Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-257/2021 12.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X2, inzibati xəta haqqında qərardan şikayət vermiş X3 iştirakları ilə, X3 Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 22 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ RPİ-nin 38ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 22 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 22 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli, qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 100 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın 22 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli qərarında göstərilmişdir ki, X5 22 dekabr 2020-ci il tarixdə saat 18:50 radələrində Qaradağ rayon ərazisində yerləşən “Optimal”2 Marketin qarşısında tibbi maskadan düzgün istifadə etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X5 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Optimal” Marketdə operator işləyir. 22.12.2020 tarixdə axşam vaxtlarında işdən çıxan zaman marketin içərisində qeyri-ərzaq məhsullarının satışı olan yerdən keçən zaman mülki geyimli polis əməkdaşları onu yanına çağırmışdır. O, polislərin yanına getdikdə isə polis əməkdaşları ona tibbi maskadan düzgün istifadə etməməsi ilə bağlı ona irad bildirmişlər. Həmin zaman maska onun üz nahiyyəsində olmuş, buna görə də polis əməkdaşlarına tibbi maskadan hər zaman indi olduğu kimi düzgün istifadə etdiyini bildirmişdir. Bu zaman polis əməkdaşlarından biri “sənə cərimə yazdım, gedib 100 manat ödəyərsən” deyə bildirmişdir. O, həmin polis əməkdaşına nəyə görə onunla bu cür rəftar etməsini, maska taxdığını və onun əməlinin düzgün olmadığını bildirmişdir. Lakin o, “mən yazıram, sən şikayət edərsən deyə laqeyd şəkildə cavab vermişdir. O, hər zaman iş yerində və küçədə olarkən maskadan düzgün istifadə etmişdir. Həmin gün də işdən çıxıb evə gedirkən maskadan lazımi qaydada istifadə etmişdir. Hər hansı qanun pozuntusuna yol verməməsinə və təqsirinin olmamasına baxmayaraq, heç bir hüquqi əsas olmadan barəsində qanunsuz və əsassız protokol tərtib edilmişdir. O, bir vətəndaş kimi öz məsuliyyətini dərk edir və elə ilk günlərdən pandemiya ilə mübarizə çərçivəsində qəbul edilən qayda və qanunlara ciddi riayət etmişdir. Lakin onun hüquqları, eyni zamanda inzibati qanunvericiliyin norma və prinsipləri kobud şəkildə pozularaq barəsində qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 22 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X6 izahatında bildirmişdir ki, 22.12.2020 tarixdə saat 18:50 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Optimal” marketdə bölmənin əməkdaşı polis baş leytinantı, əməliyyat müvəkkili Zaur Ağayev karantin rejimi ilə bağlı yoxlamada olan zaman X3 qoruyucu tibbi maskadan düzgün istifadə etməməsini müəyyən etmiş və bu səbəbdən də sonuncu bölməyə dəvət olunmuşdur. X3 əməlində İXM-nin 211.2-ci maddəsinin tərkib əlamətləri olduğundan tərəfindən sonuncu barəsində 22.12.2020-ci il tarixli, MH ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin tarixdə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X7 tərəfindən Seymur Qurbanov İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə olunmuşdur. Verilmiş suallara cavab olaraq protokol tərtib etmiş şəxs X6 bildirmişdir ki, 22.12.2020 tarixdə saat 18:50 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Optimal” marketdə Seymur Qurbanovun Azərbaycan X1 Məcəlləsinin 211.2-ci maddəsinin tələblərini pozması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 22 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş 22.12.2020-ci il tarixli, MH ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 tibbi vasitədən düzgün istifadə etməməsi əsas gətirilərək barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 22 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tibbi maskadan istifadə etməməsinə görə İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 fərdi qoruyucu tibbi masdkadan düzgün istifadə etməməsi əsas gətirilərək İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. X5 həmin vaxt qoruyucu tibbi maskadan düzgün istifadə etdiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 22 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş 22 dekabr 2020ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 22 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 22 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-257/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-257/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver