Məhkəmə qərarları › İş №3(002)-28/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-28/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-28/2023 31.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair DİNin Baş X2 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 21 dekabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 21 dekabr 2022-ci il tarixdə, saat 10:02-də DYPİ-nin Bakı-Qazax yolununda yerləşən 719 saylı postunda idarə etdiyi “Kamaz 65115 yük” markalı ** CG *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən onun iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrarən idarə etməsi faktı aşkar olunmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə 21 dekabr 2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə DİN-in Baş X2 İdarəsinin Yol-Patrul Xidməti Alayına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs rəsmi qaydada təkrarən məlumat verilsə də tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəmə heç bir məlumat verməmişlər. İş materiallarında olan poçt qəbzinin surətindən isə aydın olur ki, tərəflər məhkəmə iclası barədə bildirişi almışlar. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Buna görə də məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə, iş materiallarını həmçinin məhkəməyə təqdim edilmiş bir ədəd CD diski nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsin Yol Patrul Xidməti Alayının **********003 nömrəli qəbzindən aydın olur ki, “Kamaz” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomonbilin oxlarının sayı 3 ədəd olmaqla ümumi çəkisi 31160 kiloqramdır. Həmin qəbzə əsasən yük avtomobilləri üçün buraxılan çəki miqdarı Rusiya istehsalı yük avtomobilləri üçün 25 000 kiloqram, Avropa istehsalı yük avtomobilləri üçün isə 26 000 kiloqramdır. Belə olan halda sözügedən “Kamaz” markalı avtomobilin çəkisi normadan 5-6 ton yüksək olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtosadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət dövlət xidməti Azərbaycan Metrologiya İnstitutu X1 “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 066956 nömrəli şəhadətnamənin surətindən aydın olur ki, “Yaohua” adlanan, zavod nömrəsi 10407 olan elektron avtomobil tərəzisinin son yoxlama tarixi 28 avqust 2022-ci il olmaqla, 22 avqust 2023-cü il tarixədək istifadə oluna bilər. Məhkəmə iclasında inzibati xəta haqqında protokola əlavə edilmiş elektron daşıyıcıda əks olunmuş videoçəkilişə baxış zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş qayda pozuntusunu törətməsi bir daha öz təsdiqini tapmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, və cd diskdə əksini tapan sözügedən qayda pozuntusunun videoçəkilişləri ilə tam sübuta yetirilir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmaqla 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar