Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2790/2024 17.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndələri Nümayəndə1 və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" QSC-də mühəndis işləyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 16 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan protokoldan aydın olur ki, Əliyev X7 rayon Məhkəməsinin e-2(002)-206/2023 saylı, 03 may 2023-cü il tarixli icra sənədinə əsasən X3 azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M. Seyidov küçəsi, ev 5, 60 saylı mənzilə köçürülməsini təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X6 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin e-2(002)-206/2023 saylı, 03 may 2023-cü il tarixli icra vərəqəsinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs azyaşlı övladı; 20 fevral 2018-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzilə köçürülməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 02 aprel 2024-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu tərəfindən həmin bildirişin rəsmi şəkildə alınmasına dair xəbərnamə daxil olmasa da onunla bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlanılmış, borclunun icra şöbəsinə gəlməsi və icra vərəqəsində göstərilənlərin icra edilməli olduğu ona bildirilmişdir. Lakin borclu xidməti işi ilə bağlı rayonda olduğunu bildirərək icra şöbəsinə gəlmədiyindən və qətnamənin icrasından yayındığından onun barəsində mülki axtarış işi açılmışdır. 16 sentyabr 2024-cü il tarixdə borclu Qaradağ rayon İcra Şöbəsinə gəlmiş və qətnaməni icra etməcəyini bildirdiyi üçün onun barəsində protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərin nəzərə alınaraq borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs qətnamənin icrasını tələb etdiyini, Şəxs qətnamənin icrasından qəsdən yayındığını bildirərək sonuncu barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, başqa yaşayış yeri olmadığı üçün hal-hazırda azyaşlı övladı ilə birlikdə atasına məxsus mənzildə yaşamağa məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 öz izahatında göstərmişdir ki, Şəxs qətnamənin icrasından qəsdən boyun qaçırır. Belə ki, o hal-hazırda Mingəçevir rayonunda işlədiyini və işə görə İcra Şöbəsinə gələ bilmədiyini bildirsə onun həqiqətən də Mingəçevir şəhərində işləməsinə dair hər hansı bir sübut mövcud deyildir. Bundan başqa borclu öz şəxsi işi, o cümlədən məhkəmə işləri ilə bağlı Bakı şəhərinə gələrək vəkili Nümayəndə2 ilə müqavilə bağlayaraq uşaqla ünsiyyət üçün iddia qaldırmışdır. Yəni o, Bakı şəhərində olmuş, lakin qərəzli olaraq icra şöbəsinə gəlməyərək qətnaməni icra etməkdən qərəzli olaraq yayınmışdır. Şəxs hərəkətlərindən aydın olur ki, o icra vərəqəsindən xəbərdar olsa da qəsdən onun icrasından yayınır. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X4 öz izahatında Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, tələbkar olan qızı Zərərçəkmiş şəxs yaşamağa heç bir yeri yoxdur, azyaşlı uşağı ilə onun mənzilində məskunlaşıb. Həmin mənzil də onun yeganə yaşayış yeridir. Borclu icra işini qəsdən uzatmaq məqsədilə məhkəmədə yenidən iddia qaldırıb. Lakin həmin qətnamə qanuni qüvvəyə minməyib və həmin qətnamədən qanunla müəyyən edilmiş müddətdə və qaydada apellyasiya şikayəti veriləcəkdir. Yəni həmin qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və borclu qəsdən icradan yayınır. O öz izhaatında daha sonra göstərmişdir ki, qəbul edilmiş bütün qərarlara hörmətlə yanaşır və hazırkı qüvvəyə minmiş mənzilə köçürülmə ilə bağlı qətnamə icra olunmalı və qızı qeyd olunan mənzilə köçürülməlidir. Gələcəkdə mənzilə istifadə hüququna xitam verilməsinə dair qətnamə qanuni qüvvəsini alacağı təqdirdə qızı heç bir problem yaratmadan qeyd olunan mənzili tərk edəcəkdir. Odur ki, borlcu barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. İcra məmurunun çağırışlarına gəlməməsinin səbəbi işi ilə əlaqədar olmuşdur. Belə ki, o "xxxx" QSC-də mühəndis işləməklə hal-hazırki iş yeri Mingəçevir şəhərində yerləşən X5, o orda layihə rəhbəridir və həmin ərazidə də qalmaqla orada yaşayır. Buna görə də icra məmurunun çağırışlarına gələ bilməmişdir. Bundan başqa ona icra vərəqəsi rəsmi şəkildə gəlib çatmamışdır. Qətnaməni icra etməməsinin digər səbəbi isə onunla keçmiş arvadı Zərərçəkmiş şəxs və onun ailəsinin münaqişəli ailə olmasıdır. Belə ki, Zərərçəkmiş şəxs həmin ünvana köçməsi gələcəkdə daha böyük problemlərə yol açacaq. O məhkəməyə müraciət edərək tələbkarın qeyd edilən mənzilə istifadə hüququna xitam verilməsini xahiş etmiş və Qaradağ rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi (vəkili) Nümayəndə2 öz izahatında göstərmişdir ki, Şəxs hal-hazırda "xxxx" QSC-də mühəndis işləməklə halhazırki iş yeri Mingəçevir şəhərində yerləşən X5. Buna görə də icra məmurunun çağırışlarına gələ bilməmişdir. Bundan başqa ona icra vərəqəsi rəsmi şəkildə gəlib çatmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs həmin ünvana köçməsi gələcəkdə daha böyük problemlərə yol açacaq. Belə ki, qeyd edilən ailələr rəsmi olaraq münaqişəli ailələr kimi qeydə alınmışdır. Bundan başqa borclu məhkəməyə müraciət edərək tələbkarın qeyd edilən mənzilə istifadə hüququna xitam verilməsini xahiş etmiş və Qaradağ rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Halhazırda həmin qətnamə qanuni qüvvəyə minməsə də mənzilə köçürülmənin təmin edilməsi qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra yenidən onun icrası zamanı çoxsyalı problemlər yaratmaqla tərəflər arasında daha böyük münaqişənin yaranmasına səbəb olacaqdır. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırkı vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı mənzilə köçürülmə tələbinə dair təmin edilmiş Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, e-2(002)-206/2023 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd olunmuşdur ki, işə baxılarkən nikahın pozulması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmədiyindən (yuxarı instansiya məhkəməsinin icraatında olduğundan), tərəflər arasında nikah xitam verilməmiş hesab olunaraq, mənzilə köçürülmə tələbi təmin edilməlidir. Həmçinin, Kollegiya qeyd etmişdir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verildikdə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yeni əsasla məhkəməyə müraciət edilə bilər. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli e-2(002)- 2014/2024 saylı qətnaməsindən aydın olur ki, cavabdeh Zərərçəkmiş şəxs iddiaçı Şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 5 saylı evin, 60 saylı mənzildən istifadə hüququna xitam verilmişdir. Həmin qətnamədə də qeyd olunmuşdur ki, “yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən, cavabdehin keçmiş ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Cavabdeh tərəfin hazırda yaşayış hüququnu təmin edə bilməməsi barədə dəlilləri isə mülki iş üzrə sübutlarla və tərəflər arasında mübahisə doğurmayan faktlarla (o cümlədən, cavabdehin xx.xx.2022-ci il tarixdən atasına məxsus fərdi yaşayış evində yaşaması, cavabdeh tərəfin izahatına əsasən birgə nikah dövründə də maddi təminatının öz valideynləri tərəfindən qarşılanması, şahidlərin ifadələri, 119 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli arayış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surəti, fotoşəkillər, cavabdehin xəstəliyinə görə iddiaçının məsuliyyət daşımaması barədə qüvvədə olan məhkəmə aktları ilə) təkzib olunur. Məhkəmə, həmçinin qeyd edir ki, mənzilə köçürülmə barədə qətnamə həmin işə baxılarkən tərəflərin nikahına xitam verilməməsinə əsaslanmış, qətnamədə tərəflər arasında ailə münasibətlərinə xitam verildikdən sonra Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yeni əsasla məhkəməyə müraciət edilə biləcəyi izah edilmişdir. Bundan əlavə, məhkəmə iclasında tədqiq olunan digər sübutlara (o cümlədən, cinayət işinin başlanmasının rədd edilməsi, materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarlara, tərəflərin ərazi üzrə polis bölməsində “münaqişəli ailə” kimi qeydə alınmasına dair məktuba, tədqiq edilən videoyazı materiallarına) əsasən, məhkəmə müəyyən edir ki, tərəflər arasında mövcud münaqişəli vəziyyət və münasibətlərin gərginliyi, cavabdehin mübahisəli yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını, müvafiq hüquq normasının məqsədləri və tərəflərin təhlükəsiz yaşamaq hüquqlar baxımından mümkünsüz edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması barədə məhkəmənin gəldiyi nəticə qanuni və ədalətlidir.” Göründüyü kimi mənzilə istifadə hüququna xitam verilməsinə dair qətnamə qanuni qüvvəsi aldıqdan sonra hazırkı icra işinin icra edilməsi daha düzgün və ədalətli olmaqla tərəflər arasında yeni münaqişənin yaranmasının qarşısını almış olacaqdır. Bundan başqa məhkəmə araşdırılması zamanı borclu Şəxs icra məmrunun çağırışlarından qəsdən yayınması da öz təsdiqini tapmamışdır. Belə ki, icra işi öyrənilərkən borclunun icra məmurunun rəsmi bildirişini almasına dair sübut müəyyən edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu rəsmi qaydada "xxxx" QSC-də mühəndis işləməklə iş yeri özünün deməsinə görə Mingəçevir şəhərində yerləşir və özü də orada yaşayır. Lakin icra işində borclunun rəsmi qaydada işləməsi, iş yerinin harada yerləşməsi və icra şöbəsinə gəlməsi üçün iş yerinə rəsmi bildirişin göndərilməsinə dair, yəni borclunun göstərdiyi dəlilləri təkzib edə biləcək hallara dair hər hansı bir sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2790/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2790/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver