Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2758/2025 15.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə X3 Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən qəbul edilmiş 12 dekabr 2025-ci il tarixli İXP ******* nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon DYPŞ-sı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon DYPŞ polis mayoru X1 xx.xx.2025-ci il tarixli qərar qəbil edilərək onu İXM- nin 327.2, 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, guya o xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində idarə etdiyi "X6" markalı **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. Bildirmişdir ki, o heç bir yol hərəkəti qaydasını pozmamışdır, barəsində əsassız olaraq qərar qəbul edilmişdir. Əgər o həqiqətən də inzibati xəta törətmişdirsə bu bir başa sübutla (foto və video görüntü) təsdiq olunmalı idi. Yalnız bir şəxsin şəxsi mülahizəsinə əsasən mənim inzibati xəta törətməyim təsdiq oluna bilməz. Mənim barəmdə tərtib edilmiş inzibati protokol və qərar mənim elekrton kabinetə yerləşdirilməyib və inzibati xəta hadisəsini təsdiq edən video və ya foto görüntü həmin kabinetdə yoxdur. xx.xx.2025-ci il tarixdə onun barəsində protokol (İXP7668060) tərtib edilərək Asan ödəniş sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Lakin müvafiq qərar elektron kabinetinə yerləşdirilməmişdir. Yalnız sürücülük hüququnun məhdudlaşdırılması barədə SMS gəlmişdir. Məsələ ilə əlaqədar bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə uyğun olaraq bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Məsələ ilə əlaqədar bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində əsasən həmin maddədə nəzərdə tutulan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən xətalar üzrə birbaşa elektron qərar çıxarılır. Protokol yalnız İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulan qaydada səlahiyyətli vəzifəli şəxs bilavasitə aşkar edilən inzibati xətalar üzrə çıxarıla bilər. Mənim barəmdə inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmədiyindən, müvafiq protokolun tərtib edilməsi anlaşılmazdır. Xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilməmiş, həmin foto və ya video materiallar da elektron kabinetimə yerləşdirilməyib. Bu isə İnzibati Xətalar Məcəlləsinin 38.6-cı və 122.3.1-ci maddələrinə ziddir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, 12 dekabr 2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” TM-nin qarşısında "X6" markalı **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə mərkəz istiqamətinə hərəkət edərkən qarşıda yerləşən birinci svetoforun yaşıl işığının dəyişməsinə dörd saniyə qalmış həmin svetoforu keçərək yol ayrıcına daxil olmuş, lakin bundan bir xeyli aralıda yerləşən ikinci svetoforu keçərkən günün “pik” saatları olduğuna görə yolun hərəkət hissəsində tıxac yarandığından svetoforun qırmızı işığında keçmişdir. Barəsində qəbul edilmiş qərar əsassızdır. Əgər o həqiqətən də inzibati xəta törətmişdirsə bu bir başa sübutla (foto və video görüntü) təsdiq olunmalı idi. Lakin bu barədə elektron kabinetə foto və ya video yerləşdirilməmişdir. Onun haqqında tərtib edilən protokolda onun qırmızı işıqda keçdiyi qeyd edilmişdir. Halbuki o, svetoforun yaşıl işığında keçmiş və o keçdikdən sonra svetoforun sarı işığı yanmışdır. Odur ki, qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 08 yanvar 2026-cı il tarixli iclasında iştirak etmiş Qaradağ RPİ-nin DYPŞ-nın yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 öz izahatında verilmiş şikayəti qəbul etməyərək həmin protokolun onun tərəfindən tam düzgün tərtib edildiyini, həmin ərazidə yerləşən işıqforların göstəricilərinin eyni vaxtda dəyişdiyini və sürücünün svetoforun qadağanedici nişanlarında yol ayrıcına daxil olaraq oradan keçdiyi müəyyən edilmişdir. O öz izahatında daha sonra qeyd olunan hadisənin tam videogörüntüsünün məhkəməyə təqdim edilməsi məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə Qaradağ Rayon Polis İdarəsinin DYPŞ-sına qanunverilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmiş, o cümlədən qeyd olunan inzibati xəta hadisəsinin tam videogörüntüləri məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və Qaradağ Rayon Polis İdarəsinin DYPŞ-sı tərəfindən qəbul edilmiş 12 dekabr 2025-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X5 12 dekabr 2025-ci il tarixində saat 16:53-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “X6” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirməklə və İXM-nin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1.333-1.1., 342.7, 343.1, 343-1.1 və 346.2 - 346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Qaradağ Rayon Polis İdarəsinin DYPŞ-sı tərəfindən qəbul edilmiş 12 dekabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş hadisənin görüntüsünü tam əks etdirməyən videogörüntüdən aydın olur ki, X5 göstərilən tarixdə hərəkətin intensiv vaxtı, qeyd olunan ərazidə idarə etdiyi “X6” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillə yol ayrıcında ikinci svetofora yaxınlaşarkən svetoforun sarı işığı, son anda isə qırmızı işığı yanmışdır. X3 birinci svetoforu keçərkən həmin svetoforun yaşıl işığının neçənci saniyəsində svetoforu keçməsinə dair videogörüntü məhkəməyə təqdim edilməmişdir. Lakin hazırkı videogörüntüdən də aydın olur ki, X5 birinci svetoforu yaşıl işıqda keçməklə yol ayrıcına daxil olmuşdur. Mövcud qanunvericiliyin tələblərinə görə sürücü svetoforun yaşıl siqnalında yol ayrıcına daxil olubsa, siqnal dəyişsə belə yol ayrıcını tərk etməlidir. Yəni svetoforun yaşıl işığında yol ayrıcına daxil olmuş nəqliyyat vasitəsi üçün qırmızı işıq pozuntu yaratmır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində göstərilir ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-in 327.2 və 327.7-ci maddələri ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nın 12 dekabr 2025-ci il tarixli İXP ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2758/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2758/2025
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver