Məhkəmə qərarları › İş №3(002)-2694/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2694/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2694/2025 29.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi ilə, xx.xx.1979-cu il tarixdə doğulmuş, evli, tam orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokola və əlavə olunmuş materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəəhri Qaradağ Rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* seriya və nömrəli «İnzibati xəta haqqında» protokoldan aydın olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, Bakı şəhəri, Qaradağ rayonu ərazisində "CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD MİNİK" markalı "**-YL-***" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində müvafiq icazə olmadan dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Tərəflərə inzibati xəta haqqında işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə və məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, tərəflər təkrarən məhkəmə iclasına gəlməmiş (nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş) və gəlməmələrinin (iştirakın təmin edilməməsinin) səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında materiallara tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs nəqliyyat vasitəsini müvafiq icazə olmadan dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmiş və bununla da onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsilə tövsif olunmalı və həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin təqdim etdiyi birinci videofayldan görünür ki, "CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD MİNİK" markalı "**-YL-***" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin nömrəsinin üzərinə salfetka qoyulmuşdur. Şəxs "CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD MİNİK" markalı "**-YL-***" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ona məxsus olduğunu, lakin nömrənin üstünü örtən salfetkanın kimin tərəfindən qoyulduğunu bilmədiyini bildirmişdir. Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin təqdim etdiyi ikinci videofayldan görünür ki, Şəxs Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin inzibati binasında xidməti otaqda yol polis əməkdaşının suallarına cavab olaraq "CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD MİNİK" markalı nəqliyyat vasitəsinin "**-YL-***" dövlət qeydiyyat nişanın bir hissəsini salfet örtüklə özünün bağladığını bildirmiş, səbəbini izah etməmişdir (hər iki videofayl CD diskə əlavə edilmişdir). Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:11-də Bakı şəhəri Qaradağ rayonunda "CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD MİNİK" markalı "**-YL-***" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində müvafiq icazə olmadan dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etdiyinə görə Azərbayan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törəmişdir. Həmin inzibati xəta haqqında protokola barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin imzalamalı olduğu yerin qarşısı imzalanmış və kiril qrafikasında “Razıyam” sözü yazılmışdır. xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əlavə edilmiş 01 ədəd zərfin üzərində göy rəngli diyircəkli qələmlə latın qrafikasında oxşar xətlə alt-alta "**-YL-***", "CHANGAN Q-05”, “Şəxs” sözləri, altından başqa xətlə kiril qrafikasında “Nömrəni bağladığım salfetkanı təhfil verdim” cümləsi qeyd edilmiş, imza çəkilmiş və həmin imzanın altından kiril qrafikasında “Rasulov Qardaş” sözləri yazılmışdır (həmin xətt və imza xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin imzalamalı olduğu yerin qarşısında olan imzaya və xəttə oxşayır). Kağız zərfin içərisində bir ədəd ağ rəngli safet örtük aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 32.ci maddəsinə əsasən, Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi himayəsudə olan 3 uşağından birinin azyaşlı odluğu müəyyən edilmişdir. 33-cü maddəsinə əsasən, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. 77.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.2-ci maddəsinə əsasən, maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. 77.3-cü maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. 151.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. 151.2-ci maddəsinə əsasən, predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini nəzərə alaraq, inzibati cərimə növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, Şəxs götürülmüş salfet örtüyün dəyərinə və xarakterinə görə dövlət nəfinə müsadirə edilməsi mümkün olmadığından, həmçinin aşkar olunduğu yerlə əlaqədar üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmet olan salfet örtüyün maddi sübut əhəmiyyəti olduğundan zərfdə qablaşdırılmış şəkildə inzibati xəta haqqında iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130 və 342.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar