Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2838/2025 14.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/32537095 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/32537095 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, EQ/32537095 saylı elektron qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərara əsasən guya o, xx.xx.2025-ci il tarixdə, saat 10:02-də M 2, E 60, AH 5 Bakı-Ələt-Qazax- Gürcüstan yolu, 12-ci km yolunda HYUNDAİ SONATA minik markalı 77AC352 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İnzibati Xətalar "Məcəlləsinin 339.1-1, 332.3-cü maddəsini pozaraq nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmış şəkildə idarə etmişdir. Ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 10:02-də HYUNDAİ SONATA minik markalı 77AC352 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qərarda göstərildiyi kimi M 2,E 60, AH 5 Bakı-Ələt-Qazax-Gürcüstan yolu, 12-ci km idarə etməmiş, avtomobil Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Texniki baxış məntəqəsinin ərazisində yerləşən cərimə meydançasında dayanmışdır. Mübahisələndirilən xx.xx.2025-ci il tarixli qərara əlavə edilmiş P241100502 saylı kamera vasitəsi ilə çəkilmiş foto şəkildən də görünür ki, həmin şəkildə maşının qarşısında hasar vardır. Həmin nəqliyyat vasitəsi polis tərəfindən saxlanılaraq cərimə meydançasında yerləşdirilmişdir. Şəkildən də görünür ki, nəqliyyat vasitəsi dayanmış vəziyyətdədir. Protokollarda 12-ci km göstərilmiş, nəqliyyat vasitəsi hərəkətdə olduğu göstərilməmişdir, həmçinin eyni gündə 400 manat ayrı-ayrı saatlarda 3 protokol eyni maddə ilə tərtib olunmuşdur. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/32537095 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin P241100502 saylı kamerası ilə çəkilmiş görüntüdən aydın olur ki, avtomobil həqiqətən də dayanmış vəziyyətdədir. Bakı şəhər Qaradağ RPİ-dən daxil olmuş məlumatdan görünür ki, ödənilməyən cərimə borclarına görə Hyundai markalı, 77AC352 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi avtomobil xx.xx.2025-ci il tarixindən 14 yanvar 2026-cı il tarixədək Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Siqnal İdarəsinin 4 saylı mühafizə olunan duracağındadır. Yuxarıda göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, X2 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin nə 332.3, nə də ki, 339.1-1-ci maddələrinin tələbləri pozulmamışdır. Belə ki, Bakı şəhər Qaradağ RPİ-dən verilmiş cavab məktubu ilə müəyyən olunur ki, qərarda göstərilən avtomobil xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Siqnal İdarəsinin 4 saylı mühafizə olunan duracağına yerləşdirilmiş və hazırki vaxtda da orada saxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarda nəzərdə tutulmuş 332.3 və 339.1-1-ci maddələri ilə inzibati xətanın törədilməsi halı sübuta yetirilmədiyindən o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu səbəbdən X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/32537095 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələblərinə əsasən Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/32537095 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2838/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2838/2025
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver