Məhkəmə qərarları › İş №3(002)-275/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-275/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-275/2023 07.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 fevral 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 22 yanvar 2023-cü il tarixdə saat 07:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində Məscidin yaxınlığında yerləşən Qoşa Çinar adlı kafenin qarşısında 3.5 metr uzunluğunda olan dəmir borunu oğurlamış, bununla da, Azərbaycan Respublikasının İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru F.M.Bağırov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 06 fevral 2023-cü il tarixdə vətəndaş X3 10-cu PB-yə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə ona məxsus olan Çinar kafesində dəyəri 75 manat olan 3.5 metrlik dəmir borunun əvvəllər də tanıdığı Zahid adlı şəxs tərəfindən oğurlanmasını bildirmiş, sonuncunun müraciəti əsasında Polis Bölməsində araşdırma aparılmış, vurulmuş ziyanın məbləği nəzərə alınmaqla 07 fevral 2023-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati icraat açılması barədə qərar qəbul edilmişdir. Bundan sonra, hadisəni törətmiş şəxsin Şəxs olduğu müəyyən edilmiş və bu səbəbdən də, sonuncunun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək bildirmişdir ki, 3 ədəd 3.5 metr uzunluğunda dəmir borunu Müşfiqabad qəsəbəsində tanıdığı Nail adlı şəxsə məxsus olan Qoşa Çinar kafesindən oğurlamışdır. Daha sonra həmin dəmir borunu metal qəbul edən şəxsə 12 manata satmışdır. Maddi imkanı olmadığına görə dəymiş ziyanı ödəyə bilmir. Hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcək. Göstərilənləri nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməmişdir. Həmçinin bildirmişdir ki, o, 06 fevral 2023-cü il tarixdə, saat 21:00-da polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs N.S.Aslanov izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ona məxsus olan Çinar kafesində dəyəri 75 manat olan 3.5 metrlik dəmir boru tanıdığı Zahid adlı şəxs tərəfindən oğurlanmışdır. Müşahidə kamerasına baxarkən Şəxs tərəfindən dəmir borunun oğurlandığını görmüşdür. Oğurladıqdan sonra ona xəbər vermişdir ki, özü könüllü olaraq oğurladığı borunu qaytarsın. Hazırda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilmədiyini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı Orxan Ocaqov tərəfindən tərtib edilmiş 07 fevral 2023-cü il tarixli raportdan görünür ki, ünvan 3 ünvanında yaşayan X3 xx.xx.2023-cü il tarixdə 10-cu PB-yə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə ona məxsus olan Çinar kafesindən dəyəri 75 (yetmiş beş) manat olan 3.5 metrlik dəmir borunun tanıdığı Zahid adlı şəxs tərəfindən oğurlanması barədə məlumat vermiş və eyni məzmunlu izahat vermişdir. X1 müraciəti 10-cu polis bölməsinin "Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında" 339 sayı ilə qeydə alınaraq icraata qəbul edilmişdir. X1 müraciəti üzrə toplanmış materialla əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati icraat açılması barədə qərar qəbul edilmişdir. Odur ki, qəbul edilmiş qərarın icra edilməsi üçün müvafiq əməkdaşa həvalə edilməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 06 fevral 2023cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuş, 07 fevral 2023-cü il tarixdə 13:55-də azad edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, N.S.Aslanovun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, inzibati icraat açılması qərara alınmışdır. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 yanvar 2023-cü il tarixdə saat 07:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində Məscidin yaxınlığında yerləşən Qoşa Çinar adlı kafenin qarşısında 3.5 metr uzunluğunda olan dəmir borunu oğurlamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 07 fevral 2023-cü il tarixdən saat 15:40-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs 06 fevral 2023-cü il tarixdən 07 fevral 2023-cü il tarixədək tutulma altında saxlandığı cəmi 01 (bir) gün müddət ona təyin edilmiş həbs növündə tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 24 (iyirmi dörd) gün müddətində həbs növündə tənbeh tədbiri saxlanılsın. Həbsetmənin əvvəli 07 fevral 2023-cü il tarixdən saat 15:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar