsir, öləni var” deyə bildirmişdir. Polisin avtomobili özü olmadan aparmaları ilə razılaşmadıqlarını gördükdə əsəbləşmişdir. Buna görə də söyüş söyüb nalayiq ifadələr işlədərək özünü öldürəcəyini bildirmiş, onlardan məqsədlərinin nə olduğunu soruşmuşdur. Daha sonra post patrul əməkdaşları yaxınlaşdıqda onun qısa müddətə şöbəyə aparılacağını, daha sonra buraxılacağını bildirdikdə onlarla razılaşaraq şöbəyə getmiş, polisə tabesizlik etməmişdir. Narkotik istifadəsinə gəldikdə isə 5 gün əvvəl marixuana istifadə etdiyini, lakin metamfetamin qəbul etmədiyini qeyd etmişdir. Müharibə iştirakçısı olaraq iki dəfə kontuziya aldığını, əsəblərinin yerində olmadığını, özünü sakitləşdirmək üçün psixotrop maddələr qəbul etdiyini qeyd etməklə cərimə olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, bildirmişdir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuşdur. Əlilliyi olan şəxs deyildir. Tələsdiyi üçün avtomobili dövlət nömrə nişanı olmadan idarə etmiş, ödənilməyən cərimələrinə görə sürücülük hüququ məhdudlaşdırılmışdır. Ona saxla əmri verilməmiş, avtomobilini saxladıqdan beş dəqiqə sonra yol polisi ona yaxınlaşmışdır. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Səbail RPİ-nin DYPŞ üzrə yol patrul- xidməti inspektoru X7 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə səhər saatlarında saxlanılmışdır. Saxlama səbəbi idarə etdiyi avtomobilin dövlət nömrə nişanın və ön buferinin olmaması, sürücünün avtomobili yüksək sürətlə idarə etməsi olmuşdur. Dövlət Nömrə nişanın olub-olmamasını soruşduqda avtomobilin baqajından avtomobil nömrəsini çıxarmış, həmin nömrə nişanın da yararsız olması məyyən edilmişdir. Sistemdə yoxlama zamanı sürücülük hüququna da məhdudiyyət qoyulması, etibarnaməsi olmadan avtomobili idarə etdiyi məlum olmuşdur. Sürücüyə avtomobilin cərimə meydançasına təmin oluncağı bildirildikdə sürücü etiraz edərək buna imkan verməyəcəyini, nənəsinin xəstə olduğunu, rayona tələsdiyini, mütləq getməli olduğunu, müharibədə döyüşdüyünü, kontuziya aldığını, özündə olmadığını, əsəbləşdiyini bildirmişdir. Hadisə yerinə baş inspektor da yaxınlaşdıqda sürücü söyüşlər söyməyə başlamış, səs küy salmaqla ətrafdakı insanların narahatlığına səbəb olmuşdur. Sürücünü dəfələrlə nizam-intizama dəvət etməsinə baxmayaraq o, tabesizlik göstərmişdir. Bundan sonra növbətçi hissəyə məlumat verilmişdir. Ona təmkinli olması, şöbəyə getməli olduğu bildirilsə də o, özünə xəsarət yetirəcəyini, şöbəyə bomba qoyacağını, avtomobilinə od vurub yandıracağını bildirib, nalayiq ifadələr işlətmişdir. Sürücü tabesizlik göstərdiyindən 10-cu Polis Şöbəsinin əməkdaşları çağırılaraq şöbəyə təmin edilmişdir. O, polis əməkdaşlarına qarşı tabesizlik göstərmiş və polisin nüfuzunu aşağı salacaq sözlərlə təhqir etmiş, ictimai yerdə insanların dincliyinin pozulmasına səbəb olmuşdur. Suallara cavab olaraq bildirdi ki, sürücünün Salyan şossesində hərəkətdə olarkən idarə etdiyi avtomobilinin dövlət nömrə nişanın olmadığını müəyyən etmiş, yüksək sürətlə hərəkətdə olduğundan saxlanılması mümkün olmamış, Binə TM-nin yaxınlığında dairədə sonuncu özü avtomobilini saxladıqdan sonra ona yaxınlaşaraq törətdiyi qayda pozuntuları bildirilmişdir. Bort-kompyuterdə yoxlama zamanı avtomobili etibarnaməsiz idarə etməsi, həmçinin ödənilməyən cərimələrə görə üzərinə həbs qoyulması, həmin avtomobilin mühafizə duracağına təmin edilməsi barədə qeydin olduğunu müəyyən edilmişdir. Vətəndaşı buraxmaq niyyətində olsalar da o, avtomobilinin duracağa təmin edilməsinə icazə verməyəcəyini bildimiş, avtomobilini apardıqları halda avtomobili od vurub yandıracağını demişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Əsgərov X2 Yunus Mustafa oğlu hərəkətlərində İXM-nin 535.1 və 510-cu maddələrinin tərkidbi olmadığından həmin hissədə icraata xitam verilməsini, İXM-nin 206-cı maddəsi ilə vətən müharibəsində iştirakını nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş videogörüntülərə baxış keçirərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialında olan Səbail RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı Tural Nəsirov tərəfindən Qaradağ RPİ-nin 10-cu PŞ-nin rəisi, polis polkovnikleytenantı Rafail Tağıyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 08:20-də radələrində Səbail rayonu, Salyan şossesində Chevrolet markalı avtomobili ön bamberi, dövlət nömrə nişanı olmadığından, həmçinin əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydası pozduğu üçün tərəfindən saxla əmri verilməsinə məhəl qoymayaraq Qaradağ rayonu istiqamətində hərəkətini davam etdirmiş və Binə Ticarət Mərkəzinin qarşısında saxlamışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim etmişdir. Törətdiyi qayda pozuntuları bildirildikdə sürücü “mən qaziyəm, həmişə belə sürmüşəm və belə sürəcəm” deyə bildirmişdir. Ad və soyadını öyrənib portalda s/v-ni yoxladıqda s/V –nin məhrum olduğu, avtomobilinin nömrəsinin birinin arxa yük hissəsində olduğu və yararsız halda **-YJ-*** dövlət nömrə nişanı olduğu məlum olmuşdur. Sürücünün avtomobili etibarnaməsiz idarə etməsi məlum olmuşdur. Sürücü Şəxs onunla yüksək səslə qışqıraraq “avtomobilimi cərimə meydançasına apara bilməzsiniz əks halda sizin başınıza oyun açaram, özümü doğrayaram, boğazını göstərərək bax doğramışam, sizin idarənizə bomba qoyaram, maşını apara bilməzsiniz, od vurub özümü yandıraram, sınıq-sınıq edərəm” deyə səs küy salmışdır. Dəfələrlə təmkinli olmağa, nizam-intizama dəvət edilməsinə baxmayaraq o, hərəkətlərini davam etdirib ictimai qaydanı pozmaqla söyüşlər söyərək özünə xəsarətlər yerinə yetirəcəyini bildirmişdir. Şəxs ictimai qaydanı pozduğuna, hərəkətlərinə son qoyması barədə tələblərə tabe olmayaraq qəsdən tabesizlik göstərdiyindən 10-cu Polis Şöbəsinin əməliyyat qrupu əraziyə dəvət olunmuş, 10-cu polis şöbəsinin əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir. Şəxs qanunsuz hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozmaqla, polis işçilərinə qarşı tabesizlik göstərmişdir. Odur ki, polisin qanuni tələbini yerinə yetirmədiyinə və xidməti fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər etdiyinə görə Şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materialında olan xx.xx.2025-ci il MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2025-cü il tarixdə Binə Ticarət Mərkəzi yaxınlığında YPX əməkdaşı tərəfindən saxlanılarkən ictimai qaydanı pozub səs-küy salaraq xırda xuliqanlıq etmiş, polis əməkdaşı onu nizam-intizama dəvət edərəkən polisin qanuni tələbini pozaraq polisə tabesizlik göstərmiş, yoxlama zamanı onun təxminən 5 gün əvvəl marixuana və metamfetamin istifadə etməsi müəyyən edilmişdir. Şəxs qanunsuz hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozmaqla, polis işçilərinə qarşı tabesizlik göstərmiş, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istehlak etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materialında olan Şəxs yazılı izahatına əsasən müəyyən edilir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 08:20 radələrində Səbail rayonu, Salyan şossesində Chevrolet minik markalı avtomobillə hərəkətdə olarkən YPX əmədaşı tərəfindən saxla əmri verilmişdir. Saxlama səbəbini soruşduqda avtomobilin dövlət nömrə nişanının olmadığı və qanun pozuntusu törətdiyi bildirildiyində əsəbi olduğu üçün YPX əməşdaşı ilə kobud danışmışdır. Buna səbəb nənəsinin vəziyyətinin ağır olmasını eşitməsi, ora tələsməsi olmuşdur. Pols tərəfindən əlavə qüvvə çağırılıdıqda səhhətində problem olduğu üçün yuxarıda qeyd etdiyi kimi nənəsinin vəziyyətinin pisləşdiyini eşidib ora tələsdiyi üçün şöbəyə getmək istəməmişdir. Polis əməkdaşları onu 5-10 dəqiqəlik şöbəyə gedib daha sonra buraxılacağını bildirib şöbəyə aparmışdırlar. Təxminən 5 gün bundan əvvəl marixuana qəbul etmdiyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2025-ci tarixli, İXP seriyalı, ******* saylı protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə, sat 09:39 radələrində Bakı-Ələt-Qazax- Gürcüstan yolunun 15 km-liyində X8 markalı, 77YJ467 nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7, 342.5, 327.2, 332.1, 332.3-cü maddələrinin tələblərinin pozulması halına yol verdiyindən onun barəsində Səbail rayon DYPŞ tərəfindən həmin maddələrlə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2025-ci tarixli aktdan görünür ki, Şəxs tərəfindən idarə olunan X8 markalı, 77YJ467 nömrə nişanlı avtomobil 18 saylı cərimə meydançasına yerləşdirilmişdir. İş materialında 01 ədəd CD diskə əlavə olunmuş görüntülərdən aydın olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Binə Ticarət Mərkəzi yaxınlığında polis əməkdaşlarına hücum çəkir, onlara tabesizlik nümayiş etdirir, onun bu hərəkətlərindən ətrafa xeyli insanlar toplaşır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi Ambulator X1 ekspertizasının xx.xx.2025-ci il tarixli, 74355 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X3 vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında xx.xx.2025-ci il tarixli, 4307 nömrəli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsində Ambulator məcburi X9 zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində MET (+),PGB (+), THC (+) aşkar edilmişdir. Azemisdən əldə olunmuş məlumatdan görünür ki, Şəxs vətənmüharibəsi iştirakçısıdır və 80 manat müavinət alır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Binə Ticarət Mərkəzi yaxınlığında törətmiş olduğu yol hərəkəti qayda pozuntularına görə YPX əməkdaşı tərəfindən saxlanılan zaman insanların sıx olduğu ictimai ərazidə söyüşlər söyüb səs-küy salaraq ictimai qaydanı kobud surətdə pozmuş və qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan, onu nizam-intizama dəvət edən polis əməkdaşlarına tabesizlik göstərmiş, həmçinin araşdırma zamanı narkoloji müayinə nəticəsində qanunsuz narkotik vasitə və psixotrop maddə istehlak etməsi təsdiq olunmuşdur. Polis əməkdaşlarına qarşı olan hərəkətləri nəticəsində həmin vaxt ərazidə olan şəxslərin narahatlığına səbəb olmuş, ictimai qayda pozulmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün və şahidin məhkəmə iclasında verdiyi ifadə və digər iş materialları ilə onun ictimai qaydanı pozması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi və bununla da, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin qanunsuz narkotik vasitə və psixotrop maddə istehlak etməsi, bununla da, həmin Məcəllənin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 206, 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs Vətən Müharibəsi iştirakçısı olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən səlahiyyətli şəxsin hüquqazidd hərəkəti dayandırmağı tələb etməsinə baxmayaraq, Şəxs tərəfindən həmin hərəkətləri davam etdirməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri aşağı həddə tətbiq edilməli, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzində mühafizə altında saxlanılmalı, həbs müddətinin başa çatdığı gün Mərkəzin nümayəndəsi tərəfindən ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməli və məcburi müalicənin icrasına nəzarət Bakı Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, narkomaniya cəmiyyətin ciddi bəlasına çevrilmiş, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqdadır. Həmçinin narkomaniya sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, bu halda cəmiyyətin maraqları narkotik vasitələrin dövriyyəsi və istehlakı ilə bağlı cinayət və ya inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin azadlıq hüququndan üstündür. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 27 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, iş üzrə 01 ədəd disk iş materiallarına əlavə edilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 11 (on bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 27 noyabr 2025-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Məcburi müalicənin icrasına nəzarət yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə 01 ədəd disk iş materiallarına əlavə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 11 (on bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar