Məhkəmə qərarları › İş №3(002)-2808/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2808/2025

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2808/2025 22.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X1 iştirakı ilə, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan 04 noyabr 2025-ci il tarixli, İXP ******* №-li protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs MMC-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin yol vərəqəsi və sürücü haqqında məlumat DYPŞ-na beş gün müddətində təqdim edilmədiyi üçün həmin təşkilat barəsində İXM-nin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs MMC-yə rəsmi qaydada təkrarən məlumat verilsədə həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi iş materialları ilə tam təsdiq olunur. Belə ki, 17sentyabr 2025-ci il tarixdə, saat 17:03-də Şəxs MMC-nin mülkiyyətində olan «Krone SD yarımqoşqu» markalı, ** YJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən NTS8- Xocahəsən yolu Xocahəsən ist.də, mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadığına görə İXM-nin 469.3-cü maddəsinin tələblərini pozmuşdur. Bununla bağlı edilən sorğunu Şəxs MMC qəbul etsə də, sorğuya qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab verilməmişdir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İXMnin 347-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2. Hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.3. Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 347-ci maddəsində göstərilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə: vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci, 114, 115 və 117 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) 04 noyabr 2025-ci il tarixli, İXP ******* saylı protokol üzrə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar