Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2707/2025 12.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, X5 qızının katibliyi, X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 03 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X11 A” MMC-nin direktoru X3 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 03 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs "X11 A" MMC-nin direktoru X3 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 192.1-ci maddəsinə əsasən 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və cərimə tətbiq edilməsi məqsədilə məhkəməyə təqdim edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(002)-2531/2025 saylı Qərarı ilə iddia tələbi rədd edilmişdir. Diqqətə çatdırmışdır ki, X4 fərdi sahibkar olaraq VÖEN-ə malikdir və MMC ilə fərdi sahibkar arasında xx.xx.2025-ci il tarixli xidmət müqaviləsi mövcud olmaqdadır. Məhkəmənin diqqətinə çatdırmışdır ki, X4 tərəfindən hər hansı şikayət mövcud olmamaqdadır. Sadəcə səhhətinin pisləşməsi ilə əlaqədar (istehsalatda bədbəxt hadisə də mövcud olmamışdır) təcili tibbi yardım çağırıldığı üçün müfəttişliyə məlumat verilmişdir. Fərdi sahibkar olaraq xidmət elədiyi müddət ərzində xidmət aylarına uyğun eqaimələr göndərilmiş, şəxs xidmət elədiyi nəqliyyat vasitəsinə görə fərqlənmə nişanları əldə etmişdir. Fərdi sahibkar özü kiçik sahibkar olduğundan əmək müqaviləsi ilə işləməyə keçmək istəməməkdədir (3(002)-2531/2025 saylı işdə izahatı da alınmışdır). "X11 A" MMC-nin fəaliyyət istiqaməti nəqliyyat fəaliyyəti olsa da, nəzərə almaq lazımdır ki, nəaliyyat fəaliyyətinin də bir çox növləri var. Fərdi sahibkrın göstərdiyi xidmət spesifik olaraq avtobuslarla sərnişindaşımanı ǝhata etdiyindən onun göstərdiyi xidmətlərdən yararlanmaq zərurəti yaranmışdır. Göründüyü kimi İnzibati xəta tərkibi mövcud olmamaqdadır və hesab etmişdir ki, X7 tərəfindən əsassız şəkildə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən "X11 A" MMC-nin direktoru X3 öz izahatında verdiyi şikayəti müdafiə edərək bildirmişdir ki, X4 fərdi sahibkar olaraq VÖEN-ə malikdir və MMC ilə fərdi sahibkar arasında 04 avqust 2025-ci il tarixli xidmət müqaviləsi mövcud olduğuna görə əmək müqaviləsinə ehtiyac yoxdur. Eyni fakt üzrə hüquqi şəxs "X11 A" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 20 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və cərimə tətbiq edilməsi məqsədilə məhkəməyə təqdim edilmişdir. Lakin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli 3(002)-2531/2025 saylı Qərarı ilə protokol əsassız olduğundan təmin edilməmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan X7 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 fevral 2026-cı il tarixli qərarı ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 27 yanvar 2026-cı il tarixli iclasında iştirak etmiş X7 Xidmətinin Bakı şəhəri İdarəsinin nümayəndəsi X9 öz izahatında şikayətin əsassız olduğunu bildirərək qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Növbəti məhkəmə iclasının yeri və vaxtı barədə X7 Xidmətinin Bakı şəhəri İdarəsinə rəsmi məlumat verilsədə nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhəri İdarəsinin 03 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və 20 noyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, vətəndaş X2 işlərin görülməsi zamanı səhhətinin pozulması ilə bağlı məlumat əsasında araşdırma aparılmış və araşdırma zamanı onun xx.xx.2025-ci il tarixdən- xx.xx.2025-ci il tarixədək "X11 A" MMC-nin direktoru tərəfindən AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 2,3,4-cü bəndlərinin tələbləri pozularaq müəssisənin fəaliyyət istiqamətinə aid olan vəzifə (sürücü) müqavilə əsasında cəlb edildiyi müəyyən edildiyi üçün Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin direktoru X3 barəsində X7 Xidmətinin Bakı şəhəri İdarəsinin 03 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, eyni fakt üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-2531/2025 saylı, 12 dekabr 2025-ci il tarixli qərarına əsasən "X11 A" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə, yəni İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "X11 A" MMC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkar X4 arasında əmək münasibətləri yaranmamışdır. İş üzrə toplanmış materiallardan müəyyən olunur ki, tərəflər arasında əmək münasibətləri deyil, mülki-hüquqi xarakterli xidmət münasibətləri mövcud olmuşdur. X4 əmək münasibətlərində olmaq istəmədiyini bildirmiş, əmək müqaviləsinin bağlanması ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. Həmin qərardan X7 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(3-6)-234/2026 saylı, 05 fevral 2026-cı il tarixli qərarı ilə X7 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 3(002)-2531/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi məhkəmə araşdırması zamanı yuxarıda istinad edilən inzibati xətanın nə hüquqi şəxs "xxxx" MMC, nə də həmin MMC-nin direktoru X3 tərəfindən törədilməsi faktı öz təsdiqini tapmamışdır. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "X11 A" MMC nin direktoru X1 şikayəti təmin edilsin. "X11 A" MMC-nin direktoru X3 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhəri İdarəsinin 03 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2707/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2707/2025
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver