Məhkəmə qərarları › İş №3(002)-280/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-280/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-280/2023 23.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci, 491.3cü və 492.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci, 491.3-cü və 492.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 01 fevral 2023-cü il tarixli, 00100-00325/23 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 61K15849/61K15850 nömrə nişanlı yük avtomaşınında 818 ədəd mətbəxdə istifadə olunan duxovkalar və 1300 ədəd mətbəxdə istifadə olunan duxovkalar üçün ehtiyyat hissələri yükü daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********4909 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, xx.xx.2023-cü il tarixdə “İpək Yolu” gömrük postunda sözügedən nəqliyyat vasitəsinin yük yerinə gömrük təminatı vurulmuş və malların gömrük nəzarəti altında boşaldılması üçün yük avtomaşını təyinatı üzrə Şəxs MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu ünvanında yerləşən anbarına yola salınmış, lakin, həmin anbarda 61K15849/61K15850 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş, qeyd edilən nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan mallar gömrük orqanının icazəsi olmadan boşaldılmışdır. Həmçinin, 61K15849/61K15850 nömrə nişanlı nəqliyyat vasitəsi və mal təyinat yerində aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 61K15849/61K15850 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş, qeyd edilən nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan mallar gömrük orqanının icazəsi olmadan boşaldılmış, həmçinin, sözügedən yük avtomaşını və mallar təyinat yerində aşkar edilməmişdir. Beləliklə də, Şəxs MMC tərəfindən 61K15849/61K15850 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatının gömrük orqanının icazəsi olmadan məhv edildiyi, gömrük nəzarəti altında olan malların sözügedən yük avtomaşınından gömrük orqanının icazəsi olmadan boşaldıldığı və gömrük nəzarəti altında olan malların satışının həyata keçirilərək istifadə edilməklə onlar üzərində sərəncam verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi, 491.3-cü maddəsinə əsasən gömrük orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsi, daşınması, yüklənməsi, boşaldılması və 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə gömrük orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsi, qəsdən məhv edilməsi, qırılması, zədələnməsi və ya itirilməsi gömrük qaydaları əlehinə inzibati xəta tərkibi yaradır. İş materialalrından aydın olur ki, Türkiyə Respublikasından 61K15849/61K15850 nömrə nişanlı yük avtomaşınında daxil olmuş və **********4909 sorğu nömrəli xx.xx.2023cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükün ümumi dəyəri 32844,00 manat təşkil edir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci, 491.3-cü və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/024/002382 saylı xx.xx.2023-cü il tarixli raport, xx.xx.2023-cü il tarixli akt, **********4909 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi, hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı ilə təsdiq edilir. İş materiallarından aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 Bakı Baş Gömrük İdarəsində verdiyi izahatında nümayəndəsi olduğu şirkətin müxtəlif ölkələrdən mətbəxdə istifadə olunan duxovkaları və onların ehtiyyat hissələrini, piltələri idxal etdiyini, sonradan həmin malların daxili bazarda topdan və pərakəndə satışını həyata keçirdiyini, xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 61K15849/61K15850 nömrə nişanlı yük avtomaşınında duxovkalar və duxovkalar üçün ehtiyyat hissələri yükü daxil olduğunu, həmin mallar Bakı Baş Gömrük İdarəsində **********4909 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyini, etibarnamə ilə nümayəndəsi olduğu Cəmiyyət tərəfindən verilən tapşırıq əsasında şirkətin fəhlələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu ünvanında yerləşən şirkətin istifadəsində olan anbarda 61K15849/61K15850 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı açılmış və sözügedən nəqliyyat vasitəsində olan mallar boşaldıldığını, lakin şirkətin səhvi nəticəsində 61K15849/61K15850 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatının açıldığını və sözügedən nəqliyyat vasitəsində olan mallar boşaldılmış olduğunu, 61K15849/61K15850 nömrə nişanlı nəqliyyat vasitəsindən boşaldılmış mallar aidiyyəti sifarişlər üzrə paylanılaraq satışı həyata keçirildiyini, 61K15849/61K15850 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatının (plombun) gömrük orqanının icazəsi olmadan qırılması, sözügedən nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan malların boşaldılması və həmin malların satışının həyata keçirilməsi barədə gömrük orqanına məlumat verilmədiyini qeyd etmişdir. Həmçinin, o izahatında qeyd etmişdir ki, gömrük qaydalarının pozulduğunu MMC olaraq etiraf edirlər və qanunvericilikə nəzərdə tutulmuş cəriməni ödəməyə hazırdırlar. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmalarına baxmayaraq Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci, 491.3-cü və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. 492.1. Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC daha ciddi xəta hesab edilən İXM-nin 491.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: ünvan 4 ünvanında_qeydiyyatda olan Şəxs MMC, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan 32844 (otuz iki min səkkiz yüz qırx dörd) manat təşkil edən malların ümumi dəyərinin əlli faizi məbləğində, yəni 16422 (on altı min dörd yüz iyirmi iki) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar