Məhkəmə qərarları › İş №3(002)-2723/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2723/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2723/2024 02.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Şikayət vermiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Şikayət vermiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət vermiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin Polis X1 inzibati tənbeh vermə haqqında TP ******* saylı 31 iyul 2024-cü il tarixli qərarına əsasən "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.3-cü maddəsinə əsasən 1400 manat cərimə edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında TP ******* saylı 31 iyul 2024-cü il tarixli qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, hüquqi şəxsə cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məhkəmənin səlahiyyətində olmasına baxmayaraq, Baş Dövlət Yol Polisi İdarəsi hüquqi şəxs olan "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.6-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil şikayətin mahiyyətinə uyğun çıxış edərək, "xxxx" MMC-nin barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X6 çıxışında bildirdi ki, **-JL-*** dövlət qeydiyyat nişanlı “DAF FTXE 95” yük markalı avtomobil hüquqi şəxsin balansında olduğundan, inzibati tənbeh tədbiri bu avtomobili idarə etmiş və inzibati xətanı törətmiş işçisinə (vəzifəli şəxsinə) münasibətdə tətbiq olunmuşdur. Həmin avtomobil barədə məlumatlar Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sisteminə daxil edilən zaman avtomobilin mülkiyyətçisi hüquqi şəxs barəsində tətbiq edilmiş olaraq göstərilir. Çünki həmin sistemdə inzibati xətanın subyekti olaraq “vəzifəli şəxs” qrafasını seçmək mümkün deyildir. Bununla bağlı inzibati xətanı törətmiş "xxxx" MMC-nin işçisi X3 imzası ilə təsdiq etmiş olduğu və əməlin onun tərəfindən törədilməsinə dair qeyd inzibati tənbeh vermə haqqında qərara əlavə edilmişdir. Belə ki, barəsində şikayət verilmiş qərarda tətbiq edilmiş cərimənin məbləği inzibati xəta haqqında qanunvericilikdə məhz vəzifəli şəxslər üçün nəzərdə tutulmuş həddədir. Bu da həmin cərimənin vəzifəli şəxs barəsində tətbiq edildiyinin göstəricisidir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar qanuni olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara əsasən "xxxx" MMC-nin vəzifəli şəxsi X5 xx.xx.2024-cü il tarixdə **-JL-*** dövlət qeydiyyat nişanlı “DAF FTXE 95” yük markalı avtomobil ilə hərəkətə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 1400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xətanı törətmiş "xxxx" MMC-nin işçisi X3 imzası ilə təsdiq etmiş olduğu və əməlin onun tərəfindən törədilməsinə dair qeyd inzibati tənbeh vermə haqqında qərarda öz əksini tapır. Beləliklə, məhkəmə "xxxx" MMC-nin şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Məhkəmə təqdim olunmuş sənədlərə əsaslanaraq qeyd edir ki, inzibati xətanı törətmiş "xxxx" MMC-nin işçisi X3 imzası ilə təsdiq etmiş olduğu və əməlin onun tərəfindən törədilməsinə dair qeyd inzibati tənbeh vermə haqqında qərara əlavə edilmişdir. Belə ki, barəsində şikayət verilmiş qərarda tətbiq edilmiş cərimənin məbləği inzibati xəta haqqında qanunvericilikdə məhz vəzifəli şəxslər üçün nəzərdə tutulmuş həddə olduğunundan həmin cərimənin vəzifəli şəxs barəsində tətbiq edildiyi müəyyən olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.3-cü maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) yüklənməsinə görə - vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan Şikayət vermiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət vermiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar