Məhkəmə qərarları › İş №3(002)-283/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-283/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-283/2023 08.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 08 fevral 2023-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Salyan Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(057)-795/2022 saylı icra sənədinə əsasən 21 iyul 2015-ci il təvəllüdlü X11, 02 iyun 2017-ci il təvəllüdlü X13, 31 oktyabr 2019-cu il təvəllüdlü X12 və 06 iyul 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 11 mart 2022-ci ildən başlayaraq hər uşağa görə hər ay 80 manat olmaqla, cəmi 320 manat miqdarında aliment tutularaq iddiaçı X2 ödənilməlidir. Hazırda Şəxs 2880 manat yığılmış aliment borcu var. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru S.Ş.Əhmədli tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 09 avqust 2022-ci il tarixdə Salyan Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(057)- 795/2022 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular edilmiş, borclunun adına hər-hansı gəlir və əmlak aşkar edilməmişdir. Borclu icra sənədi üzrə heç bir ödəniş etmədiyi üçün onun bu günə 2880 manat aliment borcu yaranmışdır. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Borclu barəsində 09 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq Qaradağ rayon Məhkəməsinə gətirilərkən, həmin vaxt aliment borcunu ödəyəcəyinə dair vəd verməsinə baxmayaraq, yenidən aliment ödənişindən yayınmışdır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən borclu icra şöbəsinə dəvət edilmiş və o, saat 12:00 radələrində şöbəyə gəldikdə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi barədə məlumatlıdır. Lakin maddi imkanı olmadığı üçün indiyədək heç bir ödəniş edə bilməmişdir. Himayəsində yaşlı anası və 1-ci qrup əlil olan qardaşı var, aylıq ehtiyaclarını anasının təqaüdü ilə ödəyirlər. Məşğulluğa müraciət etmiş lakin iş tapmamışdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, saat 12:00 radələrində icra şöbəsinə gəlmiş, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Heç bir əlilliyi yoxdur. Məhkəmə iclasında iştirak edən müdafiəçi X8 çıxış edərək bildirmişdir ki, hüquqlarının müdafiə etdiyi şəxs Şəxs aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmır. Maddi imkanı olmadığı üçün aliment borcunu ödəməmişdir. Əməlindən səmimi peşmandır. Himayəsində övladlarının olduğunu nəzərə alaraq, onun barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(057)-795/2022 saylı icra sənədinə əsasən 21 iyul 2015-ci il təvəllüdlü X11, 02 iyun 2017ci il təvəllüdlü X13, 31 oktyabr 2019-cu il təvəllüdlü X12 və 06 iyul 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 11 mart 2022-ci ildən başlayaraq hər uşağa görə hər ay 80 manat olmaqla, cəmi 320 manat miqdarında aliment tutularaq iddiaçı X2 ödənilməlidir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 09 avqust 2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Salyan Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(057)-795/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 09 avqust 2022-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 09 yanvar 2023-cü il, 3(002)-41/2023 nömrəli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Bakı Regional Məşğulluq Filialının 19 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində işaxtaran və ya işsiz kimi qeydiyyatı mövcud deyil. Şəxs müraciətdə qeyd edilən əlaqə nömrəsinə dəfələrlə zəng olunmasına baxmayaraq, vətəndaşla əlaqə saxlamaq mümkün olmamış və ünvanına dəvət məktubu göndərilmişdir. Şəxs ünvan 2 ünvanında yerləşən Filiala müraciət edəcəyi təqdirdə müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan 08 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(057)-795/2022 saylı icra sənədinə əsasən X1 ödənilməli olan aliment borcunu ödəməmiş nəticədə 2880 manat aliment borcu yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Salyan Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(057)-795/2022 saylı icra sənədinə əsasən, 21 iyul 2015-ci il təvəllüdlü X11, 02 iyun 2017-ci il təvəllüdlü X13, 31 oktyabr 2019-cu il təvəllüdlü X12 və 06 iyul 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 11 mart 2022-ci ildən başlayaraq hər uşağa görə hər ay 80 manat olmaqla, cəmi 320 manat miqdarında aliment tutularaq iddiaçı X2 ödənilməlidir. İcra sənədi üzrə icraata 09 avqust 2022-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, borclu icranı tam olaraq təmin etməkdən boyun qaçırmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu Şəxs qərarın icrasına laqeyd yanaşaraq aliment borcundan ümumiyyətlə ödəniş etməmişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 08 fevral 2023-cü il tarixdən saat 12:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 08 fevral 2023-cü il tarixdən saat 12:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar