Məhkəmə qərarları › İş №3(002)-2656/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2656/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2656/2025 29.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə, saat təxminən 18:20 radələrində, ona məxsus “**-TR-***” dövlət qeydiyyat nişanlı, “X9" markalı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu Baksol yolu ilə hərəkət edərək Azadlıq prospekti ilə kəsişmə yol ayrıcına daxil olub ayırıcı zolağı keçəndən sonra sola dönərək Azadlıq prosspekti ilə üzü şəhər istiqamətində hərəkət edərkən prospektdə durmuş YPX avtomobilinin yanında dayanan YPX inspektoru mənim avtomobilinə "saxla" işarəsi vermişdir. YPX inspektoru tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsi ilə, "svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi” inzibati xəta hadisəsi törədilməsinə görə 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh vermə haqqında qərar qəbul edildi. Lakin bilavasitə "hadisə yerində” protokol tərtib və qərar qəbul edilmədi və etirazını qeyd etmək üçün bir nüsxəsini istəsə də ona verilməmişdir. Qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın bir nüsxəsinin ona rəsmi qaydada (üzərində təqdim edilmə tarixi göstərilməklə) təqdim edilməsi üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin rəhbərliyinə müraciət etmişdir. (surətini əlavə edirəm). xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon DYPŞ-nə gedərək qərarın bir nüsxəsini əlbəəl almışdır. Qərar çap edilmiş A4 formatda blankın yuxarı sol tərəf küncündə qərarın rəsmi təqdim edilmə tarixi və vaxtı "xx/xx/2025, 16:32" (gün, ay, il, saat) göstərilmişdir. Qərar qanunsuzdur və onu qəbul etmir. Qeyd edir ki, o, svetoforun qadağanedici işarəsi verilərkən hərəkət edərək yol ayrıcına daxil olmamış və inzibati xəta hadisəsi törətməmişdir. Sfetoforun yaşıl işığı yanan halda yol ayrıcına daxil olmuş, Biləcəridən gəlib düzünə (Baksola) gedən və sağa (Rəsulzadə qəsəbəsinə) dönüb gedən nəqliyyat vasitələrini buraxdıqdan sonra sola dönərək hərəkət edən zaman YPX inspektoru tərəfindən saxlanılmışdır. Yol ayrıcında quraşdırılmış xüsusi texniki vasitə olan TŞ kamerası hərəkətini qeydə alıb, yəqin ki, əgər svetoforun qadağanedici işarəsi veridikdən sonra yolayrıcına daxil olmuşsa, o zaman qanunla müəyyən edilmiş 24 saat ərzində elektron qərar (EQ) çıxarılmalı idi. Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq EQ çıxarılmadı (ona görə ki, əməlində inzibati xəta tərkibi olmayıb). Eyni zamanda YPX inpektoruna Azərbaycan Respublikası İXM-nin 122.5-ci maddəsinə əsasən, xüsusi texniki vasitənin köməyi ilə aşkar edilən inzibati xətaya görə yolda sürücünü (indiki halda onu) saxlayaraq inzibati xəta haqqında protokol (İXP) tərtib etməsinin və qərar qəbul etməsinin qadağan olunduğnu xatırlatmışdır. Lakin YPX inspektoru X3 onun xatırlatmasına məhəl qoymayaraq onun iştirakı olmadan İXP tərtib edib. YPX inspektoru İXP-ni onun iştirakı olmadan tərtib edib və yenə də iştirakı olmadan inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarla onu 100 manat məbləğində cərimə edib. Əgər YPX inspektoru onun yol hərəkəti qaydasını pozaraq inzibati xəta törətdiyini vizual qaydada gördüyünə əsaslanıbsa, bu, foto və ya video görüntülərlə subuta yetirilməlidir. Bu, oradakı kamera görüntüsünə əsasən məlum olacaq. YPX inspektoru X3 xx.xx.2025-ci il tarixdə, saat 15:14-də qohumu və nümayəndəsi olan X4 zəng edərək (***-***-**-**- votsapp ilə) onunla 9 dəqiqə 14 saniyə danışmışdır. YPX inspektoru qohumuna etiraf edib ki, "Elşad (yəni barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs) həqiqətən svetoforun qadağanedici işarəsi verilən zaman yol ayrıcına daxil olmayıb, yaşıl işıqda daxil olmuşdur. Anaq svetoforun yaşıl işığının içərisində “4.1.4- düzünə və sağa hərəkət” yol nişanı olduğuna, Elşad (yəni barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs) isə sola döndüyünə görə ona, svetoforun tələbinin pozulması - “İXM 327.2-ci maddəsi ilə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi inzibati xəta hadisəsi törədilməsi” - qayda pozuntusu ilə TP ******* saylı qərar qəbul etmişəm”. YPX inspektorunun etirafından da görünür ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar TP ******* qanunsuzdur. İXM-də bu cür "qayda pozuntusu" haqda inzibati tənbeh növü nəzərdə tutulmayıb və ona görə də ləğv edilməlidir. Əgər YPX inspektoru qərarın qanunsuz qəbul edildiyini etiraf etməsi barədə dediklərini məhkəmədə etiraf etməzsə, o zaman qərarın qanuniliyini və əsaslılığını sübut etməlidir. Bu cür qayda pozuntusunu sübut etmək isə mümkünsüzdür. Tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə, şəxsin inzibati xəta hadisəsi törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən, məhkəmənin, ziddiyyətli və şübhəli məqamların, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına aradan qaldırıb, onun inzibati xəta hadisəsi törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhəli və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə 0, təqsirsiz hesab edilir. Həmin Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda; 53.1.5-ci maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarla barəmdə 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilib. İnzibati tənbeh tətbiq edilmə haqqında qərarın qəbul edilməsi onun iştirakı olmadan həyata keçirilmişdir. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin də tələbi pozulub. Aşağıda göstərilən hallara görə inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməli olduğunu Hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. işe Onu da qeyd edirəm ki, işə baxılmasının yeri və müddəti (vaxtı) barədə mənə heç bir məlumat verilməyib. Qeyd edilənlərdən aydın olur ki, inzibati xəta haqqında işə baxılaraq inzibati tənbeh vermə haqqında qərarın (TP 7637473) qəbul edilməsi mənim iştirakım olmadan həyata keçirildiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 61.3-cü maddəsinin tələbi pozulub. Buna görə də inzibati tənbeh vermə haqqında qərar TP ******* nömrəli qərar ləğv edilməlidir. Bundan başqa, İXM-nin 117.2-ci maddəsinin tələbi pozularaq, qəbul edilmiş qərar 2 gün ərzində mənə verilməli olduğu halda verilməyib (İXM-nin 54.2-ci maddəsinə əsasən bu pozuntu barədə prokuror qərar qəbul edir). Mövcuq qanunvericiliyə əsasən xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınmayan inzibati xəta qayda pozuntuları baş verdiyi hallarda, inzibati xətanın törədildiyi yerdə İXM-nin 101.1-ci maddəsinə əsasən dərhal İXP tərtib edilməli, inzibati xəta törədənin barəsində İXM-də göstərilən məbləğdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir və İXP-nun bir nüsxəsinə imza etdirməklə digər nüsxəsi, barəsində inzibati xəta protokolu tərtib edilmiş (inzibati tənbeh tədbiri tətbiq edilmiş) şəxsə verilməlidir. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda əlavə araşdırmaya ehtiyac qalmır. Lakin razılaşmadıqda, barəsində vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqda qərar qəbul edilməsi üçün aidiyyəti üzrə dəvət edilib onun iştirakı ilə inzibati işə baxılmalıdır. Lakin xüsusi texniki vasitənin köməyi ilə qeydə alınan inzibati xətaya görə heç bir İXP tərtib edilə bilməz, yalnız elektron qərar (EQ) çıxarılır. Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4cü maddəsinə əsasən, Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunи barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 76-c1 Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin işdə belə bir sübut yoxdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nezerde tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Lakin işdə heç bir belə material və ya hər hansı bir sübut yoxdur. Göstərilənlərə əsasən, hesab edir ki, İXM-yə zidd olaraq qanunsuz qəbul edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, İXM-nin 61.3-cü maddəsinə zidd olaraq iştirakım olmadan qəbul edilmiş TP ******* saylı qərar ləğv edilməli və başlanmış inzibati işin icraatına xitam verilməlidir. Bundan başqa, şikayətçi X5 şikayətə əlavədə göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinə şikayət vermişdir. Bundan bir gün sonra 3 saylı ASAN Xidmət Mərkəzində köhnə sürücülük vəsiqəsini dəyişərək, yeni sürücülük vəsiqəsi almışdır. Yeni sürücülük vəsiqəsi alarkən köhnə sürücülük vəsiqəsinə yazılmış cərimələr DİN-nin tələbinə əsasən ödənilməlidir. O, sürücü kimi işini itirməmək üçün, TP ******* saylı qərarla yazılmış 100 (bir yüz) manat cəriməni ödəmək məcburiyyətinə qalmışdır. 100 manat cəriməni ödəməsi TP ******* saylı qərarla razılaşması anlamına gəlməməlidir. Məhkəmənin icraatında olan şikayətin araşdırılmasının qanunamüvafiq qaydada davam etdirilməsi və obyektiv qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verməsi üçün prosessual müddəti üzrlü səbəbdən buraxdığını hesab edərək, həmçinin E.V.Mamedovun vəsatətinə əsasən onun Bakı şəhəri Qaradağ Rayonu ərazisində yaşadığını nəzərə alaraq bu barədə verilmiş vəsatəti təmin etməklə Azərbaycan Respublikasının İXM-nin 110.1 və 129.1.3-cü maddələrinə əsasən şəxsin məhkməyə müraciət etmək hüququnun təmin edilməsi üçün həmin işə baxılmasını mümkün hesab etmişdir. Bundan başqa, məhkəmə iclasının tarixi və yeri barədə lazımi qaydada məlumat verilməsinə və məhkəmə iclasının bir neçə dəfə təxirə salınmasına (məhkəmə iclasları xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə keçirilmişdir) baxmayaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə inzibati işə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayət ərizələrində göstərdiklərinə uyğun izahat verərək bildirmişdir ki, hadisə 13 noyabr 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində, baş vermişdir. O, 13 noyabr 2025-ci il tarixdə 18:20 radələrində ona məxsus “X9” markalı “**-TR-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən Bakı şəhəri Binəqədi rayonu Baksol yolunun Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ayrıcına daxil olmamışdan qabaq yolayrıcına çatmamış quraşdırılan svetoforun işığında düzünə və sağa məcburi hərəkət nişanı yaşıl rəngdə olmuşdur. Belə ki, o, qeyd olunan tarixdə eyni istiqamətdə olan iki zolaqlı yolun sol zolağı ilə hərəkət edib svetoforun yaşıl rəngdə “düzünə və sağa” məcburi hərəkət nişanı yanarkən yolayrıcının birinci kəsişməsini keçib əks istiqamətli hərəkət zolaqlarından gələn nəqliyyat vasitələrinə yol verib ikinci kəsişmədən sola dönmüşdür. Məcburi hərəkət nişanı yolun ikinci kəsişmə xəttində həmin svetoforda yanan nişanın tələbləri qüvvədən düşdüyü üçün sola dönmə manevri etmişdir. İdarə etdiyi nəqliyyat vasitəsi ilə yolayrıcının ikinci kəsişməsindən sola dönüb Azadlıq prospekti ilə üzü şəhər istiqamətində təxminən 10-15 metr hərəkət etdikdən sonra Binəqədi Rayon DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis serjantı X3 xidməti nəqliyyat vasitəsi ilə onun nəqliyyat vasitəsini saxlamışdır. Yol-patrul xidməti inspektoru, polis serjantı X1 üzərində müşahidə kamerasının olub-olmadığını xatırlamır. Binəqədi Rayon DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis serjantı X3 ona svetoforun qırmızı işığında keçdiyini bildirmişdir. Həmin vaxt inzibati xəta haqqında protokol hadisə yerində tərtib edilməmiş, protokol gec tərtib edilmişdir. Nəqliyyat vasitəsi yol-patrul xidməti inspektoru tərəfindən saxlanıldığı vaxt o, inzibati xəta hadisəsinin mövcudluğu ilə razlaşmamış, svetoforun qırmızı işığında keçməmişdir. Lakin ona inzibati xata haqqında protokol təqdim edilməmişdir. Binəqədi DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis serjantı X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət etmişdir. Bakı şəhəri Qaradağ Rayonunun ərazisində yaşadığı üçün şikayətinə həmin məhkəmədə baxılmasını xahiş etmişdir. Sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyi üçün ona Biqənədi DYPŞ-nin yol-patrul xidmətinin əməkdaşı tərəfindən yazılan 100 manat cərimə növündə inzibati tənbehi ödəməyə məcbur qalmışdır. Çünki həmin 100 manat məbləğində cəriməni ödəməsə idi, ona yeni sürücülük vəsiqəsi verilməyəcəkdi və sürücü kimi işindən məhrum ola bilərdi. xx.xx.2025-ci il tarixdə yeni sürücülük vəsiqəsi almışdır və həmin vəsiqənin surətini Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdim etmişdir. O, 100 manat inzibati cərimə növündə tənbehi ödəsə də, Binəqədi DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis serjantı X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ilə razı deyildir. Əməlində inzibati xəta tərkibi yoxdur və özünü təqsirli bilmir. xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 61.1.1-61.1.8-ci maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X2 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilərək yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına (“AzDoc”-la bildiriş göndərilməklə və bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxlanılmaqla) baxmayaraq, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu (videoçəkiliş və digər) məhkəməyə təqdim etməmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərara inzibati xəta hadisəsinin mövcudluğunu təsdiq edən video və ya fotoşəkillər əlavə edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İXM-nin 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İXM-nin 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.7-ci bəndində göstərilmişdir ki, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Həmin təlimatın 6.9-cu bəndində göstərilmişdir ki, patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir. Belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq şəxslər məsuliyyət daşıyırlar. Bununla belə, “X9” markalı “**-TR-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsini avtomobilin içəri hissəsində və ya kameranın görünüş dairəsində aparılmasını təsdiq edən, patrul avtomobilində quraşdırılmış videokameranın və yol-patrul xidməti əməkdaşının üzərində olan videokameranın görüntüləri mövcud deyildir. Məhkəmə hesab edir ki, X5 ilə bağlı Azərbaycan Respublikasının İXM-nin tələblərinə uyğun şəkildə icraat aparılmamış, X2 iştirakı təmin edilməmiş, sübutlar toplanmamışdır. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin ərizəsində göstərdiyi arqumentin və digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsində göstərilən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar