Məhkəmə qərarları › İş №3(002)-2822/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2822/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2822/2024 23.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X3, DİN-in BDYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Nizami küçəsi, ünvansız fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 23 sentyabr 2024-cü il tarixdə, saat 06:00 radələrində “İsuzu” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı-Qazax yolunun 15-ci kilometrində polis əməkdaşlarına tebesizlik göstərmiş və ictimai qaydanı pozmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 23 sentyabr 2024cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş Şəxs 23 sentyabr 2024-cü il tarixdə, saat 06:00 radələrində Bakı-Qazax yolunun 15-ci kilometrində polis əməkdaşının qanuni tələblərinə qəsdən məhəl qoymamış və ictimai qaydanı pozmuşdur. Buna görə də həmin şəxs səhər saat təxminən 06:15 radələrində polis şöbəsinə gətirilmiş, müvafiq sənədləşdirmə aparıldıqdan sonra məhkəməyə aparılacağı barədə ona bildirilmiş və təxminən saat 15:30-da məhkəməyə gətirilmişdir. Şəxs polis şöbəsində olarkən barəsində hər hansı bir inzibati tutma protokolu tərtib edilməmişdir. Odur ki onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Hal-hazırda tərtib etdiyi protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in BDYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru X2 öz izahatında bildirmişdir ki, 23 sentyabr 2024-cü il tarixdə, səhər saatlarında xidmətdə olarkən Bakı-Qazax yolunun 15-ci kilometrində “İsuzu” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş vətəndaşın təhlükəsizlik kəməri taxmadığı aşkar edilmişdir. O bu faktla bağla sürücüyə yaxınlaşaraq sənədləri təqdim etməsini xahiş etmişdir, lakin sürücü buna məhəl qoymayaraq sənədləri təqdim etməyəcəyini bildirmişdir. Bundan başqa şübhə doğurduğu üçün nəqliyyat vasitəsində daşınan yükə baxmaq istədiyini bildirdikdə sürücü buna şərait yaratmamış, aqressiv qaydada ona yükə baxmağa ixtiyarının olmadığını bildirmişdir. O sürücünü dəfələrlə nizam-intizama dəvət etsə də sürücü buna məhəl qoymaraq cibindəki mobil telefonla çəkiliş etməyə və ona hədə-qorxu gəlməyə başlamışdır. Nəticədə o hadisə yerinə 9696 saylı çağırışla ƏÇPA-nın əməkdaşlarını dəvət etmiş və sürücünü maşınına əyləşdirərək 10-cu PŞ-ya gətirmişlər. Orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Odur ki, sonuncunun barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Sumqayıt şəhəri ünvansız fərdi evdə ailəsi ilə birlikdə yaşayır, evlidir. Himayəsində iki azyaşlı övladı var. "xxxx" MMC-də sürücü işləməklə əsas işi səhərin erkən saatlarında mağazalara çörək daşımaqdan ibarətdir. Bu gün, yəni 23 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Bakı-Qazax yolunun 15-ci kilometrində “İsuzu yük” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol polisi əməkdaşı onu saxlamışdır. Polis əməkdaşı ondan avtomobilin baqajını açmasını bildimişdir. O isə polisin buna səlahiyyətinin olmadığını bildirmişdir. Bu zaman polis əməkdaşı ilə aralarında mübahisə yaranmış, o da hadisəni mobil telefonla çəkmişdir ki, gələcəkdə sübut kimi istifadə edə bilsin. O ƏÇPA-nın əməkdaşlarına müqavimət göstərməmiş, həmçinin polisin ünvanına heç bir nalayiq ifadə işlətməmişdir. O səhər təqribən 06:15-dən gündüz saat 15:30-a qədər 10-cu PŞ-nın inzibati binasında saxlanılsa da barəsində inzibati tutmaq haqqında protokol tərtib edilməmişdir. Odur ki, əməlində hər hansı inzibati xəta tərkibinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapsa da onun ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törtəməsi öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510--cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hissədə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməli və yalnız İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı Şəxs çəkdiyi, hadisənin görüntüsünü əks etdirən videogörüntüyə baxış keçirilərkən Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapsa da onun xırda xuliqanlıq əməli törətməsinə dair hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa məhkəmə iclasında Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X5 və barəsində inzibati tənbehvermə haqqında iş üzrə icraat aparılan Şəxs izahatlarından məlum olmuşdur ki, Şəxs səhər təqribən 06:15-dən gündüz saat 15:30-a qədər 10-cu PŞ-nın inzibati binasında saxlanılsa da barəsində inzibati tutmaq haqqında protokol tərtib edilməmişdir. Məhkəmə bu faktın nəzərə alınaraq şəxsin 10-cu PŞ-da qaldığı həmin müddətin də inzibati qaydada tutma kimi qiymətləndirilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşiman olmasını və polis əməkdaşlarının ona qarşı hər hansı şikayət və ya tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM 535.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar