Məhkəmə qərarları › İş №3(002)-2832/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2832/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2832/2025 24.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PŞ-nın polis sahə inspektoru, polis kiçik leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1985-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə fərdi qaydada sürücü işləyən , əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PŞ-nin polis sahə inspektoru, polis kiçik leytenantı X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhər Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PŞ-nin polis sahə inspektoru, polis kiçik leytenantı X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 21 dekabr 2025-ci il tarixdə “719” saylı stasionar postun qarşısında polis əməkdaşları tərəfindən **- BY-*** dövlət qeydiyyat nömrə nişanlı «Ford» markalı «Transit» modelli markalı nəqliyyat vasitəsi sənədləri yoxlanılması məqsədi ilə saxlanılmış, sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş, təqdim etdikdən sonra saxlama səbəbini izah edib sənədləri təqdim etməsini tələb etmiş, sənədləri yoxlayan zaman sürücünü özünü normal apara bilmədiyi, tədirgin olduğunu və narkotik vasitənin marixuananın qoxusuna bənzər kəskin gəlməsindən şübhələnərək, sürücüdən alkoqol və ya narkotik vasitədən istifadə edib-etmədiyini soruşulmuş, daha sonra həmin şəxsi həkim müayinəsinə dəvət etmiş, həkim müayinəsi nəticəsində sürücü narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi məlum olunmuşdur. Faktla bağlı sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasın İXP7688780 saylı inzibati xəta protokolu tərtib edilmişdir. Daha sonra nəqliyyat vasitəsindən narkotik vasitə olan marixuananın qoxusuna bənzər kəskin qoxu gəlməsi səbəbindən nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansısa bir əşya və ya predmetin olmasından şübhələnərək aidiyyəti üzrə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Müayinə zamanı onda həqiqətən də, narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmiş, opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülmüşdür. O izahatında daha sonra bildirmişdir ki İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinən Şəxs 22 dekabr 2025-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuş və 24 dekabr 2025-ci il tarixdə məhkəməyə gətirilmişdir. Bundan sonra bütün bunlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 24 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati həbs növündə tənbeh edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək bildirmişdir ki, iki ildir mütəmadi olaraq narkotik vasitə istifadə edir. Narkotik vasitəni 1-2 qram tanımadığı şəxsdən almışdır. 21 dekabr 2025-ci il tarixdə Bərdədən Bakıya yük apararkən polis əməkdaşları tərəfindən saxlanmışdır. Polis əməkdaşları onun narkotik vasitə istifadə etməsindən şübhələnmişlər və ondan soruşduqda istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları onu tibbi müayinəyə apardıqdan sonra 11-ci PŞ-nə aparmışlar. O orada üzərində olan göy rəngli siqaret qutusunun içərisində olan marixuananı könüllü şəkildə təhvil vermişdir. Törətdiyi əməldən peşiman olduğunu və bir daha belə halların baş verməyəcəyini bildirərək məhkəmədən bağışlanılmasını xahiş etmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan inzibati işlə əlaqədar 22 dekabr 2025-ci il tarixdə saat 18:00-da inzibati qaydada inzibati qaydada tutulmuş və bu gün, yəni 24 dekabr 2025ci il tarixdə məhkəməyə gətirilənədək tutmadan azad edilməmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 11-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Murad Əhmədəliyev tərəfindən qəbul edilmiş 23 dekabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın nəticə hissəsindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın surəti Şəxs barəsində araşdırılan xüsusatlarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati icraat açılması məqsədi ilə Polis Şöbəsinin rəhbərliyinə məruzə edilməsi, Şəxs üzərindən aşkar edilmiş, 2.46 qram xalis çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı Rayon Polis İdarəsinin X5 otağında saxlanılması məqsədi ilə aidiyyəti üzrə əməkdaşa göstəriş verilməsi üçün Rayon Polis İdarəsinin rəhbərliyinə məruzə edilməsi, qərarın surətinin məlumat üçün prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 24 dekabr 2025-ci il tarixli, 7956 nömrəli rəyindən aydın olur ki, Şəxs Opioidlərin və psixostimuluyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2025-ci il tarixli, 7/1494 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şəxs..."yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd salfet kağızı bükülüdə təmiz çəkisi-2,46 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixunanın təmiz çəkisi-2,46 qram, tədqiqata istifadə olundu-0,05 qram, qalıq-2,41 qram. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma” haqqında 22 dekabr 2025-ci il tarixli protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 22 dekabr 2025-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuş və 24 dekabr 2025-ci il tarixdə tutmadan azad olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs inzibati qaydada tutulduqdan sonra 24 dekabr 2025-ci il tarixdə Qaradağ rayon Məhkəməsinə gətirilənədək hüquqları məhdudlaşdırılmış vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, şəxsin barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 22 dekabr 2025-ci il tarixdən, saat 18:00-dan hesablansın.

3. Şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın.

4. Şəxs aşkar edilərək götürülmüş və Qaradağ RPİ-də saxlanılan qalıq çəkisi- 2,41 qram olan marixuana, qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 5.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 11-ci PŞ-yə həvalə edilsin. 6.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar