Məhkəmə qərarları › İş №3(002)-2573/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2573/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2573/2025 12.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X4 iştirakı ilə, X4 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 08 avqust 2025-ci il tarixli EQ 29802562 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 08 avqust 2025-ci il tarixli EQ 29802562 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X2 xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı əsasında X6 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir, barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, o, xx.xx.2025-ci il tarixdə saat 12:41-də etibarnamə əsasında idarə etdiyi "MERCEDES BENZ AXOR 1840 YÜK" markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şabran rayonu Nollakamallı kəndindən Quba istiqamətində hərəkətdə olarkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bildirir ki, "MERCEDES BENZ AXOR 1840 YÜK" markalı **-ZP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o, etibarnamə əsasında idarə edir. Həmin avtomobillə o, Bakı şəhəri Qaradağ raynu "xxxx" Azərbaycan ASC-dən sement qəbul edərək Xaçmaz rayonunda anbara təhvil verməli idi. Şirkətin yükü avtomobilə yükləyərkən tərəzidə çəkilir və eyni zamanda təhvil alınarkən çəkildikdən sonra boşaldılır. Sementlər dolu torbalarda olmuş və hər hansı bir kənar müdaxilə edilməsi mümkün deyildir. Yük avtomobilə yüklənərkən xüsusi serfikatı olan tərəzi ilə çəkilmişdir. 40030 kq olmuşdur. Avtomobilǝ maksimum 40000 kq-yük aparılmasına limit vardır. İdarə etdiyi avtomobilin yüklə birlikdə çəkisi 40300 kq olmuşdur. Bu yol qaiməsində öz əksini tapmışdır. Lakin protokol tərtib edilərkən guya avtomobilin ümumi çəkisi 42530 kq yük olmuşdur. Bu çǝki Şabran rayonunda müəyyən edilmişdir. Bildirir ki, həmin yükləmə Qaradağ rayonu ərazisindən keçərkən yükün çəkisi qanunauyğun olduğundan heç bir ptorokol tərtib edilməmişdir. Göründüyü kimi avtomobil yolunda olan tərəzi düzgün çəkməmiş və əsassız olaraq barəsində inzibati qərar qəbul edilmişdir. Necə ola bilər ki, şirkətin təhvil məntəqəsində tərəzidə çəki normal və düzgün, eyni zamanda qəbul məntəqəsində çəki normaları düzgün, hətta Qaradağ rayon ərazisində AYNA-ya məxsus tərəzi ölçmə yerində çəki normativə uyğun olmuş, lakin Şabran məntəqəsində fərqlidir. Onun avtomobilində artıq yük olmamışdır. Bütün bunlar göstərir ki, qeyd edilən inzibati tənbeh vermə haqqında elektron qərar düzgün deyil və ləğv edilməlidir. Tərəzilər arasında bu qədər fərqlərin olması mümkün deyildir. Şabran rayonunda olan elektron tərəzinin göstəricisi ilə razılaşmır. Barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə tərtib edilmiş elektron qərar düzgün deyildir, həmin qərarın ləğv edilməsini xahiş edir. X6 şikayət ərizəsi ilə yanaşı, şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və yaşayış yerinin Bakı şəhəri Qaradağ rayonu olduğunu bildirərək şikayət ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılması barədə vəsatətlərlə məhkəməyə müraciət edilmişdir. Məhkəmə tərəfindən vəsatətlər təmin edilərək, A.M.Şıxıyev elektron qərarı gec aldığından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və yaşayış yeri Bakı şəhəri Qaradağ rayonunun ərazisi olduğundan şikayət ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən, işə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayət ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, “MERCEDES BENZ AXOR 1840 YÜK” markalı “**-ZP-***” dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında sürücüsüdür. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Holcim (Azərbaycan)” ASC-dən nəqliyyat vasitəsinə sement yükləyib Xaçmaz rayonunda olan anbara təhvil vermək üçün avtomobili ilə hərəkət etmişdir. “Holcim (Azərbaycan)” ASC-dən çıxmamışdan əvvəl nəqliyyat vasitəsini yük ilə birlikdə çəkərək ümumi çəkinin 40 ton olduğu müəyyən edilmişdir. Hərəkət etdiyi avtomobil yolunun üzərində olan AYNA-ya məxsus elektron tərəzilərdən keçərək ona cərimə yazılmasa da, xx.xx.2025-ci il tarixdə Şabran rayonu Mollakamallı kəndinin ərazisində Quba istiqamətində olan AYNA-ya məxsus elektron tərəzidən keçərkən avtomobilinin çəkisinin normadan 2 ton yarımdan çox, yəni 42500 kq-dan artıq olduğu qeyd edilərək ona cərimə yazılmışdır. Lakin idarə etdiyi nəqliyyat vasitəsinin çəki limiti 40 tondur. Həmin vaxt Şabran rayonu ərazisində olan AYNA-ya məxsus elektron tərəzidə nasazlıq olmuşdur. Həmin elektron tərəzi onun idarə etdiyi nəqliyyat vasitəsini düzgün çəkməmişdir. DİN-nin BDYPİ-nin onun barəsində Azərbaycan Respublikasının İXM-nin 353.2-ci maddəsi ilə tərtib etdiyi xx.xx.2025-ci il tarixli EQ29802562 nömrəli elektron qərarının ləğv ediməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinə, şikayət verən şəxsin izahatına, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalı və DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ29802562 nömrəli elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN-nin BYPİ-nin 08 avqust 2025-ci il tarixli EQ29802562 nömrəli qərardan görünür ki, X6 08 avqust 2025-ci il tarixdə saat 12:41-də idarə etdiyi “MERCEDES BENZ AXOR 1840 YÜK” markalı “**-ZP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-1 yolunun 129 km-liyində, Şabran rayonu, Mollakamallı kəndi ərazisində, Quba istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X4 təqdim etdiyi xüsusi texniki vasitə ilə qeydə alınmış fotogörüntüdən müşahidə edilir ki, 08 avqust 2025-ci il tarixdə saat 12:41:06-da idarə etdiyi idarə etdiyi “MERCEDES BENZ AXOR 1840 YÜK” markalı “**-ZP-***” dövlət qeydiyyat nişanlı avtomobil M-1 yolunun 129 km-liyində Şabran rayonu, Mollakamallı kəndi ərazisində, Quba istiqamətində elektron tərəzidən keçərkən limit 40000 kq olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 42530 kq olmuşdur. X4 təqdim etdiyi xx.xx.2025-ci il tarixli A********** nömrəli yük-nəqliyyat qaiməsinin surətində, “**-ZP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə saat 18:43-də çəkilərkən dolu çəkisinin 30,46 ton olduğu qeyd edilmişdir. X4 təqdim etdiyi xx.xx.2025-ci il tarixli A********** nömrəli yük-nəqliyyat qaiməsinin fotoşəkilində, da “**-ZP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə saat 19:10-da çəkilərkən dolu çəkisinin 40,30 ton olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə yəhərli avtoqatarlar üçün icazə verilən ümumi çəkisi müəyyən edilmiş 40000 kq-lıq həddi aşmamalıdır. “MERCEDES BENZ AXOR 1840 YÜK” markalı “**-ZP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisinin 42530 kq olduğunu müəyyən edən elektron tərəzi müvafiq qaydada yoxlanılmış və “Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamə” alınmışdır. Məhkəmə X4 şikayətə əlavə etdiyi nəqliyyat vasitəsinin çəkisinin 30,46 ton və 40,30 ton olduğu qeyd edilən yük-nəqliyyat qaimələrinə münasibətdə hesab edir ki, həmin sənədlər sübut növü kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan yükün çəkilməsini həyata keçirmiş avtomobil tərəzisinin müvafiq sertifikata (şəhadətnaməyə) malik olması müəyyən edilməmişdir. Hətta avtomobil tərəzisinin müvafiq sertifikatlara (şəhadətnamələrə) olması sübuta yetirildiyi halda belə, bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki inzibati xəta hadisəsi baş verməmişdən əvvəl və sonra avtomobildə olan yükün miqdarının dəyişdirilməsi, yəni yükə hər hansı müdaxilə edilməsi halları istisna edilmir. “MERCEDES BENZ AXOR 1840 YÜK” markalı “**-ZP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisinin 30,46 ton və 40,30 ton olduğu qeyd edilən tərəziyə nisbətən, M-1 yolunun 129-cu km-liyində, Şabran rayonu, Mollakamallı kəndin ərazisində quraşdırılan hərəkət halında çəki ölçmə nəzarət sistemi dəqiq və mötəbər çəki ölçmə xüsusiyyətinə malikdir. Çünki 08 avqust 2025-ci il tarixli EQ 29802562 nömrəli elektron qərara əlavə edilən foto şəkildən də göründüyü kimi 08 avqust 2025-ci il tarixdə saat 12:41:06-da X4 etibarnamə ilə idarə etmə hüququna malik olduğu “MERCEDES BENZ AXOR 1840 YÜK” markalı “**-ZP-***” dövlət qeydiyyat nişanlı avtomobilin çəkisi qeyd edilən çəki ölçmə nəzarət sistemi tərəfindən hərəkət halında ölçülmüşdür. Lakin nəqliyyat vasitəsinin çəkisini 30,46 ton və 40,30 ton ölçən tərəzilərdə “MERCEDES BENZ AXOR 1840 YÜK” markalı “**-ZP-***” dövlət qeydiyyat nişanlı avtomobilin məhz həmin yüklərlə real olaraq ölçülməsi təsdiqini tapmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 08 avqust 2025-ci il tarixdə saat 12:41:06-da X4 etibarnamə ilə idarə etmə hüququna malik olduğu “MERCEDES BENZ AXOR 1840 YÜK” markalı “**-ZP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X6 tərəfindən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçülməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən istifadə edilən hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə digər özəl və ya kommersiya məqsədli tərəzilər arasında bir sıra mühüm fərqlər mövcuddur. AYNA-nın tətbiq etdiyi hərəkət halında çəki ölçmə nəzarət sistemi nəqliyyat vasitələrinin çəkisinin və ox yükünün hərəkət zamanı ölçülməsini təmin edən avtomatlaşdırılmış sistemdir. Bu sistem vasitəsilə nəqliyyat vasitələri dayandırılmadan, yol örtüyünə quraşdırılmış sensorlar sayəsində ölçülür, qeydiyyat nömrəsi, hərəkət sürəti, tarix və vaxt kimi əlavə məlumatlarla birlikdə məlumatlar real vaxtda mərkəzi nəzarət sisteminə ötürülür. Bu yanaşma nəqliyyat axınının pozulmaması, ölçmələrin yüksək dəqiqliklə və insan müdaxiləsi olmadan aparılması baxımından üstünlük təşkil edir. Eyni zamanda bu sistem vasitəsilə aparılan ölçmələr hüquqi əsas daşıyır və normadan artıq çəki və ölçü ilə hərəkət edən nəqliyyat vasitələrinin barəsində inzibati tədbirlərin görülməsi üçün əsas kimi istifadə olunur. Bunun əksinə olaraq, digər özəl şirkətlər və kommersiya obyektlərində istifadə edilən tərəzilər adətən stasionar və ya portativ olur və nəqliyyat vasitəsinin dayandırılaraq tərəziyə daxil olunmasını tələb edir. Ölçmə prosesi bəzi hallarda yarıavtomatik və ya tamamilə əllə idarə olunduğundan insan faktoru və müdaxilə ehtimalı daha yüksəkdir. Həmçinin bu tərəzilərdən alınan nəticələr hər zaman hüquqi əsas daşımaya bilər və yalnız daxili nəzarət məqsədləri üçün istifadə oluna bilər. Beləliklə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilən hərəkət halında çəki ölçmə sistemi texniki baxımdan daha üstün, avtomatlaşdırılmış, dəqiq və hüquqi cəhətdən etibarlı nəzarət mexanizmi kimi qiymətləndirilir. Digər tərəzilər isə daha çox kommersiya və texniki nəzarət məqsədilə istifadə olunan, lakin hüquqi cəhətdən məhdud əhatəyə malik olan ölçmə vasitələridir. Bu səbəbdən məhkəmə hazırki şikayətə əlavə edilmiş özəl şirkətlərdən əldə olunan ölçmə nəticəsini mötəbər hesab etmir. Beləliklə, məhkəmə X4 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, şikayətçi X4 etibarnamə ilə idarə etmək hüququna malik olduğu 08 avqust 2025-ci il tarixdə saat 12:41:06-da “MERCEDES BENZ AXOR 1840 YÜK” markalı “**-ZP- ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X6 tərəfindən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarının 2 nömrəli cədvəlinin 3.1-ci hissəsinə (yəhərli avtoqatarlar) əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1 və 134.1.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilnə qərarlardan biri – qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması barədədir. 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 08 avqust 2025-ci il tarixli EQ 29802562 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 08 avqust 2025-ci il tarixli EQ 29802562 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 08 avqust 2025-ci il tarixli EQ 29802562 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar