Məhkəmə qərarları › İş №3(002)-2625/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2625/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2625/2024 02.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, (FİN: xxxxxxx), Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında xx.xx.2024-cü il MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:40-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi 14-cü km-liyində olan ərazidə ictimai qaydanı kobud surətə pozaraq və vətəndaşların narahatlığına səbəb olaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir və onların nüfuzunu aşağı salacaq sözlərlə təhqir etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə rəisi, polis mayoru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:40-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi 14-cü km-liyində olan ərazidə ictimai qaydanı kobud surətə pozaraq və vətəndaşların narahatlığına səbəb olaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir və onların nüfuzunu aşağı salacaq sözlərlə təhqir etmişdir. Belə ki, o, polis əməkdaşlarının keçirdikləri tədbir ilə əlaqədar vətəndaşların piyada hərəkət etmələrinin məhdudlaşdırıldığı əraziyə israrla keçməyə cəhd etmişdir. Bu səbəbdən ona təqdim olunmuş raport əsasında tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması barədə müvafiq protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib etdiyi protokolu müdafiə edir, Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, həmin vaxt ərazidə piyadaların hərəkətinə hər hansı məhdudiyyət qoyulmamışdır. O, həmin yolun kənarı ilə 50 metr irəlidə duran qardaşının avtomobilinə tərəf getmək istəmiş, lakin polis əməkdaşları ona irəli getməyə icazə verməmişdir. Bundan əlavə o, polis əməkdaşlarına qarşı hər hansı nalayiq ifadə işlətməmiş, geri qayıdarkən “siz görərsiniz” ifadəsini işlətmişdir. Bundan sonra polis əməkdaşları onun yoluna davam etməsinə icazə verməmişlər. Ona zor tətbiq etmiş, qardaşını və özünü döymüşdürlər. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hadisə vaxtı oraya vətəndaşlar toplaşmamışdır. Həmçinin, bildirmişdir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuşdur. Əlilliyi olan şəxs deyildir. Məhkəmə iclasında iştirak edən şahid X11 X4 polis baş serjantı X2 izahatında bildirmişdir ki, onlar dövlət əhəmiyyətli tədbirlə əlaqədar xidmət apararkən Şəxs xx.xx.2024cü il tarixdə saat 17:40-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi 14-cü km-liyində piyadaların hərəkətinin qadağan olunduğu ərazidən keçmək istəyərkən məhdudiyyətlə bağlı məlumat onun diqqətinə çatdırılmış, bir qədər aralıqda onları gözləyən nəqliyyat vasitəsinin həmin yerdən onları götürməsinin məqsədəmüvafiq olması tövsiyə olunmuşdur. Lakin, sonuncu onlarla razılaşmayaraq həmin ərazidən keçməyə israrla çalışmış, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr səsləndirmişdir. Şəxs qardaşı və ətrafda olan digər şəxslər sonuncunun yaratdığı səs-küyə toplaşdığından ərazidə ictimai qaydanın pozulmasına və vətəndaşların narahatlığına səbəb olmuşdur. Onun hərəkətlərinin qarşısını almaq məqsədilə onu xidməti avtomobilə yerləşdirməyə çalışan polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir və onların nüfuzunu aşağı salacaq sözlərlə təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X11 X4 polis baş serjantı X6 digər şahid X2 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirdi ki, qardaşı Şəxs polis əməkdaşı ilə mübahisə etdiyini görmüş və oraya yaxınlaşmışdır. Şəxs polis əməkdaşlarına qarşı hər hansı nalayiq ifadə işlətməmiş, geri qayıdarkən “siz görərsiniz” ifadəsini işlətmişdir. Bundan sonra polis əməkdaşları onun yoluna davam etməsinə icazə verməmişlər. Həmin hadisə ilə bağlı yaranmış səs-küyə digər vətəndaşlar da toplaşmış, təqribən 5 dəqiqə sonra isə çevik polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş videogörüntülərə baxış keçirərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialında olan xx.xx.2024-cü il tarixli Qaradağ RPİ-nin 10-cu PŞ-nin rəisi Sabir Həsənova ünvanlanmış raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:40-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi 14-cü km-liyində olan ərazidə ictimai qaydanı kobud surətdə pozaraq və vətəndaşların narahatlığına səbəb olaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir və onların nüfuzunu aşağı salacaq sözlərlə təhqir etmişdir. Şəxs qanunsuz hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozmaqla, polis işçilərinə qarşı tabesizlik göstərmişdir. Odur ki, polisin qanuni tələbini yerinə yetirmədiyinə və xidməti fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər etdiyinə görə Şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X7 həmin tarixdə saat 18:00 radələrində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 10:00-da məhkəməyə gətirilmişdir. İş materialında olan xx.xx.2024-cü il MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:40–da Qaradağ rayonu, Lökbatan qəsəbəsi 14-cü km-liyində olan polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı piyadaların hərəkəti məhdudlaşdırılmış əraziyə keçməyə ərazidə ictimai qaydanı kobud surətdə pozaraq və vətəndaşların narahatlığına səbəb olaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir və onların nüfuzunu aşağı salacaq sözlərlə təhqir etmişdir. Şəxs qanunsuz hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozmaqla, polis işçilərinə qarşı tabesizlik göstərmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:40-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi 14-cü km-liyində piyadaların hərəkətinin məhdudlaşdırıldığı ərazidən keçmək istəyərkən xidmət aparan polis əmədaşlarının qanuni təələblərinə tabe olmamış, hay-küy salaraq qadağanın ona münasibətdə dəyişdirilməsinə çalışarkən ətrafda olan insanların toplaşmasına səbəb olaraq ictimai qaydanı kobud surətdə pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün və şahidlərin məhkəmə iclasında verdiyi ifadələrlə və digər iş materialları ilə onun ictimai qaydanı pozması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi və bununla da, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən səlahiyyətli şəxsin hüquqazidd hərəkəti dayandırmağı tələb etməsinə baxmayaraq, Şəxs tərəfindən həmin hərəkətləri davam etdirməsi və inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 01 sentyabr 2024-cü il tarixdən saat 18:00-dan hesablanmalıdır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 01 sentyabr 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar