Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2560/2025 12.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30237775 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qeydə alınmış xx.xx.2025-ci il tarixli, EQ 30237775 nömrəli qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Həmçinin inzibati xəta hadisəsinin qeydə alındığı və X1 yaşadığı yer Bakı şəhəri Qaradağ Rayonu ərazisi olduğundan F.F.Heybətovun həmin şikayətə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılması barədə vəsatət təmin edilməlidir. Eləcə də, DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ30237775 nömrəli elektron qərarı X2 gec təqdim olunduğundan, F.F.Heybətovun inzibati tənbeh vermə haqqında həmin elektron qərardan şikayət vermə müddətinin mümkün hesab edilməsi və qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizsinə uyğun izahat verərək, bildirmişdir ki, xx.xx.2025-ci il tarixində istifadəsində olan **-JB-*** dövlət qeydiyyat nişanlı DAF FTFX 105 YÜK markalı nəqliyyat vasitəsi ilə hərəkət edərkən Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən yolda elektron tərəzidən keçən zaman barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə EQ 30237775 nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir və həmin qərar üzrə 1200 manat cərimə edilmişdir. Sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İşin faktiki hallarına əsasən, guya ki, o, idarə etdiyi maşında iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəkisindən artıq yük daşımışdır. Halbuki, istifadəsində olan **-JB-*** dövlət qeydiyyat nişanlı, DAF FTFX 105 YÜK markalı nəqliyyat vasitəsi, Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən yolda eletkron tərəzidən keçən zaman nəqliyyat vasitəsinin ümumi çəkisi 40560 kq olmuşdur. Elektron tərəzidə isə səhvən 43460 kq qeyd edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsilə EQ 30237775 nömrəli inzibati tənbehvermə haqqında qərar tərtib edilmişdir. Belə ki, istifadəsində olan **-JB-*** dövlət qeydiyyat nişanlı, DAF FTFX 105 YÜK markalı nəqliyyat vasitəsi iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə 42000 nəzərdə tutulur. Yəni, ümumi çəki 42000 kq-ı aşdığı zaman elektron protokol tərtib olunmalıdır. Həmin zaman istifadəsində olan **-JB-*** dövlət qeydiyyat nişanlı, DAF FTFX 105 YÜK markalı nəqliyyat vasitəsində isə ümumi çəki 40560 kq olmuşdur. Onu da qeyd edir ki, uzun müddətdir ki, gündəlik eyni çəkidə və miqdarda yüklə hərəkət edir və artıq çəki qeydə alınmamışdır. Holcim (Azərbaycan) ASC beynəlxalq şirkətdir. Həmin şirkətin tərəzisinin “ölçmə vasitələrinin yoxlanması haqqında” qüvvədə olan şəhadətnaməsi vardır. Şəhadətnamənin surəti işə əlavə olunmuşdur. xx.xx.2025-ci il tarixində isə istifadəsində olan **-JB-*** dövlət qeydiyyat nişanlı DAF FTFX 105 YÜK markalı nəqliyyat vasitəsi ilə hərəkət edərkən isə Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində yolda elektron tərəzidən keçən zaman barəsində İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə EQ 30237775 nömrəli inzibati tənbehvermə haqqında qərar əsaslandırılmış formada tərtib edilməmiş, sübutlarla təsdiq olunmamışdır. Onu da qeyd edir ki, EQ 30237775 nömrəli inzibati tənbehvermə haqqında qərar barədə məlumatı yol polisi yolda saxlayan zaman öyrənmişdir. DYP-nə dəfələrlə şifahi müraciət etməsinə baxmayaraq inzibati tənbehvermə haqqında qərar göndərilməmişdir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin EQ 30237775 saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Famil Heybətov əlavə olaraq bildirmişdir ki, idarə etdiyi nəqliyyat vasitəsi 2 dəfə eyni yerdə elektron tərəzidən keçərkən ona cərimə yazılmışdır. DİN-nin BDYPİ-nin əvvəlki elektron qərarından məhkəməyə şikayət vermişdir. Nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə hərəkətə başlamamışdan əvvəl çəkilib 40 ton olduğu müəyyən edilmişdir. Bundan sonra nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə Səngəçal qəsəbəsindənn keçərkən elektron tərəzidə çəkisi 42 tondan yuxarı göstərilmişdir. İnzibati tənbeh tətbiq olunması ona gec məlum olmuşdur. Nəqliyyat vasitəsi şirkətin mülkiyyətindədir və onun istifadəsinə verilmişdir. Məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlar və şikayət edən şəxsin izahatına əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 30237775 nömrəli qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 15:37:17-də M-2 yolunun 47.9-cu kilometrliyində, Səngəçal qəsəbəsi, Ələt istiqamətində idarə etdiyi “DAF FTFX 105 YÜK" markalı “**-JB-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında təkrar idarə etdiyinə görə, yəni Azərbaycan Respublikasının İXM-nin 353.2-ci maddəsndə nəzərdə tutulan xətanının il ərzində inzibati tənbeh almış şəxs olaraq təkrar törətdiyinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. “DAF FTFX 105 YÜK" markalı “**-JB-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin maksimum kütlə parametri 40 ton olsa da, xx.xx.2025-ci il tarixdə saat 15:37:17-də nəqliyyat vasitəsi M-2 yolunun 47.9-cu kilometrliyində quraşdırılan avtomobil tərəzisindən keçərkən daşıdığı yüklə birlikdə faktiki çəkisi 43460 kq olmuşdur. X1 təqdim etdiyi yük nəqliyyat qaiməsindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:16-da nəqliyyat vasitəsi elektron tərəzidə ölçülərək çəkisi 40,56 kiloqram olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş Kalibrləmə sertifikatından görünür ki, HOLCİM (Azərbaycan) ASC-nə məxsus avtomobil tərəzisinin xx.xx.2025-ci il tarixdə kalibrlənməsi aparılmışdır və növbəti kalibrlənmə tarixi xx.xx.2026-cı ildir. AE seriyalı 045377 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək qüvvədədir. AD seriyalı 779774 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAF FTFX 105 YÜK" markalı “**-JB-***” dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, xx.xx.2025ci il tarixdə saat 15:37:17-də “**-JB-***” dövlət qeydiyyat nişanlı “DAF FTFX 105 YÜK" markalı nəqliyyat vasitəsinin daşıdığı yük avtomobillə birlikdə 42 tondan yüksəkdir. X3 tərəfindən “DAF FTFX 105 YÜK” markalı nəqliyyat vasitəsi “**-JB-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həmin şəxsin dediyinə görə, yük doldurulan yerdə avtomobilin yüklə birlikdə çəkisinin ölçülməsi barədə sənəd təqdim edilsə də həmin sənəd sübut kimi qəbul edilə bilməz. Çünki nəqliyyat vasitəsi “Holcim (Azərbaycan)” ASC-yə məxsus avtomobil tərəzisində ölçülməmişdən əvvəl və ölçüldükdən sonra avtomobildə olan yükə hər hansı müdaxilə edilməsi, yükün çəkisini azaldılması mümkündür. Avtomobilin real olaraq həmin yüklə çəkilməsinə kifayət qədər əsaslı şübhənin yaranması mümkündür. Bundan başqa, hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə saat 15:37:17-də “DAF FTFX 105 YÜK” markalı “**-JB-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşıdığı yük avtomobili hərəkət halında çəkisinin ölçülməsi real olaraq DİN-nin BDYPİ-nin qərarı ilə sübut olunur. Hərəkət halında çəki ölçmə nəzarət sistemi nəqliyyat vasitələrinin hərəkət altında çəkilməsi sahəsində ixtisaslaşmışdır, daha mötəbər və dəqiq çəki ölçmə xüsusiyyətinə malikdir. X3 xx.xx.2025-ci il tarixdə saat 15:37:17-də tarixdə idarə etdiyi “DAF FTFX 105 YÜK” markalı “**-JB-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bu isə istinad edilən normativ hüquqi akta əsasən Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, icazə verilən çəki və yük həddinin aşılması ilə nəticələnmişdir. Həmin normativ hüquqi aktda qeyd olunan parametrlər avtomobilə münasibətdə deyil, üzərində hərəkət olunan yola münasibətdə tətbiq olunur. İş materialına əlavə edilmiş hərəkət halında çəki ölçmə nəzarət sistemindən əldə olunmuş məlumata əsasən belə növdə olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 40 tondur. Qeyd edilmiş qərarla icazə verilmiş həddən yuxarı çəkidə yük daşıyan nəqliyyat vasitələri avtomobil yollarını zədələyərək deformasiyasına, sıradan çıxmasına səbəb ola bilir. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçülməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən istifadə edilən hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə digər özəl və ya kommersiya məqsədli tərəzilər arasında bir sıra mühüm fərqlər mövcuddur. AYNA-nın tətbiq etdiyi hərəkət halında çəki ölçmə nəzarət sistemi nəqliyyat vasitələrinin çəkisinin və ox yükünün hərəkət zamanı ölçülməsini təmin edən avtomatlaşdırılmış sistemdir. Bu sistem vasitəsilə nəqliyyat vasitələri dayandırılmadan, yol örtüyünə quraşdırılmış sensorlar sayəsində ölçülür, qeydiyyat nömrəsi, hərəkət sürəti, tarix və vaxt kimi əlavə məlumatlarla birlikdə məlumatlar real vaxtda mərkəzi nəzarət sisteminə ötürülür. Bu yanaşma nəqliyyat axınının pozulmaması, ölçmələrin yüksək dəqiqliklə və insan müdaxiləsi olmadan aparılması baxımından üstünlük təşkil edir. Eyni zamanda bu sistem vasitəsilə aparılan ölçmələr hüquqi əsas daşıyır və normadan artıq çəki və ölçü ilə hərəkət edən nəqliyyat vasitələrinin barəsində inzibati tədbirlərin görülməsi üçün əsas kimi istifadə olunur. Bunun əksinə olaraq, digər özəl şirkətlər və kommersiya obyektlərində istifadə edilən tərəzilər adətən stasionar və ya portativ olur və nəqliyyat vasitəsinin dayandırılaraq tərəziyə daxil olunmasını tələb edir. Ölçmə prosesi bəzi hallarda yarıavtomatik və ya tamamilə əllə idarə olunduğundan insan faktoru və müdaxilə ehtimalı daha yüksəkdir. Həmçinin bu tərəzilərdən alınan nəticələr hər zaman hüquqi əsas daşımaya bilər və yalnız daxili nəzarət məqsədləri üçün istifadə oluna bilər. Beləliklə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilən hərəkət halında çəki ölçmə sistemi texniki baxımdan daha üstün, avtomatlaşdırılmış, dəqiq və hüquqi cəhətdən etibarlı nəzarət mexanizmi kimi qiymətləndirilir. Digər tərəzilər isə daha çox kommersiya və texniki nəzarət məqsədilə istifadə olunan, lakin hüquqi cəhətdən məhdud əhatəyə malik olan ölçmə vasitələridir. Bu səbəbdən məhkəmə hazırki şikayətə əlavə edilmiş özəl şirkətlərdən əldə olunan ölçmə nəticəsini mötəbər hesab etmir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2 nömrəli cədvəlinin 3.1-ci hissəsinə (yəhərli avtoqatarlar) əsasən, ikioxlu dartıcı üçoxlu yarımqoşqulu, üçoxlu dartıcı ikioxlu yarımqoşqulu və üçoxlu dartıcı üçoxlu yarımqoşqulu nəqliyyat vasitələri üçün icazə verilən qabarit və çəki parametri 40 tondur. Hazırki inzibati xəta haqqında qərardan verilən şikayət ilə əlaqədar olan inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi qeydə alınan vaxt “DAF FTXF 105 YÜK” markalı “**-JB-***” dövlət qeydiyyat nişanlı nəqliyyat hadisəsi yəhərli dartıcıdır və həmin yəhərli dartıcıya “SHMİTZ” markalı “**-ZJ-***” dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı yarımqoşqu kombinə edilmişdir. Beləliklə də, inzibati xəta hadisəsi qeydə alınan zaman yəhərli avtoqatarla inzibati xəta törədilmişdir. Həmin qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106-cı (inzibati xəta haqqında işin baxılmağa hazırlanması) maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 353.5-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar idarə edilməsinə görə - fiziki şəхslər min iki yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 30237775 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, X3 isə şikayətini kifayət əsaslandıracaq mötəbər faktları təqdim etmədiyindən həmin qərar dəyişdirilmədən, X1 şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilmədən. Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 30237775 inzibati xəta tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2560/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2560/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver