Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2650/2024 04.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatları idarəsinin prokuroru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəbrayıl rayonu, Horovlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmiş, həmin qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı şəhəri ərazisində yerləşən Umbakı penitensiar müəssisəsində təsərrüfat şöbəsinin rəisi vəzifəsində olmaqla təsərrüfat işləri sahəsində təhlükəsizlik qaydalarına riayət edilməsinə ümumi nəzarətin ona həvalə edilməsinə baxmayaraq, 12.2.003-91 "istehsalat avadanlığı DÜST-nin 1.2-ci bəndinin 5-ci, 8-ci abzasının, 2.1.5-ci bəndinin və "Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları"nın 11-ci bəndinin "b", "d" abzaslarının tələblərini pozaraq Umbakı penitensiar müəssisəsinin camaşırxanasında quraşdırılmış "Vital" markalı ütünün təhlükə mənbəyi olan hərəkətli hissələri qoruyucu vasitələrlə təchiz edilməyən və işçilərin onlara toxunmasını istisna edən, yaxud zədələnmələrin qarşısını alan digər vasitələrlə təmin edilməyən ütünün istismarına yol verməsi nəticəsində həmin müəssisədə cəza çəkməklə müəssisənin çamaşırxanasında fəhlə işləyən məhkum X7 xx.xx.2024-cü il tarixdə ütü dəzgahını işə salarkən əlinin ütünün valına ilişməsi ilə ehtiyatsızlıqdan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ əlin arxa səthinin əzilmiş-cırılmış yarası xəsarətini almış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatları idarəsinin prokuroru X8 çıxış edərək, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, baş vermiş hadisə üzrə özünü tam təqsirli bilmir. 2016-cı il tarixdən Penitensiar Xidmətinin Umbakı Penitensiar müəssisəsində Təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləyir. Vəzifə funksiyaları təsərrüfatda işləyən məhkumlara və onların gördükləri işə nəzarət etməkdir. Eyni zamanda məhkumlar tərəfindən iş zamanı təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət edir. X10 2024-cü ilin mart ayından müəssisənin camaşırxanasında paltaryuyan vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Nail Mehdiyev camaşırxanada qurudulmuş paltarları ütüləmək məqsədilə ütünü qoşan zaman ütünün istiliyini yoxlayarkən özünün ehtiyatsızlığı səbəbindən əli ütüyə ilişmiş və fırlanan ütü valı onun əlini çəkərək zədələmişdir. Nail Mehdiyev işə girən zaman ona təhlükəsizlik qaydaları barədə təlimat keçirilmiş, bundan başqa, gündəlik olaraq da hər gün işə başlamazdan əvvəl ona əlavə təlimatlar da keçirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş zərərçəkmiş şəxs məhkum X7 ifadə verərək bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı penitensiar müəssisəsində cəza çəkir. xx.xx.2024-cü il tarixdən müəssisəsinin camaşırxanasında paltaryuyan vəzifəsində işə düzəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində camaşırxanada olan ütü dəzgahını işə salmış, daha sonra ütünün fırlanan valı üzərində əlini vuraraq isinməsini yoxlayan zaman əli vala ilişmiş və val əlini zədələmişdir. Dərhal özü ütü dəzgahını söndürmüş və daha sonra ona ilkin tibbi yardımlar göstərilmişdir. Hadisə baş verən zaman əynində hər hansı xüsusi geyim vasitəsi, eləcə də əlcək olmamışdır. O, camaşırxanada işə başlamazdan əvvəl ona təhkükəsizlik qaydaları bilavasitə müəssisənin sabiq rəisi tərəfindən izah edilmişdir. Həmin hadisə onun öz ehtiyatsızlığı üzündən baş vermiş, hadisə zamanı camaşırxanada tək olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş şahid X6 ifadə verərək bildirdi ki, o, müəssisədə məhkumların yaxın qohumları ilə telefon vasitəsilə əlaqə saxlanmasını təmin etmək vəzifəsi həvalə olunduğundan, məhkumların təhlükəsizlik qaydalarına dair təlimatlandırılmasında iştirak etməmişdir. Hadisə zamanı o, müəssisə ərazisində olsa da, hadisə baş verdikdən sonra məhkumun yaralandığından məlumatlı olmuşdur. Şəxs müəssisənin təsərrüfat işləri sahəsində təhlükəsizlik qaydalarına riayət edilməsinə ümumi nəzarəti həyata keçirir, lakin onun sonuncu tərəfindən təhlükəsizlik qaydalarına dair təlimatlandırılması həyata keçirilməmişdir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərarından görünür ki, 61C-24 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, toplanmış material Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokuroruna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 xx.xx.2024-cü il tarixli 307 saylı rəyindən görünür ki, X3 məhkəmətibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - sağ əlin arxa səthinin əzilmiş-cırılmış yarası bərk küt əşya təsirindən, məhkəmə tibb ekspertizasının təyin edilməsi barədə tərəfindən qəbul edilmiş qərarın təsirindənsəsində göstərilən şəraitdə və xx.xx.2024-cü il tarixdə əmələ gəlməyə xarakterik bimaqla dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-xx-xx/3876 nömrəli ekspert rəyindən görünür ki, Umbakı penitensiar müəssisəsinin camaşırxanasında quraşdırılmış "Vital” markalı ütünün təhlükə mənbəyi olan hərəkətli hissələrinə işçinin zədələnməsinin qarşısını alan, yəni işçinin dəzgahın potensial təhlükəli yerləri olan fırlanan hissəsinə toxunmasını istisna edən qoruyucu vasitələrlə təchiz olunmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar olaraq 12.2.003-91 "istehsalat avadanlığı DÜST-nin 1.2- ci bəndinin 5-ci, 8-ci abzasının, 2.1.5-ci bəndinin və "Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları"nın 11-ci bəndinin "b", "d" abzaslarının tələbləri pozulmuşdur. Hadisənin baş verdiyi Umbakı penitensiar müəssisəsinin camaşırxanasında quraşdırılmış "Vital" markalı ütünün təhlükə mənbəyi olan hərəkətli hissələri qoruyucu vasitələrlə təchiz edilməyən və işçilərin onlara toxunmasını istisna edən, yaxud zədələnmələrin qarşısını alan digər vasitələrlə təmin edilməyən ütünün istismarına yol verildiyinə görə "İstehsalat avadanlığı 12.2.003-91 DÜST-nin 1.2-ci bəndinin 5-ci, 8-ci abzasının və 2.1.5-ci bəndinin tələbləri müəssisədə avadanlıqların təhlükəsiz istismar edilməsinə cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsinin xx.xx.2024-cü il tarixli 20 saylı əmrindən görünür ki, Nail Mehdiyevlə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən sonuncu Umbakı penitensiar müəssisədində paltaryuyan fəhlə vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsinin xx.xx.2024-cü il tarixli 39 saylı əmrindən görünür ki, təsərrüfat işləri sahəsində təhlükəsizlik qaydalarına riayət edilməsinə ümumi nəzarət Təsərrüfat Şöbəsinin rəisi ədliyyə kapitanı X1 tapşırılmışdır. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin həmçinin, şahidin izahatlarından müəyyən olunmuşdur ki, X1 təsərrüfat işləri sahəsində təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət vəzifəsi həvalə edilməsinə baxmayaraq, o, ümumiyyətlə təhlükəsizlik qaydalarının həmin növ işlərlə məşğul olan şəxslərə izah edilməsində iştirak etməmişdir. İzahat verərkən işlərin çoxluğunu əsas gətirərək, hər birinə zaman ayırmağın mümkün olmadığını bildirmişdir. Bu da onun öhdəliyinə götürdüyü vəzifəsinə laqeyd yanaşmasının göstəricisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və inzibati materialda olan digər sənədlərlə, o cümlədən ekspertiza rəyləri ilə məhkumların təsərrüfat işləri üzrə əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2650/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2650/2024
04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver