Məhkəmə qərarları › İş №3(002)-2612/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2612/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2612/2025 10.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, Tələbkar (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1980-ci ildə Füzuli rayonu, Alıxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-187/2025 saylı, 04 mart 2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürlü səbəb olmadan yerinə yetirmədiyinə və 04 mart 2025-ci il tarixli icra sənədinə əsasən tələbkarın xeyrinə 6600 manat aliment borcunu ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibatı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2(002)-187/2025 saylı icra vərəqəsinə əsasən 05 fevral 2025-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulması və alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Borclu bu günə yaranmış 6600 (altı min altı yüz) manat aliment borcundan heç bir ödəniş etməmiş və icra məmurunun çağırışlarına da məhəl qoymayaraq icra şöbəsinə gəlməkdən imtina etmiş, buna görə də barəsində axtarış elan edildiyini və bu gün yəni 10 dekabr 2025-ci il tarixdə icra şöbəsinə gətirildiyini bildirmişdir. İcra şöbəsində borclu öz izahatında yaranmış aliment borcundan xəbəri olduğunu, uşaqları ilə birlikdə yaşadığı üçün və maddi imkansızlıq səbəbi ilə ödəniş edə bilmədiyini bildirmişdir. Odur ki, borclu barəsində tərtib etdiyi protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs öz izahatında yaranmış aliment borcunun ödənməsini tələb etdiyini, bu baş vermədikdə isə borclu barəsində qanunvericiliyə uyğun olaraq tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında yaranmış aliment borcundan xəbəri olduğunu, uşaqları ilə birlikdə yaşadığını və qazancını uşaqlarına sərf etdiyini bildirmişdir. O öz izahatında daha sonra barəsində inzibati qaydada tədbir görülməməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 10 dekabr 2025-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından xeyli müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmişdir. Eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına da məhəl qoymamış və yayınmışdır. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları, borclu tərəfindən heç bir ödənişin edilməməsini, ödənilməmiş aliment borcunun 6600 manat təşkil etməsini və qeyd olunan icra işi ilə bağlı ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 10 dekabr 2025-ci il tarixdən saat 17:20-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar