Məhkəmə qərarları › İş №3(002)-2625/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2625/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2625/2025 12.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati icraat başlanılmış hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilmiş 03 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati protokoldan aydın olur ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçisinin dəyişdirilməsi ilə bağlı idarə heyətinin qərarı xx.xx.2025-ci il tarixdə tərtib edilmiş və 15 iş günü müddətində təqdim edilməmişdir. Buna görə də Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində İXM-nin 405-ci maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda “şəxsin iştirakı mümkün olmamışdır” kimi qeyri-müəyyən qeyd aparılmışdır. Bundan başqa, məhkəməyə təqdim edilmiş materiallarda Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialına barəsində İXM-nin 405-ci maddəsinə əsasən inzibati protokolun tərtib edilmə yeri və vaxtı barədə məlumat verilməsinə, eləcə də tərtib edilmiş inzibati protokolun Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialına göndərilməsinə dair də heç bir sübut aşkar edilməmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsində göstərilir ki, İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.4-cü maddəsində göstərilir ki, protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 03 dekabr 2025-ci il tarixli, MN ******* saylı protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar