Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2533/2025 24.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 Şəxs nümayəndəsi, Vəkil iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı, ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixədək işçilərin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı DƏMX-nin xx.xx.2025-ci il tarixli 3-17-5/2-A-68060/2025 nömrəli icrası məcburi olan göstərişin əməl edilməməsinə görə inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin səlahiyyətli nümayəndəsi X3 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuldək müəyyən edilmişdir. Lakin DƏMX tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron iformasiya sistemi üzərindən aparılmış təhlillər zamanı Şəxs MMC tərəfindən 34 (otuz dörd) sayda qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilmədiyi müəyyən olunmuşdur. Həmçinin 3 (üç) iş günü ərzində törədilmiş hüquq pozuntularının aradan qaldırılması tələb edilsə də, tələbə əməl edilməmişdir. X2 Xidmətinin səlahiyyətli nümayəndəsi X3 məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Şəxs MMC iddia etdiyi telefonlardan sadəcə biri ilə bütün işçilərin elektron imzasını qeydiyyatdan keçirə bilər və əmək müqaviəsini SİMA ilə imzalanmasına şərait yarada bilər. Odur ki, hüquqi şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, qeyd olunan Qərarın icrası 3 subyekt tərəfindən birgə həyata keçirilməlidir ki, işəgötürən tərəfindən bütün zəruri məlumatlar elektron şəkildə sistemə yüklənməli, işçi tərəfindən ona aid hissələr üzrə məlumatlar SİMA rəqəmsal imza ilə imzalanmalı,“E-sosial” sisteminin “Əmək və məşğulluq altsistemində (ƏMAS) həmin məlumatlar qəbul edilərək yerləşdirilməlidir. MMC və onun vəzifəli şəxsi tərəfindən üzərinə düşən öhdəliklər tam həcmdə yerinə yetirilmiş, işçilərin əmək müqavilələri Qərarın icrasına uyğun olaraq ƏMASa bu məlumatların işəgötürən tərəfindən daxil edilməsini qəbul etmir, işçinin də nə vaxtsa daxil edilmiş və bu MMC tərəfindən elektron imza ilə təsdiq olunmuşdur. Lakin sistem kağız daşıyıcıda imzalanmış əmək müqaviləsini elektron əmək müqaviləsində də İmzalamağı tələb edir. Bu halda, Qərarın icra mexanizmində problemlər ortaya çıxır. Belə ki, qərarın icrası işçidən elektron imzaya malik olmasını tələb edir. Həmin imzanin indiki halda "xxxx" elektron imzanın əldə olunması üçün 2 şərt tələb olunur. Birincisi işçinin öz adına rəsmiləşdirilmiş mobil telefon nömrəsi (simkart) olmalı, ikincisi işçinin hamin simkartı daxil etdiyi telefonun texniki parametrləri ona "xxxx" elektron imza platformasını yükləməyə imkan verməlidir. MMC-nin əmək müqaviləsi elektron formata keçməyən işçilərin də məhz bu problemlərdən biri və ya hər ikisi yaşanır. Belə ki, bir sıra işçilərdə simkartlar digər şəxslərin (əsasən qohumlarının) adına rasmiləşdirildiyindən "xxxx" rəqəmsal imza proqramı həmin nömrəyə yüklənmir və sistem simkartın işçinin adına (FİN koduna) uyğun olmadığı üçün imzanı rəsmiləşdirməkdən imtina edir. Digər tərəfdən, həmin şəxslər dənizçilərdir, dənizdə çətin əmək şəraitində işləyirlər və bir çoxunda telefonlar köhnə tipli, hətta düyməlidir və bu telefonlara "xxxx" rəqəmsal imza proqramı texniki parametrləri imkan vermədiyi üçün yüklənmir. Bu səbəblərdən işəgötürən tərəfindən digər bütün işçilərin müqavilələri tərəflərin hər ikisinin imzası ilə ƏMAS-a daxil edilsə də, qeyd olunan işçilərin müqavilələrinin işçilər tərəfindən elektron imzalanması mümkün olmamışdır. Göstərilən Qərarda onun icrası üçün müddət yalnız işəgötürən barədə nəzərdə tutulmuşdur və işçinin üzərinə qərarın icrası üzrə öhdəlik qoyulmamışdır. Ona görə də işçi barəsində inzibati tənbeh tətbirinin görülməsi mümkün deyil. Digər tərəfdən, işəgötürənin İşçinin bu öhdəliyi yerinə yetirməsini məcburətmə mexanizmi də yoxdur. Belə ki, qeyd olunan elektron imzanın işçi tərəfindən əldə edilməsi üçün işəgötürən faktiki olaraq işçidən əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olmayan öhdəliyin icrasını tələb etməlidir, bu da qanunsuz hesab edilmiş olur. Həmin tələblər işçinin əmək funksiyalarının icrası ilə əlaqədar olmadığından İşəgötürən tərəfindən bu tələbləri yerinə yetirməyən işçiyə təsir mexanizmi də əmək qanunvericiliyində nəzərdə tutulmayıb və işəgötürənin hər bir tədbiri (məsələn:hemin tələbi yerinə yetirməyincə işə buraxmamaq, maaşından vəsait tutulmaqla işçiyə məcburi smartfon aldırmaq və s.) qanunsuz olmaqla əmək qanunvericiliyi üzrə işəgötürənin məsuliyyətini yaradır. Digər tərəfdən, Qərarın icrası yalnız işəgötürəndən tələb olunduğundan, ƏMAS İnzibatçısı tərəfindən köhnə müqavilələrin yalnız işəgötürənin imzası ilə sistemə yerləşdirilməsinin mümkünlüyü nəzərdə tutulmaması, proqram təminatının qüsuru kimi qiymətləndirilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: 31 iyul 2025-ci il tarixli, 3-17-5/2-A-68060/2025 nömrəli məktubdan görünür ki, icrası iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyualdək müəyyən edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələsinə Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixədək əməl edilmədiyindən 3 iş günü ərzində hüquqpozmanın aradan qaldırılması yanında X2 Xidməti tərəfindən tələb olunmuş, əks halda hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyinə dair xəbərdarlıq edilmişdir. 11 sentyabr 2025-ci il tarixli, 3-17-5/2-8/656/2025 nömrəli məktubdan görünür ki, Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılmış təhlillər zamanı Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixi üzrə 25 sayda qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilmədiyi müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasını müəyyən etmək məqsədilə hüuqi şəxs xx.xx.2025-i il tarixdə saat 12:00da X2 Xidmətinə dəvət olunmuşdur. Poçt izləmələri sənədlərindən görünür ki, xx.xx.2025-ci il tarixli məktub xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixli məktub xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin hüquqi ünvanına çatdırılmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada təhbeh edilməlidir. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli 425 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək müəyyən edilmişdir. Şəxs tərəfindən 24 işçiyə münasibətdə Qərar icra edilməmişdir. Buna səbəb olaraq məhkəmə iclasında iştirak edən hüquqi şəxsin nümayəndəsi göstərmişdir ki, həmin işçilər dənizdə fəaliyyət göstərdikklərindən, eyni zamanda onlarla kağız daşıyıcı üzərində bağlanmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi üçün “smart” telefonlarının olmaması səbəbindən mümkün olmamışdır. Lakin, nümayəndə əsas gətirdiyi hallarla bağlı, işçilərin Xidmət tərəfindən Qərarın icrası ilə bağlı verilmiş müddət ərzində dənizdə olmaları, “smart” telefonlarının olmamaları barədə faktları təqdim etməmişdir. Bu səbəbdən məhkəmə verilmiş müddət ərzində hüquqi şəxs tərəfindən qərarın icra edilməməsini laqeyd yanaşma, hüquqi şəxsin nümayəndəsinin gətirdiyi əsasları isə məsuliyyətdən yayınma kimi qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs hüquqi şəxs Şəxs MMC-yə istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 539.1-1-ci-maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 2.000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində apelyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2533/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2533/2025
24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver