Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2770/2024 12.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X4, Tələbkarın nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay yolu, yataqxana 2 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(102)-4326/2015 nömrəli və xx.xx.2021-ci il tarixli, 2(102)-2743/2021 icra sənədlərinə əsasən Şəxs 27229 manat ödənilməmiş aliment borcu mövcuddur. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmurunun qanuni tələbini icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. 2016-cı il tarixdə barəsində inzibati həbs və inzibati cərimə tətbiq edilmişdir. Onun rəsmi iş yeri olmadığı və İ dərəcədən əlilliyi olduğu üçün ödənişləri hissəli şəkildə ödəyə biləcəyini izahatında bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirdi ki, borclu tərəfindən hazırki tarixədək 16253 manat olmaqla aliment ödənişləri həyata keçirilsə də icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, qeyd etmişdir ki, ödənişlərin ödənilməmə səbəbi xəstə olduğundan cərrahiyyə əməliyyatı keçirməsi olmuşdur. Aliment barədə qətnamə çıxarkən o, xaricdə olmuş və bundan gec məlumatlı olmuşdur, buna görə də borc yığılmışdır. Həmçinin, qeyd etmişdir ki, alimentlə bağlı qəbul edilmiş qətnamə əsasında ondan aylıq 500 manat məbləğində pulun tutulması nəzərdə tutulsa da, səhhətində yaranmış problemlərlə bağlı keçirdiyi cərrahiyyə əməliyyatlarından sonra işləyə bilmədiyini nəzərə alaraq, aliment məbləğinin azaldılması ilə bağlı məhkəməyə yenidən müraciət etmişdir. Sonuncu qərarla aliment məbləği 170 manat təyin edilmişdir. Yerimək məhdudiyyəti ilə əlaqədar işləyə bilmədiyindən, aliment borcu ilə əlaqədar tutulmalar İ dərəcə əlilliyi üzrə ona təyin olunmuş pensiyaya yönəlmişdir. Hazırda, alimentin mütəmadi olaraq pensiyasından tutulduğunu, səhhəti ilə bağlı başqa gəlirinin və iş yerinin olmadığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X5 izahatında bildirmişdir ki, borclu ödənişləri qərəzli icra etmir, həmçinin icra məmurunun çağırışlarından yayınır. Hazırda yığılmış borcunun ödənilməsini tələb edir, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(102)-4326/2015 nömrəli icra sənədindən görünür ki, 28 mart 2014-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh Şəxs 500 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməlidir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(102)-4326/2015 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-2743/2021 nömrəli icra sənədindən görünür ki, xx.xx.2021-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh Şəxs 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməlidir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-2743/2021 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(102)-4326/2015 nömrəli və xx.xx.2021-ci il tarixli, 2(102)-2743/2021 icra sənədlərinə əsasən Şəxs 27229 manat ödənilməmiş aliment borcu ödənilməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmurunun qanuni tələbini icra etməmişdir. İş materiallarında olan ödəniş cədvəlindən və məhkəmə iclasında icra məmurunun izahatından aydın olur ki, borclu tərəfindən hazırki tarixədək 16253 manat olmaqla aliment ödənişləri həyata keçirilmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən və əlillik vəsiqəsinin surətindən görünür ki, Şəxs İ dərəcədən əlilliyi olan şəxsdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən qərəzli törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair də heç bir hal müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında bir daha barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən tələbkarın xeyrinə, ümumilikdə 16253 manat ödəniş edildiyi müəyyən edilmişdir. Bundan əlavə, yerimək məhdudiyyəti və əlil arabası ilə hərəkət edə bildiyini, kənar şəxslərin müdaxiləsi olmadan icra şöbəsinə gəlməsinin qeyri-mümkün olduğunu nəzərə alaraq, məhkəmə onun çağırışlara gələ bilməməsini yayınma halı kimi qiymətləndirmir. Bu səbəbdən məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşən borcunun ödənilməsindən və icra məmurunun çağırışlarından qərəzli olaraq yayınması hallarının mövcud olmaması qənaətinə gəlir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öhdəliyində dörd övladının olduğunu nəzərə alaraq, hesab edir ki, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi əksinə hazırki vəziyyətinin ağırlaşmasına səbəb ola bilər. Həmçinin qanunvericiliyin tələbinə görə onun İ dərəcədən əlilliyi olduğundan barəsində inzibati həbs tətbiq oluna bilməz. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2770/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2770/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver