Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2828/2024 30.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, Şəxs Firmasının etibarnamə üzrə nümayəndəsi X1 oğlunun iştirakı ilə, Şəxs Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs Firması 313400,00 Avro məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 313400,00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. İnzibati xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2 protokolu müdafiə edərək bildirdi ki, Şəxs Firması 313400,00 Avro məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 313400,00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. İnzibati xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, Şəxs Firmasının nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli müqavilə ilə tanış olduğunu bildirdi. Müqavilə hissə-hissə icra edilməsinə baxmayaraq, qanunvericiliklə müəyyən edilmiş 2 il müddət ərzində ya inzibati xəta haqqında protokolda qeyd edilmiş həmin avans məbləğinə münasibətdə malın bir hissəsinin ölkəyə daxil olunmasını, ya da mal gecikməsi yaşandığı halda həmin avansın müvəqqəti olaraq geri qaytarılmasını təmin edə bildiyi halda, hüquqi şəxs hərəkətsizlik göstərmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixdə firma tərəfindən 06 ay üçün vaxt verilməsi xahiş olunsa da, qanunvericilikdə nəzərdə tutulmuş 2 il müddətdən artıq vaxt verilməsi halı mümkün deyildir. Məhkəmə iclasında iştirak edən Şəxs Firmasının etibarnamə üzrə nümayəndəsi X1 oğlu izahatında bildirdi ki, "xxxx" Firması ilə Siemens Healthineers arasında bağlanmış dəyəri 1.567.000,000 Avro olmaqla, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən tibb avadanlıqlarının alınması nəzərdə tutulmuşdur. Lakin həmin müqavilə ilə tərəflər öhdəliklərin hissə-hissə icra olunması barədə razılığa gəlinmiş, ilkin olaraq avans məbləği 313400,00 Avro olmaqla köçürülmüşdür. Bu razılığın Şəxs Firması tərəfindən pozulması halında isə müqavilə əsasında avansın geri qaytarılmaması, əlavə olaraq da 5% məbləğində cərimə nəzərdə tutulmuşdur. Hazırda müqavilə üzrə ödənişlərin 780000 Avro hissəsi ödənilmişdir. Belə olduğu halda müqavilənin icrası müddəti bitməmiş, inzibati xəta tərkibi yaranmamış sayılır. Çünki müqavilənin və predmetində nəzərdə tutulmuş malların dəyəri 313400,00 Avro deyil, bu məbləğ müqaviləyə görə sadəcə ödənişin bir hissəsidir. "Sədərək Firması” tərəfindən müqavilə üzrə xx.xx.2022-ci il tarixli 001SW**********3 nömrəli ödəniş sənədinə əsasən Siemens Healthineers 313400,00 Avro pul vəsaiti ödənilmişdir. Belə ki, hal-hazırda radiodiaqnostika avadanlığının quraşdırılması nəzərdə tutulan yer hazır deyildir, avadanlığın texniki göstəricilərinə görə quraşdırıldıqdan sonra istismar olunmalıdır, əks təqdirdə isə ətraf ərazi yüksək şüalanmaya məruz qalar. Qeyd olunanı nəzərə alaraq avadanlığın yerinin hazır olunması və avadanlığın Azərbaycan Respublikasına gətirilməsi üçün 6 ay müddətində vaxt verilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankından xahiş edilmişdir. Bundan əlavə, hüquqi şəxsin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib olunan zaman səlahiyyətli orqan tərəfindən hüquqi şəxsə heç bir məlumat verilməmişdir. Məhkəmə bildirişi əldə etdikdən sonra bu inzibati xəta haqqında protokol barədə xəbərdar olmuşdur. İnzibati xəta müəyyən edildikdən sonra protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən hüquqi şəxs aşkar olunmuş xəta ilə bağlı müvafiq izahat verməsi üçün dəvət edilməmiş, ona hüquq və vəzifələri izah olunmuş müvafiq bildiriş göndərilməmişdir. Belə olduğu halda, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs Firması onların protokolun tərtib olunması zamanı məlumatsız olmuş və onun tərtibində iştirak etməmişdir. Protokol birtərəfli qaydada tərtib edildiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahat vermək, protokolun məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından məhrum edilmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısının izahat və mülahizəsini nəzərə alıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Şəxs Firması ilə dünyaca tanınmış “Siemens” şirkəti arasında dəyəri 1.567.000,000 Avro olmaqla, yeni yaradılacaq xəstəxananın təchiz olunması üçün avadanlıqlar barədə müqavilə imzalanmışdır. Lakin, həmin müqavilə ilə tərəflər öhdəliklərin hissə-hissə icra olunması barədə razılığa gəlmiş, ilkin olaraq avans məbləği 313400,00 Avro olmaqla köçürülmüşdür. Bu razılığın Şəxs Firması tərəfindən pozulması halında isə müqavilə əsasında avansın geri qaytarılmaması, əlavə olaraq da 5% məbləğində cərimə nəzərdə tutulmuşdur. Hazırda müqavilə üzrə ümumi ödənişlərin 780000 Avro hissəsi ödənilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs Firması tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" Firması ilə Siemens Healthineers arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən tibb avadanlıqlarının alınması nəzərdə tutulduğunu, "Sədərək Firması” tərəfindən müqavilə üzrə xx.xx.2022-ci il tarixli 001SW**********3 nömrəli ödəniş sənədinə əsasən “Siemens Healthineers”ə 313400 avro pul vəsaiti ödənildiyini, həmçinin hazırda radiodiaqnostika avadanlığının quraşdırılması nəzərdə tutulan yerin hazır olmadığını, avadanlığın texniki göstəricilərinə görə quraşdırıldıqdan sonra istismar olunma zərurətini, əks təqdirdə ətraf ərazi yüksək şüalanmaya məruz qalacağını nəzərə alaraq avadanlığın yerinin hazır olunması və avadanlığın Azərbaycan Respublikasına gətirilməsi üçün 6 ay müddətində vaxt verilməsini xahiş olunmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Firması tərəfindən Qaradağ rayonu ərazisində xəstəxana inşası işləri aparılır. Həmin xəstəxana üçün avadanlıqlar “Siemens” şirkətindən sifariş olunmuş və bununla əlaqədar ümumi köçürüləcək məbləğ 1.567.000,000 Avro olan xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilədə satın alınması nəzərdə tutulmuş bir sıra məhsullar ölkə ərazisinə idxal olunmuşdur. Həmin müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə “Siemens” şirkətinə köçürülmüş 313400,00 Avronun qarşılığında rentgen aparatının idxalı nəzərdə tutulmuşdur. Lakin, radiodiaqnostika avadanlığının quraşdırılması nəzərdə tutulan yer hazır olmadığından, həmçinin avadanlığın texniki göstəricilərinə görə quraşdırıldıqdan sonra istismar olunma zərurətini, əks təqdirdə ətraf ərazinin yüksək şüalanmaya məruz qalacağını nəzərə alaraq avadanlığın yeri hazır olduqdan sonra onun ölkəyə gətirilməsi planlaşdırılmışdır. Onlardan asılı olmayan səbəbdən idxalın yubanması ilə bağlı hüquqi şəxs iki il müddət başa çatmadan öncə müvəkkil bankı və Azərbaycan Respublikası Mərkəzi bankını öncədən xəbərdar etmişdir. Bundan əlavə, hüquqi şəxsin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol İXM-nin 100 və 101-ci maddələrinin tələbləri pozulmaqla tərtib edilmişdir. İnzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı xx.xx.2024-cü il tarixdə aşkar edilməsinə baxmayaraq ən geci iki gün ərzində tərtib olunmamışdır. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan zaman səlahiyyətli orqan tərəfindən hüquqi şəxsə heç bir məlumat verilməmişdir. Məhkəmə bildirişi əldə etdikdən sonra bu inzibati xəta haqqında protokol barədə xəbərdar olmuşdur. İnzibati xəta müəyyən edildikdən sonra protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən hüquqi şəxs aşkar olunmuş xəta ilə bağlı müvafiq izahat verməsi üçün dəvət edilməmiş, ona hüquq və vəzifələri izah olunmuş müvafiq bildiriş göndərilməmişdir. Belə olduğu halda, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs Firması onların protokolun tərtib olunması zamanı məlumatsız olmuş və onun tərtibində iştirak etməmişdir. Protokol birtərəfli qaydada tərtib edildiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahat vermək, protokolun məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından məhrum edilmişdir. Beləliklə, Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokolu qüsurlu tərtib edərək, prosessual müddət ötürülməklə gecikmə ilə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, həm Azərbaycan Respublikasının ətraf mühitinin təhlükəsizliyi baxımından, həm hüquqi şəxsin qeyd olunan avans məbləğinin geri qaytarılması halı üzrə üzləşəcəyi maddi ziyanı, həmçinin hüquqi şəxsin əməlində hər hansı qərəzli halın olmadığını nəzərə alaraq, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi faktı üzrə Şəxs Firmasının əməlində inzibati xəta tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs Firmasının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Firmasının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2828/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2828/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver