Məhkəmə qərarları › İş №3(002)-2821/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2821/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2821/2024 23.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçi X7 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 342/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1825/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən borclu Şəxs hazırki tarixədək 22316 manat borcun tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X10 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-342/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1825/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən borclu Şəxs 22316 manat məbləğində pul tutularaq X1 xeyrinə ödənilməlidir. Belə ki, həmin icra sənədlərindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-342/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 5330 manat yığılmış aliment borcu, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1825/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 16986 manat pul tələbkar X11 ödənilməlidir. Borclu hazırki ilin mart ayından ödənişləri həyata keçirməmişdir. Onun barəsində əvvəllər dəfələrlə protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1000/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərara əsasən sonuncu barəsində inzibati tənbeh tətbiq edimiş, 3(002)-1953/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərara əsasən inzibati icraata xitam verilmişdir. Borclu dəfələrlə tərəfindən edilmiş çağırışlara gəlməmiş, ödənişlərdən qərəzli yayınmışdır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, hər ay mütəmadi olaraq tələbkara hissəli ödənişlər etmişdir. Müəyyən müddət işsiz olmuş, 2024-cü ilin mart ayında isə Qarabağ bölgəsindən iş təklifi aldığı üçün oraya getmişdir. Bu səbəbdən ödənişləri edə bilməmiş, icra məmurunun çağırışlarına gəlməmişdir. Hazırda işləyir, gəliri 400 manat əmək haqqından və əlavələrdən ibarətdir. İcra sənədi üzrə aliment borcu onun əməkhaqqının 70 faizinə yönəldilmişdir. Borcunu hissəli ödəyəcəyini nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir, əlilliyi olmayan şəxsdir. Tələbkarın ona təqdim etdiyi bank kartı aktiv olmadığından ödənişləri olduğu yerdən edə bilməmişdir. O, hissəli şəkildə ödəmək istədiyi həmin borcdan icra şöbəsinin depozitində saxlanması üçün ödənişi icra məmuruna təqdim etməmişdir. Hazırki iclasda 500 manat tələbkara ödəyə bilir. Bundan əlavə, tələbkar uşaqlarının onunla görüşməsinə icazə vermir. Məhkəmə iclasında iştirak edən tələbkar X13 bildirdi ki, özü işləyir, lakin gəliri iki uşağın saxlanmasına kifayət etmir. Borclunun qeyd etdiyi iş yerindən əlavə, gəlir əldə etdiyi obyektləri mövcuddur. Borclu 2-3 aydan bir 100 manat ödəniş etməklə kifayətlnmiş, bu isə nə aliment borcunu, nə də yığılmış borcu tam əhatə etməmişdir. Ödənişləri qərəzli olaraq vaxtında və təyin olunmuş miqdarda etmədiyindən hazırki tarixə xeyli borc yaranmışdır. Borclu barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib olunduğu halda və məhkəməmə iclası zamanı 500 manat ödəmiş, sonra isə ödənişlərdən yayınmış və çağırışlara gəlməmişdir. Əvvəllər onun barəsində axtarış elan edilmişdir. Bu səbəbdən hazırki iclasda borclunun 500 manat ödənişini qəbul etmir, borcunun tam şəkildə ödənilməsini tələb edir. Bundan əlavə, borclu uşaqları ilə ünsiyyətə dair heç bir müraciət etməmişdir. Tam ödənilmədiyi təqdirdə onun barəsində sərt tənbeh tədbiri seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X12 çıxışında bildirdi ki, borclu əvvəllər borcunu hissəli şəkildə ödəmiş, işləmədiyi müddətdə, həmçinin Qarabağ bölgəsində olduğu vaxtlarda qeyd etdiyi səbəblərdən ödənişləri edə bilməmişdir. Lakin, hazırda onun sabit gəliri mövcuddur və borc əməkhaqqına yönəlmişdir. Bu gün borclu 500 manat ödəniş etmək niyyətində olmasına baxmayaraq, tələbkar bundan imtina edir. Göstərilənləri nəzərə alaraq borclu barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-342/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 17 noyabr 2020-ci il tarixindən xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-342/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1825/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti 27 ünvanında yerləşən 1 saylı mənzilə görə 2020-ci ilin iyul ayından dekabr ayınadək banka ödənilmiş 8000 (səkkiz min) manat pulun ½-nə, yəni 4000 (dörd min) manat hissəsinə iddiaçı X3 pay hüququ müəyyən edilmişdir. Birgə nikah dövründə əldə edilmiş 2012-ci il buraxılışlı, “Mercedes Benz C 250” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş 10.500 manat pulun 1/2 hissəsi, yəni 5250 (beş min iki yüz əlli) manatı cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilsin. Cavabdeh Şəxs qiyməti 3.300.00 manat, 750 əyyarlı, çəkisi 33 qram olan komplekt briliant (üzük, sırğa, qolbaq, sep, klon); qiyməti 600.00 manat, 750 əyyarlı, çəkisi 6 qram olan klonlu qızıl sep; qiyməti - 800.00 manat, 750 əyyarlı, çəkisi 8 qram olan qızıl kəpənək üzük; qiyməti - 900.00 manat, 750 əyyarlı, çəkisi 9 qram olan göy qaşlı sırğa; qiyməti - 800.00 manat, 750 əyarlı, çəkisi 8 qram olan sep, qolbaq (komplekt); qiyməti 36.00 manat, 925 əyyarlı, çəkisi 9 qram olan gümüş komplekt (sep, üzük, sırğa); qiyməti 700.00 manat, 750 əyyarlı, çəkisi 7 qram olan briliant qaşlı üzük; qiyməti - 600.00 manat, 750 əyarlı, çəkisi 6 qram olan qızıl üzükdən ibarət qızıl-zinət əşyaları, onlar naturada mövcud olmadıqda isə onların dəyəri olan 7.736 manat məbləğində pul və 174 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1825/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-342/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1825/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən borclu Şəxs hazırki tarixədək 22316 manat borcun tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Məhkəmə elektron sistemindən əldə olunmuş məlumatdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1000/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərara əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edimişdir. Məhkəmə elektron sistemindən əldə olunmuş məlumatdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1953/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərara əsasən Şəxs barəsində iş üzrə inzibati icraata xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-342/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1825/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən borclu Şəxs hazırki tarixədək 22316 manat borcun ödənişini həyata keçirməmişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi qəbul edildiyi vaxtdan borc məbləğinin ödənilməsinə laqeyd yanaşmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, borclu dəfələrlə icra sənədinin icra olunması üçün qanunauyğun şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, aylarla ödəniş etməmişdir. Bundan əlavə borclunun izahatında irəli sürdüyü ödənişin edilməsi üçün tələbkarın hər hansı bank hesabının aktiv olmaması səbəbi müdafiə xarakterli olmaqla inzibati məsuliyyətdən yayınmaq məqsədi daşıyır və o, borcun ödənişinə münasibətdə tamamilə laqeyd yanaşmışdır, borcunu digər vasitərlə (poçt vasitəsilə və ya digər yaxın qohumu vasitəsilə) ödəməmişdir. Bundan başqa onun barəsində əvvəllər də eyni inzibati xətaya görə icra məmuru tərəfindən protokol tərtib olunmuş, sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1953/2023 nömrəli, xx.xx.2023-cü il tarixli iş üzrə borclunun vəziyyəti üzrlü hesab edilərək iş üzrə icraata xitam verilmişdir. Lakin, bundan sonra borclu ödənişlərdən yenidən yayınaraq, icra məmurunun çağırışlarına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Bundan əlavə, borclu uşaqlarını görə bilmədiyini bildirsə də o, uşaqları ilə ünsiyyətdə olması barədə heç bir müraciət etməmişdir. Bu da borclunun övladlarına qayğı, diqqət göstərməməklə onların sosial təminatına biganə yanaşmasının göstəricidir. Məhkəmə icra məmurunun və tələbkarın izahatında qeyd etdiklərini və tələbkarın yığılmış borca münasibətdə cuzi ödənişi qəbul etmədiyini, Şəxs törətdiyi inzibati xətanın hallarını, onun hazırki tarixə yığılmış borcunu ödəməsində yaranmış maddi çətinliklərini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar