Məhkəmə qərarları › İş №3(002)-2697/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2697/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2697/2025 16.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, rəsmi qaydada işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla deməsinə görə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 1-ci massivdə yerləşən fərdi həyət evində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhər Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 14 dekabr 2025-ci il tarixdə inzibati ərazidə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə etmişlər. Ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra vətəndaşdan özünü təqdim etməsini tələb etmişlər. Vətəndaş onlarla dialoq zamanı suallara qeyri-adekvat cavab vermişdir. Onlar vətəndaşın narkotik vasitə təsiri altında olmasından şübhələnmişlər. Həmin şəxsi 10-cu Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Müayinə zamanı onda həqiqətən də, narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmiş, eləcə də narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla narkomaniya xəstəliyi aşkar olunmuşdur. O izahatında daha sonra bildirmişdir ki İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinən Şəxs 14 dekabr 2025-ci il tarixdə saat 17:45-də inzibati qaydada tutulmuş və 16 dekabr 2025-ci il tarixdə məhkəməyə gətirilmişdir. Bundan sonra bütün bunlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 16 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tənbeh edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək bildirmişdir ki, təxminən iki ay əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 14 dekabr 2025-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşmış, bir az söhbət etdikdən sonra onu 10-cu PŞ-nə dəvət etmişlər. 15 dekabr 2025-ci il tarixdə onu narkoloji müayinəyə aparmışlar və həmin müayinənin nəticəsi müsbət çıxmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, 14 dekabr 2025-ci il tarixdə təxminən saat 17:00 radələrində polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra 16 dekabr 2025-ci il tarixdə məhkəməyə gətirilənədək tutma altında olmuşdur. Törətdiyi əməldən peşiman olduğunu, valideyninə və qızına baxdığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 15 dekabr 2025-ci il tarixli, 7757 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-da (F11x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma” haqqında 14 dekabr 2025-ci il tarixli protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 14 dekabr 2025-ci il tarixdə saat 17:45-də inzibati qaydada tutulmuş, 16 dekabr 2025-ci il tarixdə saat 09:20-də tutmadan azad edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs məhkəməyə təqdim edilədək tutmadan azad edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və barəsində narkomaniyadan məcburi müalicənin olmasını nəzərə alaraq hesab edir ki, şəxsin barəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 14 dekabr 2025-ci il tarixdən, saat 17:45-dən hesablansın.

3. Şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 10-cu PŞ-yə həvalə edilsin. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar