Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2719/2025 18.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PŞ-nin sahə inspektoru, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işsiz, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:54-də Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində ucadan ünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PŞ-nin sahə inspektoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:54-də Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində ucadan ünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Şəxs polis şöbəsinə gətirilmiş, sərxoşluq vəziyyətinin yoxlanılması məqsədilə müayinədən keçirilmiş, onun sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə tərkib əlamətləri olduğundan barəsində həmin maddələrlə inzibati xəta protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, hadisə günü Ümid qəsəbəsində avtomobili ilə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxla əmri verilsə də avtomobildə uşağı olduğundan saxlamaq istəməmişdir. Bundan sonra uşağı evə qoyub geri qayıdaraq polisə üzrxahlığını bildirmək istəsə də əməkdaşların həmin yerdə olmadığını görmüş, daha sonra yaxınlıqda olan kafeyə gedərək avtomobili saxlamışdır. Bir müddət sonra avtomobilinə polislərin yaxınlaşdığını görmüş, onlara yaxınlaşdıqda avtomobili saxlamadığına görə aralarında söz-söhbət olmuşdur. Polis tərəfindən avtomobilinin açarı tələb olunduqda açarı polisə təqdim etmiş, polislə birlikdə şöbəyə getmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisə vaxtı o, polisə qarşı heç bir müqavimət göstərməmişdir. Lakin polisin tələblərinə əməl etmədiyi, avtomobili sürüb çıxıb getdiyi üçün özünü təqsirli bilir. Barəsində ədalətli qərar verilməsini, cərimə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ RPİ-nin post-patrul xidməti bölüyü polis nəfəri X6 bildirdi ki, hadisə günü ərazidə xidmətdə olarkən vətəndaş nəqliyyat vasitəsini idarə edərkən təhlükəli manevrlər edərək onlara doğru gəldiyi üçün saxla əmri verilmiş, sürücü avtomobilindən düşdükdən sonra ondan içki qoxusu gəldiyindən ona gözləməli olması, yol polisi çağırılaraq sərxoşluq yoxlamasından keçiriləcəyi bildirilmişdir. Lakin buna baxamayaq sürücü avtomobilinə əyləşərək uzaqlamışdır. Piyada hərəkətdə olan zaman həmin avtomobilin yaxınlıqdakı kafenin qarşısında olduğunu görmüşlər, sürücüyə yaxınlaşaq irad bildirib, hansı səbəbdən sərxoşluq vəziyyətinin yoxlanılması məqsədilə müayinədən keçmək istəməməsini soruşmuş, həmçinin həmin yerə yol polisini dəvət etmişlər. Lakin sürücü səbəbsiz yerə ictimai ərazidə nalayiq ifadələr işlətməyə başlamış, onları təhqir etmiş, şöbəyə dəvət olunduqda getmək istəməmişdir. Bundan sonra həmin şəxs avotomobilinə mindirilib şöbəyə aparılmışdır. Şöbədə olan zaman da o, səs-küy salaraq bölmənin fəaliyyətini pozmağa cəhd etmiş, qışqıraraq ona zorakılıq edildiyini, kömək istədiyini bildirərək öz hərəkətlərini davam etdirmiş, onu nizama-intizama dəvət edən əməkdaşların tələblərini yerinə yetirməmişdir. Suala cavab olaraq bildirdmişdir ki, avtomobildə uşağın olmasını görməmişdir, hadisə yerinə yol polisini çağırıb sürücüdən sərxoşluq müayinəsindən keçməsi üçün gözləməsi tələb olunsa da sürücü avtomobilinə əyləşib uzaqlaşmışdır. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ RPİ-nin post-patrul xidməti bölüyü polis nəfəri X7 digər şahidlə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:54-də Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində ucadan ünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Azemisdən əldə olunmuş məlumatlara əsasən müəyyən olunur ki, Şəxs əlillik dərəcəsi yoxdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər hesab olunur. Şahidlərin izahatlarına və videogörüntüyə əsasən Şəxs polislə mübahisə etməsi və narazılıq ifadə etməsi aydın olur. Lakin onun əməlində hər hansı ictimai qaydanı pozan, zor tətbiq olunması ilə müşayiət olunan eləcə də digər vətəndaşların hadisə yerinə toplaşmasına səbəb olan hər hansı əməli müəyyən olunmur. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin məhkəmə iclasında verdiyi izahatından müəyyən olundu ki, onun əməlində ictimai qaydanı pozan, digər vətəndaşları narahat edə biləcək halları sübut edəcək hər hansı fakt məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, onun həmin əməlləri törətməsinə dair hər hansı əsaslı sübutlar təqdim edilmədiyini nəzərə alaraq, barəsində Məcəllənin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs polisin xidmət aparmasına etiraz etmiş, qanuni tələblərinə tabesizlik göstərmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin polisin qanuni tələbinə tabe olmaması, onun xidmət aparmasına mane olması onun özünün və şahid izahatlarında öz əksini tapmışdır. Bu səbəbdən onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 17 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində həmin maddə üzrə inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 17 dekabr 2025-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə olunsun. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2719/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2719/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver