Məhkəmə qərarları › İş №3(002)-2572/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2572/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2572/2025 04.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X3, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 04 dekabr 2025-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 31 oktyabr 2025-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Qobu Park-1 y/k-də 2 nömrəli binanın arxasında tanışı X1 vuraraq döymüşdür. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru, polis kapitanı X7 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru, polis kapitanı X7 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin İŞ-nin tədqiqatçısı, polis mayoru Şəhriyar Əlizadənin 20 noyabr 2025-ci il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən X2 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi və qəbul edilmiş qərarın Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün aidiyyatı əməkdaşa təqdim edilməsi qərara alınmışdır. Bundan sonra həmin iş onun icraatına verilmiş və onun tərəfindən tərəflərin izahatları alınmaqla Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Tərəflər barışmadığı üçün hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 öz izahatında bildirmişdir ki, həyat yoldaşı ilə ayrılmış və bir azyaşlı uşağı vardır. Məcidi təxminən iki aydır ki tanıyır, aralarında dostluq münasibətləri vardır. 31 oktyabr 2025-ci il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu Qobu park-1 yaşayış kompleksində Məcid onu işə apararkən aralarında qısqanclıq zəmnində mübahisə baş vermiş, mübahisə zamanı Məcid onu nalayiq ifadələrlə təhqir edərək anasının və əmisinin ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra sillə ilə üz nahiyəsindən vurmuş və saçını yolmuşdur. O öz izahatında daha sonra Məcidə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qəbul edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, X6 ilə təxminən bundan iki ay əvvəl tanış olmaqla aralarında “sevgi” münasibətləri yaranmışdır. Təxminən on gün birlikdə onun yaşadığı mənzildə yaşamışlar. 31 oktyabr 2025-ci il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu Qobu park-1 yaşayış kompleksi, bina 3, mənzil 77-də olan zaman Qəniyrənin telefonuna baxmış və bu zaman Qəniyrənin keçmiş həyat yoldaşı ilə danışığını aşkar etmişdir. Ona görə də qısqanclıq zəminində aralarında mübahisə yaranmış, evdən çıxıb ikinci binanın arxasına keçəndə yenə də aralarında mübahisə davam etmiş və bu zaman əsəbləşərək bir dəfə Qəniyrənin sifət nahiyəsindən sillə ilə vurmuşdur. O törətdiyi əməldən peşiman olduğunu və barəsində tədbir görülməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 10-cu PŞ-nin İŞ-nin tədqiqatçısı, polis mayoru Şəhriyar Əlizadə tərəfindən qəbul edilmiş 20 noyabr 2025-ci il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan aydın olur ki, X2 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surətinin inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün aidiyyatı əməkdaşa təqdim edilməsi qərara alınmışdır. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 Qaradağ rayon Şöbəsinin 11 noyabr 2025-ci il tarixli 861 nömrəli ekspert rəyindən görünür ki, 2006-cı il təvəllüdlü vət. X2 məhkəmə-tibbi ekspertizasına əsasən, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq, aşağıdakı nəticəyə gəlmişdir: Vət. Q.H. Əlizadənin məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar edilmədi. Həmin rəydən də aydın olur ki, vətəndaş X2 şikayəti baş, boyun və hər iki yuxarı ətraflarında olan ağrılardandır. İş materiallarında olan 03 dekabr 2025-ci il tarixli, “İnzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs qeyd olunan hadisə ilə əlaqədar 03 dekabr 2025-ci il tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuş və 04 dekabr 2025-ci il tarixdə saat 10:00-da tutulmadan azad edilmişdir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və inzbati xətanın ağırlıq dərəcəsini nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar