Məhkəmə qərarları › İş №3(002)-2824/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2824/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2824/2024 25.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X11, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs X5 və müdafiəçi X8 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qazaxıstan Respublikasında anadan olmuş, Qazaxıstan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-90/2024 nömrəli, xx.xx.2024-ci il tarixli və Kürdəmir Rayon Məhkəməsinin 2(041)-90/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədlərinə əsasən borclu X9 hazırki tarixədək 4220 manat aliment borcunu tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Göstərilənlərə əsasən, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X15 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-90/2024 nömrəli, xx.xx.2024-ci il tarixli və Kürdəmir Rayon Məhkəməsinin 2(041)-90/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədlərinə əsasən borclu X4 4220 manat məbləğində pul tutularaq X1 xeyrinə ödənilməlidir. Borclu qismən ödənişlər etməsinə baxmayaraq, həmin ödənişlər cüzi olduğundan aliment məbləğini və yığılmış borcu əhatə etməmişdir. Onun barəsində əvvəllər bir dəfə protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərara əsasən borclu barəsində inzibati icraata xitam verilmişdir. Borclu yalnız tərəfindən edilmiş çağırışlardan və xatırlatmalardan sonra cüzi miqdarda ödənişlər etmiş, ödənişlərdən qərəzli yayınmışdır. Göstərilənlərə əsasən, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirdi ki, X2 izahatına əsasən onun rəsmi iş yeri yoxdur. Həmçinin o, məşğulluq orqanında işsiz olaraq qeydiyyatdadır. Bundan əlavə, borcluya aktiv vakansiyalar üzrə iş yerləri təqdim olunsa da sonuncu təkliflərə biganə yanaşmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 öz izahatında bildirmişdir ki, borcunu ödəmək niyyətindədir. Lakin, hazırda diş texniki olaraq çalışdığından aylıq gəliri müştəri sayına görə qeyri-stabil olur. Qazancı yalnız öz şəxsi xərclərini qarşılaya bilir və bu səbəbdən aliment ödənişlərini vaxtında və tam həcmdə icra edə bilmir. Həmçinin Kürdəmir rayonunda aylıq 200 manata kirayə verdikləri evi vardır. Oradan qazanılmış gəlir isə himayəsində olan anasının maddi təminatını qarşılamaq üçün nəzərdə tutulub. Sonuncu dəfə tələbkara 100 manat ödəmişdir. Borcunu hissəli ödəyəcəyini nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir, əlilliyi olmayan şəxsdir. Qazaxıstan Respublikasının vətəndaşı olmasına baxmayaraq, Azərbaycan Respublikasında uzun illərdən bəri yaşadığına görə Azərbaycan dilində sərbəst danışır və başa düşür, bu səbəbdən tərcüməçiyə ehtiyacı yoxdur. Həmçinin qeyd etmişdir ki, əlavə iş yeri axtarır. Məhkəmə iclasında iştirak edən tələbkar X6 bildirdi ki, uşaqları azyaşlı olduğuna görə özü işləmir, uşaqların maddi təminatına babası köməklik edir. Borclunun qeyd etdiyi iş yerindən əlavə, gəlir əldə etdiyi və kirayə verdiyi evi mövcuddur. Borclu 2-3 aydan bir 100 manat ödəniş etməklə kifayətlənmiş, bu isə nə aliment borcunu, nə də yığılmış borcu tam əhatə etməmişdir. Ödənişləri qərəzli olaraq vaxtında və təyin olunmuş miqdarda etmədiyindən hazırki tarixə xeyli borc yaranmışdır. Aliment borcunun ən azı yarısının ödənilməsini tələb edir. Borcunun ödənilmədiyi təqdirdə onun barəsində sərt tənbeh tədbiri seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X14 çıxışında bildirdi ki, borclu əvvəllər borcunu hissəli şəkildə ödəmiş, borcunu ödəmək niyyətindədir. Lakin hazırda diş texniki olaraq çalışdığından aylıq gəliri müştəri sayına görə qeyri-stabil olur. Borclunun himayəsində yaşlı anası olduğunu, maddi imkanının olmadığını nəzərə alaraq, borclu barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X9 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-90/2024 nömrəli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü Y.Z.Abdurəhimovanın və xx.xx.2021-ci il təvəllüdlü S.Z.Abdurəhimovun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq X4 X3 xeyrinə hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2024-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-90/2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 2(041)-90/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş və xx.xx.2019-cu il təvəllüdlü Y.Z.Abdurəhimovanın və xx.xx.2021-ci il təvəllüdlü S.Z.Abdurəhimovun yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 X3 xeyrinə hər ay hər uşağa görə 360 manat sabit pul məbləğində aliment ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-90/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-90/2024 nömrəli, xx.xx.2024-ci il tarixli və Kürdəmir Rayon Məhkəməsinin 2(041)-90/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədlərinə əsasən borclu X9 hazırki tarixədək 4220 manat aliment borcunu tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Göstərilənlərə əsasən, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə elektron sistemindən əldə olunmuş məlumatdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərara əsasən X9 barəsində iş üzrə inzibati icraata xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-90/2024 nömrəli, xx.xx.2024-ci il tarixli və Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 90/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədlərinə əsasən borclu X9 hazırki tarixədək 4220 manat borcun ödənişini həyata keçirməmişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi qəbul edildiyi vaxtdan borc məbləğinin ödənilməsinə laqeyd yanaşmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə X5 barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, borclu dəfələrlə icra sənədinin icra olunması üçün qanunauyğun şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, ödənişləri tam həcmdə və vaxtında etməmişdir. Bundan başqa onun barəsində əvvəllər də eyni inzibati xətaya görə icra məmuru tərəfindən protokol tərtib olunmuş, sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli iş üzrə borclunun maddi vəziyyəti nəzərə alınmış, natamam aliment ödənişləri həyata keçirməsi üzrlü hesab edilərək iş üzrə icraata xitam verilmişdir. Lakin, bundan sonra borclu natamam ödənişlər etməklə öhdəliyin icrasından yenidən yayınmışdır. Məhkəmə icra məmurunun və tələbkarın izahatında qeyd etdiklərini və tələbkarın yığılmış borca münasibətdə cüzi ödənişi qəbul etmədiyini, X5 törətdiyi inzibati xətanın hallarını, onun hazırki tarixə yığılmış borcunu ödəməsində yaranmış maddi çətinliklərini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. X7 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X12 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. X7 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X12 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar