Məhkəmə qərarları › İş №3(002)-282/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-282/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-282/2022 21.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 21 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 20 fevral 2022-ci il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “Qobustan” şadlıq sarayında saat 12:00-dan 18:00-adək olan vaxtda icazəsiz toy mərasimi keçirdiyinə görə onun barəsində özünün iştirakı ilə İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 20 fevral 2022-ci il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “Qobustan” şadlıq sarayında saat 12:00-dan 18:00-a qədər olan vaxt ərzində icazəsiz toy məclisi təşkil etmişdir. Buna görə də 21 fevral 2022-ci ildə Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmiş və inzibati qaydada tutulmuşdur. O öz izahatında daha sonra göstərmişdir ki, həmin günə şadlıq sarayında toy mərasiminin keçirilməsinə portalda icazə saat 18:00-dan etibarən alınsa da toy mərasimi göstərilən vaxtdan daha əvvəl, yəni 12:00dan başlamışdır. Lakin bundan başqa digər hər hansı bir pozuntu, yəni ara məsafəsi və iştirak edənlərin sayı barədə pozuntu aşkar edilməmişdir. Qeyd olunan şadlıq sarayı Əzizov Namiq Əmir oğluna məxsus olsa da barəsində protokol tərtib edilmiş Şəxs həmin şadlıq sarayını hər hansı hüquqi sənədlə idarə etməsi müəyyən edilməmiş və Şəxs həmin şadlıq sarayını fiziki şəxs kimi faktiki istifadə etmişdir. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan şadlıq sarayı, barəsində protokol tərtib edilmiş Şəxs faktiki məxsus olmaqla Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 20 fevral 2022-ci il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “Qobustan” şadlıq sarayında keçirlən məclisin sahibi ona yaxınlaşaraq 150 nəfərlik toy məclisi keçirmək istədiyini, lakin məclisdə iştirak edən qadın və kişilərin ayrı-ayrılıqda iştirak edəcəyini bildirərək bu səbəbdən də toy məclisini iki dəfəyə, yəni, saat 12:00-dan 18:00-a qədər və 18:00-dan sonra keçirilməsini xahiş etmişdir. Qeyd olunan şadlıq sarayı atası X4 məxsus olmaqla oranı nə rəsmi, nə də qeyri-rəsmi qaydada işlətməməklə heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Atası hal-hazırda ağır xəstə olmaqla müvəqqəti olaraq fəaliyyət göstərə bilmir. Onun yeganə səhvi həmin şadlıq sarayında toy məclisinin saat 12:00-dan keçirilməsinə şərait yaratması olmuşdur. Qeyd olunan birinci məclis keçirildikdən sonra polis əməkdaşları ona yaxınlaşaraq toy məclisinin keçirilməsinin qanunsuz olduğunu bildirmiş və onu 11-ci PB-na aparmışlar. O öz izahatında daha sonra göstərmişdir ki, 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanmış, ali təhsilli olduğu üçün bir il hərbi xidmət keçməklə 2020-ci ilin oktyabrında ordudan təxris olunmalı olduğu halda İkinci Qarabağ müharibəsinin başlanması ilə əlaqədar könüllü olaraq döyüşlərə qatılmış, “Talış-Suqovuşan” və Laçın rayonunun alınması uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, yaralanmış və müharibədən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdri. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, Əzizov X2 qəsəbəsində yerləşən “Qobustan” şadlıq sarayında karantin rejimi qaydalarını pozmaqla istifadəsinə şərait yaratmışdır. Bununla da o İXM-nin 211.1-ci maddəsinin tələblərini pozmaqla fiziki şəxs kimi inzibati xəta törətmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına” dair 18 sentyabr 2007-ci il tarixli şəhadətnamənin surətindən aydın olur ki, X6 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən qeyri yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Vergilər Departamenti tərəfindən verilmiş sənədə əsasən X6 20.05.2010-cu il tarixdən sahibkar kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs vəzifəli şəxs statusunda deyildir. Həmin Məcəllənin 211.1-ci maddəsində göstərilir ki: epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati materiala əlavə edilmiş 20 fevral 2021-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 20 fevral 2021-ci il tarixdə saat 19:30-da tutulmuşdur. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutmadan dərhal azad edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar