Məhkəmə qərarları › İş №3(002)-2663/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2663/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2663/2025 15.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, İskəndərova Səbinə Elşən qızının katibliyi ilə, Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, xx.xx.1982-ci ildə Ermənistan Respublikasının Meğri rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda yaşayan, FİN (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Qaradağ rayon icra şöbəsinin icra məmuru X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 15 dekabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialdan və tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Astara Rayon Məhkəməsinin 2(018)-80/2025-012 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs ödənilməmiş 5850 manat aliment borcu vardır. Məhkəmə iclası zamanı Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X12 məhkəmə iclasında verdiyi izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Astara Rayon Məhkəməsinin 2(018)-80/2025-012 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsi xx.xx.2025-ci il tarixdə şöbəyə daxil olmuşdur. Borcluya müvafiq bildiriş göndərilmiş, əmlakına həbs qoyulmuş, borclu axtarışa verilmişdir. Borclu ilə dəfələrlə əlaqə saxlanılmış, lakin borcu ödəməkdən yayınmışdır. Borclu MMC-də işləyir və əmək haqqı alır. Aliment borcunun ödənilməsi borclunun əmək haqqına yönəlmiş, lakin təəssüf ki, əmək haqqına tutulma yönəldilməsi mümkün olmamışdır. Belə ki, MMC-ni ümumiyyətlə aşkat etmək mümkün deyildir. Borclu şöbəyə gəlməmiş, barəsində axtarış elan olunmuşdur. Axtarış nəticəsində borclu Qaradağ Rayon İcra Şöbəsinə gətirilmiş və MMC-də direktor olduğunu bildirərək borcu ödəyəcəyini demişdir. Ancaq yenə ödəniş etməmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə saat 14:00-da borclu yenidən polis vasitəsilə icra şöbəsinə gətirilmiş, tabesizlik göstərmişdir. İzahatı alınanda yenidən ödəniş edəcəyini bildirmiş, amma bu gümnə kimi ödəniş etməmişdir. Qeyri-rəsmi əmlakının olduğunu, satışa çıxarıb aliment ödənişini edəcəyini bildirmişdir. Tələbkar borcludan şikayətçidir. Borclu tərəfindən 1 manat da olsa ödəniş aparılmamışdır. Borclu Şəxs borcu 5850 manadır. Borclu pul qazana bilir, usta kimi fəaliyyət göstərir, sadəcə olaraq aliment borcunu qərəzli şəkildə ödəməkdən yayınır. Borclu xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aliment borcu üzrə 1890 manat ödəsə də, xx.xx.2025-ci il tarixdək hal-hazıradək aliment borcu üzrə hər hansı ödəniş aparmamışdır. Zərərçəkmiş şəxs Astara rayonunda yaşadığını və borcludan şikayətçi olduğunu demişdir. Borclunun xəstəliyinə görə Qaradağ Rayon İcra Şöbəsinə gəlməməsini təsdiq edən hər hansı sənədi yoxdur. Borclunun bu barədə sənədi olsa belə icra şöbəsinin çağırışlarına gəlməlidir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, heç bir yerdə işləmədiyindən bu qədər borcu yaranmışdır. Nəqliyyat vasitələri rəsmi olaraq onun adında qalmışdır, əslində həmin nəqliyyat vasitələrini notariusda etibarnamə ilə satmışdır. Əvvəllər işlədiyi MMC fəaliyyətini dayandırıb. Həmin MMC tapılmır, adını oraya yazdırıb, şirkətin icraçı direktoru özüdür. Qəsdən əmək haqqından tutulmanın aparılmaması halı yoxdur. Hazırda işsizdir, qeyrirəsmi təmir işləri görür. Çağırışlara getməmişdir, lakin bunu məsuliyyəsizlik ucbatından etməmişdir. Çağırışlara gəlməməsinin səbəbi maddi vəziyyəti ilə əlaqədar olmuşdur. İcra sənədi barədə bildirişlə xx.xx.2025-ci il tarixdə tanış olduğuna görə həmin vaxtdan alimenti ödəməli olması barədə məlumatlı olmuşdur. X1 ilə danışıb razılığa gəlmişdir, tələbkar ondan şikayətçi deyildir. Evi satıb alimenti ödəmək fikri vardır. X5 tutulmamasını istəyir. Bir həftədir ki, müalicədən çıxmışdır. 2 ay narkomaniyadan reabilitasiyada olmuşdur. Narkomaniya ilə əlaqədar məsuliyyətə cəlb edilməmişdir. Aliment ödəməsi barədə qənamə qəbul ediləndə iştirak etməmişdir. Adında olan nəqliyyat vasitəsini etibarnamə ilə satmışdır. Ev isə onun deyil, anasının evidir. Qardaşlarına aliment ödənişinə görə müraciət etmişdir, alimenti ödəmək üçün zərərçəkmiş şəxs ilə hər gün danışıqlar aparmışdır. Ona aliment borcunu ödəməsi üçün vaxt verilməsini, işlədiyi yerdən borc almaq istədiyini, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının gedişatında X1nın ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış, tələbkar borclu Şəxs şikayətçi olduğunu bildirmişdir. Belə ki, o, uşaqları təkbaşına saxlaya bilmir. Onun özü də xəstədir. Borclu Şəxs işləyib-işləməməsi ona maraqlı deyildir, alimenti ödəməlidir. Borclu ilə onun aralarında razılıq olmamışdır. Borclu aliment borcu üzrə hər hansı ödəniş etsə razılıq əldə etmək olar, lakin ödəniş etmir. Borclunun hər ay 470 manat məbləğində aliment ödəməsini, ödəmədiyi halda borclunun barəsində qanuni tədbir görülməsini tələb etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2(018)-80/2025 saylı, 03 mart 2025-ci il tarixli qətnaməsi üzrə 03 mart 2025-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X8 anaları- X2 himayəsinə verilməli, Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment alınıb X3 verilməlidir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-80/2025-012 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanması qərara alınmışdır. Tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şəxs Astara Rayon Məhkəməsinin 2(018)-80/2025-012 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icra edilməsi barədə xəbərdarlıq edilmiş və Şəxs həmin bildiriş ilə xx.xx.2025-ci il tarixdə tanış olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-310/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, təqdimatın təmin edilməsi, Şəxs məxsus olan “DAEWOO ESPERO” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES 190” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı və “BMW 745” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillərinin üzərinə həbsin qoyulması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, borclu xx.xx.1982-ci il təvəllüdlü Müşfiqabad qəsəbəsi, ev 5A, mənzil 30 ünvanında qeydiyyatda olan Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarışın elan edilməsi qərara alınmışdır. Qaradağ rayon icra şöbəsinin icra məmuru X7 tərtib etdiyi 15 dekabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan aydın olur ki, Şəxs Astara Rayon Məhkəməsinin 2(018)-80/2025-012 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən X3 ödəməli olduğu aliment borcu 5850 manat təşkil edir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci madəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin fakt icra sənədi, icraata başlamaq haqqında qərar, borcluya göndərilmiş bildiriş, borclunun izahatı və borclu barədə olan elektron sorğu ilə təsdiq edilir. Protokol tərtib edilən zaman borclu hal-hazırda imkansızlıq səbəbindən aliment borcunu ödəyə bilmədiyini, lakin ödəniş edəcəyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı Şəxs barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış icra sənədini qərəzli şəkildə icra etmədiyi müəyyən edilmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanında 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 58-1-ci bəndində göstərilmişdir ki, icra məmurunun probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti vardır. İnzibati Xətalar Məcəlləsinin 40 və 43-cü maddələrinə əsasən rayon (şəhər) məhkəmələri həmin məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, borclu tərəfindən yaranmış aliment borcunun məbləğinin 5850 manat olmasını, X1nın aliment borcunun tam ödənilməsini tələb edərək borclu Şəxs şikayətçi olduğunu nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 15 dekabr 2025-ci il tarixdən, saat 18:10-dan hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinə biləvasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar