Məhkəmə qərarları › İş №3(002)-2535/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2535/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2535/2024 27.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, Şəxs MMC-nin vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin 11280.00 ABŞ dolları məbləğində vəsaiti 01 avqust 2022- ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 11280.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 02 avqust 2024-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2 bildirdi ki, Şəxs MMC-nin 11280.00 ABŞ dolları məbləğində vəsaiti 01 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 11280.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 02 avqust 2024-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, inzibati xəta haqqında protokolun xx.xx.2024-cü il tarixdə tərtib edilməsinə səbəb müvəkkil bank tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Banka xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktub aidiyyəti şöbələr nəzarətdən keçdikdən sonra daxil olduğu üçün, inzibati xəta haqqında protokolun qanunvericiliklə müəyyən olunmuş müddətdə tərtib olunmamasına səbəb olmuşdur. Vaxt məhdudluğu səbəbindən 2 gün ərzində hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi zəruri idi. Həmçinin, İXM-nin 430.4-cü maddəsi ilə törədilmiş inzibati xəta İXM-nin 102.1-ci maddəsində sadlanan və əlavə inzibati araşdırılma tələb edən inzibati xətalar sırasına aid olmadığından, həmin xəta üzrə əlavə inzibati araşdırma aparılması Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətləri sırasına daxil deyildir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin vəkili Vəkil bildirdi ki, hüquqi şəxsin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib olunan zaman Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxsə heç bir məlumat verilməmişdir. Məhkəmə bildirişi əldə etdikdən sonra bu inzibati xəta haqqında protokol barədə xəbərdar olmuşdur. İnzibati xəta müəyyən edildikdən sonra protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs aşkar olunmuş xəta ilə bağlı müvafiq izahat verməsi üçün dəvət edilməmiş, ona hüquq və vəzifələri izah olunmuş müvafiq bildiriş göndərilməmişdir. Belə olduğu halda, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin nümayəndəsi onların protokolun tərtib olunması zamanı məlumatsız olmuş və onun tərtibində iştirak etməmişdir. Protokol birtərəfli qaydada tərtib edildiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahat vermək, protokolun məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından məhrum edilmişdir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş materiallarının Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsinin izahatına münasibətdə qeyd edir ki, onun göstərdiyi hallar inzibati iş üzrə material məhkəməyə daxil olduqda hazırlıq mərhələsində araşdırılmış, qeyd olunan nöqsanlarla bağlı işin geri qaytarılmasına zərurət müəyyən edilməmişdir. Bundan əlavə hüquqi şəxsin nümayəndəsi tərtib olunmuş inzibati xəta haqqında protokolda onlar tərəfindən törədilmiş kimi qeyd olunmuş inzibati xətaya münasibətdə hər hansı fikir bilmirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materialından görünür ki, müvəkkil bank təyin edilmiş Paşa Bank ASC-nin Landmark Şöbəsi tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə törətmiş olduğu inzibati xəta haqqında məlumata dair məktubu xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərmişdir. İş materialına əlavə edilmiş xəbərnamənin surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birgə xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin ünvanına göndərilmiş və həmin sənədlər xx.xx.2024-cü il tarixdə təyinat ünvanına çatdırılmışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC-nin 11280.00 ABŞ dolları məbləğində vəsaiti 01 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 11280.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 02 avqust 2024-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hüquqi şəxs həmin inzibati xətanın onun tərəfindən törədilməsini təkzib edə biləcək hər hansı sübut-sənədlər təqdim edə bilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 25%-i məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs MMC barəsində tətbiq edilməsi nəzərdə tutulan cərimənin məbləği hesablanarkən inzibati xətanın törədildiyi gün, yəni xx.xx.2024cü il tarixi üçün ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq hesablanmalıdır. Hazırki halda isə xx.xx.2024-cü il tarixinin rəsmi məzənnəsi (1 ABŞ dolları – 1,7000 manat) əsas götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 25%-i, yəni 2820 (iki min səkkiz yüz iyirmi) ABŞ dolları inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq, 4794 (dörd min yeddi yüz doxsan dörd) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar