Məhkəmə qərarları › İş №3(002)-2671/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2671/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2671/2024 03.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədzadə Ülviyyə Nizami qızının katibliyi ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarla o, Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərarın qəbul edilməsinin əsası kimi isə ona məxsus "Lökbatan" bazarında yetərli sayda soyuducuların təmin edilməməsi, pendir məhsullarının 24.3 dərəcə temperaturda saxlanılması, satışa təqdim edilən məhsulların üzərində qanunvericliyə uyğun etiketlərin olmaması qeyd edilmişdir. Tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilməmişdir. Barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surəti qanunla müəyyən edilmiş qaydada ona təqdim edilməmişdir. Sözügedən qərarın surəti ona xx.xx.2024-сü il tarixdə Qaradağ rayon İcra Şöbəsinin icra məmuru tərəfindən təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X6 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə aparılmış plandankənar yoxlamalar zamanı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən bazarda X9 tərəfindən satışa təqdim edilən bir sıra qida məhsullarının (süd məhsulları, yumurta, konservləşdirilmiş turşular və s.) mənşəyi məlum deyil, eyni zamanda sözügedən məhsulların üzərində qanunvericiliyə uyğun qaydada etiket məlumatları təmin edilməmişdir. Bazarda aparılan yoxlama zamanı məhsulların (süd və ət məhsullarının) saxlama temperaturlarına riayət olunması və çirklənmədən mühafizə olunması məqsədilə yetərli sayda soyuducularla təmin edilmədiyi müşahidə edilmişdir. Ət məhsullarının saxlanması üçün vitrin soyuducular təşkil olunmasına baxmayaraq, açıq havada saxlandığı, çirklənmədən müdafiə olunmadığı müşahidə edilmişdir. Eyni zamanda satışa təqdim edilən pendir məhsullarının 24.3°C-də saxlanması müəyyən edilmişdir. Bazarda müxtəlif mal qruplarının satışı üçün xüsusi şərait yaradılmış sahələr ayrılmamışdır. Belə ki, bazarda süd məhsullarının satışı eyni sahədə deyil, fərqli sahələrdə həyata keçirilir. Müəyyən cərgə üzrə heyvan mənşəli məhsulların satışı üçün sahələr ayrılmamışdır. Həmçinin açıq havada meyvə tərəvəz məhsullarının satışı da müəyyən cərgə üzrə həyata keçirilmir. Bazarda satışa çıxarılan qida məhsullarının müvafiq müşayiətedici sənədləri mövcud deyil. Belə ki, dondurulmuş toyuqların, süd məhsullarının müvafiq baytarlıq arayışları, habelə meyvə-tərəvəz məhsullarının idxal sağlamlıq aktı və ya daxili karantin sertifikatı ilə müşayiət olunmadan satışının həyata keçirildiyi müəyyən edilmişdir. Bazara gətirilən diri quşların baytarlıq şəhadətnamələri (Forma-1) mövcud deyil. Bazarda qida məhsullarının, əllərin və alət ləvazimatların yuyulması üçün yetərli sayda yuma çanağı təşkil olunmamış, təşkil olunan yuma çanaqlarında axar isti su sistemi təchiz edilməmişdir. Bazarın satış sahəsinin, xüsusilə də ət satşı nöqtələrinin döşəməsinin müəyyən hissələrinin tamlığı pozulmuşdur. Bazar ərasizində mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasına dair təsdiqedici sənədlər mövcud deyil. Ət satışı nöqtələrində təmin edilmiş yuma çanaqlarında daimi axar isti su təminatı təchiz edilməmişdir. Bütün bu pozuntular barədə X5 məlumat verilmiş və yoxlama prosesinin bütün mərhələlərində onun etibarnamə üzrə nümayəndəsi X7 iştirak etmişdir. Həmçinin yoxlama obyekti olan məhsullardan nümunələr götürülmüş və tərkibi araşdırılması üçün laborator müayinəyə təqdim olunmuşdur. Yoxlamanın nəticələri ilə əlaqədar pozuntuların və çatışmazlıqların aradan qaldırılması üçün barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə vaxt tanınmasına baxmayaraq, sonuncu xətanı aradan qaldıracaq hər hansı tədbirlərin görüldüyünə dair orqana müraciət etməmişdir. Göstərilənləri nəzərə alaraq, X9 barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq X6 bildirdi ki, sözügedən yoxlamaların aparılmasına dair təqdim edilmiş sənədlərdən əlavə yalnız fotoşəkilləri təqdim edə bilir, belə ki, yoxlama zamanı qeydə alınmış video görüntünün hazırda bazada mövcud olmaması səbəbi ilə təqdim etməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən X3 vəkili Vəkil bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən aparılmış yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla həyata keçirilmişdir. Sözügedən qərarın surəti X5 xx.xx.2024-сü il tarixdə Qaradağ rayon İcra Şöbəsi tərəfindən təqdim edilmişdir. Belə ki, bu qərarın səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 göndərilibgöndərilməməsinə dair heç bir sənəd-xəbərnamə təqdim edilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, X9 barəsində başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş; xx.xx.2015-ci il tarixli 7E-12415 saylı etibarnamədən görünür ki, X1 Hüseyn Əlibaba oğluna Azərbaycan Respublikasının bütün dövlət idarə, müəssisə və təşkilatlarında, o cümlədən bütün notariat kontorlarında nümayəndəsi olmağı, icarə müqavilələri imzalamağı, lazımı sənədləri verməyi və almağı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində, nazirliyin bütün idarə və təşkilatlarında məni təmsil etməyi, banklarda və digər aiddiyyəti orqanlarda onun nümayəndəsi olmağı adından vergi əməliyyatları, mühasibat işlərini və digər sənədləşmə işlərini aparmağı, rüsumları ödəməyi, sənədləri və arayışları təqdim etməyi və almağı, lazımı sənədlərdə imza etməyi adımdan ərizə verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər hərəkətləri etməyi etibar etmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, vəzifəli şəxs X9 İXM-nin 220.2, 444.1 və 447.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmiş, bu fakt yoxlama baxışının keçirilməsinə dair akt, foto və video görüntülərlə təsdiqlənmişdir. Yoxlamanın aparılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, plandankənar yoxlama aparılmasına dair həmin qərarın surəti X7 tərəfindən təhvil alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY242110154 saylı xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, aparılmış plandankənar yoxlama insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması əsasında aparılmışdır. Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fiziki şəxs X5 məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən "Lökbatan" bazarında süd və süd məhsullarının, toyuq və toyuq məhsullarının, konservləşdirilmiş turşuların, satışı həyata keçirilən sahələrdə həmin növ qida məhsullarının və bazar daxilində açıq havada ət və ət məhsullarının satışı qadağan edilmiş, sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsinə səbəb olan halların və qanun pozuntularının aradan qaldırılması üçün sahibkar tərəfindən yerinə yetirilməli olan konkret tədbirlər göstərilmişdir. xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, X9 tərəfindən İXM-nin 447.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı işə baxılması üçün xx.xx.2024-cü il tarixi təyin edilərək bildiriş tərtib olunmuşdur. Həmçinin xx.xx.2024-cü il tarixli yoxlama materiallarına baxılmasına dair bildiriş qəbul edilmişdir. Lakin həmin sənədlərin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ünvanına göndərilib-göndərilmədiyinə dair hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Qida obyektinə baxışın keçirilməsinə dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən bazarda plandankənar yoxlama aparılmışdır. Lakin bu aktda yoxlamada iştirak edən qida subyektinin subyektinin (və ya səlahiyyətli nümayəndəsinin) iştirakını təsdiq edən imzası müəyyən edilməmişdir. Yoxlamaya dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, aşkar olunmuş pozuntuların siyahısı göstərilmişdir. Həmin aktı X3 əvəzinə X7 imzalamışdır. Yoxlamanın nəticələri üzrə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, aşkar olunmuş pozuntular xx.xx.2024-cü il tarixinədək aradan qaldırılması və bu barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi nəzərdə tutulmuşdur. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Bu qərarın barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 göndərilib-göndərilməməsinə dair heç bir sənəd-xəbərnamə məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd diskə yerləşdirilmiş fotoşəkillərdə yoxlama obyektinin görüntüləri, o cümlədən satılan məhsulların şəkilləri əks olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X9 xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarla Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərarın qəbul edilməsinin əsası kimi isə ona məxsus "Lökbatan" bazarında yetərli sayda soyuducuların təmin edilməməsi, pendir məhsullarının 24.3 dərəcə temperaturda saxlanılması, satışa təqdim edilən məhsulların üzərində qanunvericiliyə uyğun etiketlərin, satışa çıxarılan qida məhsullarının müvafiq müşayiətedici sənədlərinin olmaması qeyd edilmişdir. Lakin sözügedən qərarın surəti ona xx.xx.2024-сü il tarixdə Qaradağ rayon İcra Şöbəsi tərəfindən təqdim edilmişdir. Belə ki, bu qərarın səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 göndərilib-göndərilməməsinə dair heç bir sənəd-xəbərnamə məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, səlahiyyətli orqan yoxlanılan məhsulların baytarlıq sertifikatının X9 tərəfindən təqdim edilməməsinə dair sübut təqdim edə bilməmiş, o cümlədən inzibati xəta haqqında protokolda sübut qismində qeyd edilmiş videogörüntülər təqdim edilməmişdir. Beləliklə aparılmış inzibati icraat üzrə araşdırma birtərəfli qaydada aparılmışdır. Bundan əlavə, yoxlama obyektlərinin kənd məhsulları olmasını, müxtəlif kəndlilərin idxalı olaraq kənd məhsulları formasında satıldığını nəzərə alaraq, onların hər hansı etiketə və ya digər əmtəə nişanına malik olması ağlabatan deyildir. Bundan əlavə satışı həyata keçirilən kənd məhsullarının satışına icazə və ya laborator sənədlərinin olmaması qeyd edilsə də, həmin sənədlərin tələb olunması və ya təqdim ediməsindən imtina olunması hallarını təsdiq edəcək hər hansı sübut əlavə olunmamışdır. Həmçinin yoxlama aparılmasına dair xx.xx.2024-cü il tarixli qərarda yoxlamanın əsası kimi insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olması, habelə mediada məlumatlar yayılması qeyd edilsə də, iş materiallarında belə bir rəsmi müraciətə və ya mediadan daxil olan məlumatlar və ya sənədlər səlahiyyətli orqan tərəfindən təqdim olunmamışdır. Beləliklə, bu əsası təsdiq edəcək sübut olmadığından, plandankənar (növbədənkənar) yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının Qanununun 16.1 və 16.4-cü maddəsinin tələbləri pozulmaqla aparılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin qanunun 16-cı maddəsinə əsasən bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır:

1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə;

2. bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda;

3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda;

4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə. Bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya mediada yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır. Bu Qanunun 16.1-ci maddəsində göstərilən hallardan başqa digər hallarda və bu Qanunun 16.2-16.5-ci maddələrində göstərilən məsələlərdən başqa digər məsələlərin yoxlanılması məqsədilə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz. Bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır:

1. müraciət edən şəxsin əqli sağlamlığı, əvvəlki müraciətlərin doğruluğu;

2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması;

3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi;

4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 447.0.3-cü maddəsinə əsasən İstehlakçıların hüquqlarının pozulmasına, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, X9 inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuş tələblər pozulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. X9 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarda nəzərdə tutulmuş 447.0.3-cü maddəsi ilə inzibati xətanın törədilməsi halı sübuta yetirilmədiyindən o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu səbəbdən X9 barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar