Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2747/2024 02.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı Qərarı ilə o, İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərar tamamilə qanunsuzdur. Belə ki, o, qeyd edilən inzibati xətanı törətməmişdir. O, bu inzibati icraatın aparılmasından məlumatsız olmuş, heç bir orqana dəvət edilməmiş və izahatı alınmamışdır. Barəsində belə bir qərarın qəbul edildiyini xx.xx.2024-cü il tarixdə qərarı poçt vasitəsi ilə aldıqda bilmişdir. Bundan başqa o, yük maşını sürücüsü işləyir və daş karxanalarında artıq kəsilərək istifadə olunmuş daş qırıntılarının daşınmasını həyata keçirir, yəni hər hansı bir qazıntı işləri aparmamış və təbiətə ziyan vurmamışdır Əksinə tullantı daş qırıntılarını maşınla daşıyaraq başqa bir yerə daşınmasını həyata keçirmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək əlavə olaraq bildirdi ki, o, sadəcə hazır yığılmış daş qırıntılarının ərazidən başqa bir yerə daşınmasını həyata keçirir, bilavasitə özü tərəfindən qazıntı işləri aparılmamışdır. Belə ki, həmin qazıntı işlərini daş karxanasının sahibi özünə məxsus ekskavatorlar vasitəsilə aparır, daş hasilatını həyata keçirdikdən sonra onun tullantı hissəsi çıxarılmış mişar daşlarından ayrılaraq yığılır. İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirdi ki, İdarənin müvafiq sərəncamına əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində Qaradağ rayonu xidməti ərazisində "Ətraf mühitin mühafizəsi haqqında", "Yerin Təki haqqında" Azərbaycan Respublikasının qanunlarının və mövcud ekoloji qanunvericilik aktlarının icrasına nəzarət məqsədilə keçirilən monitorinqlər zamanı Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində, karxanalara yaxın ərazidən dövlət qeydiyyat nömrə nişanları **-BX-*** olan "Kamaz" markalı nəqliyyat vasitəsi və **-OF-*** dövlət qeydiyyat nömrə nişanlı "BMC" markalı özüboşaldan yük avtomobili ilə qanunsuz olaraq ümumilikdə 21 m³ həcmində qarışıq süxur kütləsinin daşınması faktı aşkar edilmişdir. Aparılan araşdırma müddətində yük avtomobilinin sürücüsü özünə və nəqliyyat vasitəsinə dair sənəd təqdim etməkdən imtina etmişdirlər. Araşdırma müddətində nəqliyyat vasitələrinin sürücülərinə "Yerin Təki haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri izah olunaraq aşkar olunmuş faktla əlaqədar barəsində akt və protokol tərtib olunacağı bildirilsə də, vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməkdən və monitorinq aktında iştirak etməkdən imtina etmişdir. Aşkar olunmuş faktla əlaqədar xx.xx.2024-cü il tarixli monitorinq aktı tərtib edilərək təbiətə dəymiş 176,4 manat məbləğində ziyan hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq yuxarıda göstərilən nəqliyyat vasitələrinin kimlərə, hansı idarə və ya təşkilata aid olmasının aydınlaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi məktubla müraciət olunmuşdur. Həmin idarədən daxil olmuş məktuba əsasən sözügedən nəqliyyat vasitəsini idarə edən şəxsin X4 olduğu məlum olmuşdur. Bununla da X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə uyğun olaraq protokol tərtib edilmişdir. Məhkəmənin suallarına cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirdi ki, bu daşınma müvafiq qaimə və icazə olmadan aparılır. Belə ki, qazıntını həyata keçiriən daş karxanası X2 xüsusi lisenziya alaraq dövlət büdcəsinə ödəniş etməlidir. Həmçinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ünvanına rəsmi məlumat göndərilərək dəvət olunmasına baxmayaraq, gəlməkdən imtina etmişdir. Əlavə olaraq bildirdi ki, həmin inzibati xəta üzrə daş karxanasının mülkiyyətçisi məsuliyyətə cəlb edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarın surətindən görünür ki, X4 İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli 211 saylı manitorinq aktından görünür ki, xx.xx.2024xx.xx.2024-cü il tarixlərində Qaradağ rayonu xidməti ərazisində "Ətraf mühitin mühafizəsi haqqında", "Yerin Təki haqqında" Azərbaycan Respublikasının qanunlarının və mövcud ekoloji qanunvericilik aktlarının icrasına nəzarət məqsədilə keçirilən monitorinqlər zamanı Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində, karxanalara yaxın ərazidən dövlət qeydiyyat nömrə nişanları **-BX-*** olan "Kamaz" markalı nəqliyyat vasitəsi və **-OF-*** dövlət qeydiyyat nömrə nişanlı "BMC" markalı özüboşaldan yük avtomobili ilə qanunsuz olaraq ümumilikdə 21 m³ həcmində qarışıq süxur kütləsinin daşınması faktı aşkar edilmişdir. Aparılan araşdırma müddətində yük avtomobilinin sürücüsü özünə və nəqliyyat vasitələsiə dair sənəd təqdim etməkdən imtina etmişdirlər. Araşdırma müddətində nəqliyyat vasitələrinin sürücülərinə "Yerin Təki haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri izah olunaraq aşkar olunmuş faktla əlaqədar barəsində akt və protokol tərtib olunacağı bildirilsə də, vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməkdən və monitorinq aktında iştirak etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş ayrı-ayrı fotoşəkillərdə **-BX-*** dövlət qeydiyyat nişanlı “Kamaz” yük markalı nəqliyyat vasitəsi və yığılmış daş qırıntıları əks olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayət ərizəsini, təqdim olunmuş fotoşəkilləri və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, mişar daşlarının əldə olunması zamanı əmələ gələn tullantılar həmin ərazidə toplanmış şəkildə saxlanılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 ərazidə hər hansı qazıntı işləri aparmadan, tullantı şəklində toplanmış, hazır vəziyyətdə saxlanılan daş qırıntılarını nəqliyyat vasitəsinə yükləmiş və daşımışdır. Onun həmin ərazidə bilavasitə qazıntı aparmaqla hansısa süxur kütləsini əldə etməsi faktını təsdiq edəcək hər hansı sübut növü təqdim edilməmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə aid olmayan, fotoşəkli çəkilmiş nəqliyyat vasitəsində mövcud olan və süxur kimi təqdim edilən həmin kütlənin həqiqətən süxur növünə aid edilib-edilmədiyini təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəməyə təqdim olunmuş fotoşəkillər hər biri ayrılıqda məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, sözügedən qarışıq süxurların görüntüsünün məhz X1 idarə etdiyi **-BX-*** dövlət qeydiyyat nişanlı “Kamaz” yük markalı nəqliyyat vasitəsinin yük yerində çəkilməsi, həmçinin həmin kütlənin “Yerin təki haqqında” Azərbaycan Respublikasinin Qanununun 1-ci maddəsində sadalan süxurlara aid edilməsi sübuta yetirilmir. “Yerin təki haqqında” Azərbaycan Respublikasinin Qanununun 1-ci maddəsinə əsasən yerin təki dedikdə, yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsi başa düşülür. Həmin qanunun 7-ci maddəsinə əsasən Yerin təkindən istifadənin növləri aşağıdakılardır: 1.geoloji və geoekoloji öyrənmə; 2.faydalı qazıntıların çıxarılması; 3.dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə; 4.faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı; 5.elmi, mədəni, estetik, müalicə-sağlamlıq əhəmiyyətlərinə malik xüsusi mühafizə edilən geoloji obyektlərin (elmi və tədris sınaq meydanları, geoloji qoruqlar, yasaqlıqlar, təbiət abidələri, mağaralar və digər yeraltı boşluqlar) yaradılması; 6.mineraloji, paleontoloji və digər geoloji kolleksiya materiallarının toplanması, arxeoloji qazıntıların aparılması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması nəticəsində qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında işlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə, tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işlə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün qərar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2747/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2747/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver