Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2843/2025 25.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Qaradağ rayon İcra Şöbəsinin rəis müavini X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Xankəndi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam rayonu, Seyidli ə/d, Seyidli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən Şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-8681/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədini icra etmədiyinə və yığılmış 28496 manat aliment borcunu ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibatı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin rəis müavini X3 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli 2(001)-8681/2017 saylı icra vərəqəsinə əsasən iddiaçı X7 ilə Şəxs arasında 10 mart 2015-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 114 nömrə ilə qeyd edilməklə bağlanmış nikah pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqları, 05 noyabr 2009-cu il təvəllüdlü X4 və 12 avqust 2011ci il təvəllüdlü X2 anaları X5 yanında qalmaları müəyyən edilməsi, 25 aprel 2017-ci il tarixindən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər uşağa görə hər ay 137 manat olmaqla hər ay 274 manat sabit pul məbləğində alıiment tutularaq iddiaçı X10 qizma ödənilməsi və qətnaməsnin alimentin tutulması hissəsində dərhal icraya yönəldilməsi qət edilmişdir. Borclu bu günə yaranmış 28496 (iyirmi səkkiz min dörd yüz doxsan altı) manat aliment borcundan heç bir ödəniş etməmiş və icra məmurunun çağırışlarına da məhəl qoymayaraq icra şöbəsinə gəlməkdən imtina etmiş, buna görə də barəsində axtarış elan edildiyini, altı ildir axtarışda olduğunu və bu gün yəni 25 dekabr 2025-ci il tarixdə icra şöbəsinə gətirildiyini bildirmişdir. İcra şöbəsində borclu öz izahatında yaranmış aliment borcundan xəbəri olduğunu, xeyli ödəniş etdiyini, işsiz olduğu üçün və maddi imkansızlıq səbəbi ilə ödəniş edə bilmədiyini, hissə-hissə ödənişlər edə biləcəyini bildirmişdir. Lakin ödənişlə bağlı heç bir sübut təqdim etməmişdir. Odur ki, borclu barəsində tərtib etdiyi protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında yaranmış aliment borcundan xəbəri olduğunu, indiyə qədər hissə-hissə 1500-2000 manat ödəniş etdiyini, hal-hazırda 500 manat ödəyəcəyini və 15 gün ərzində daha 500 manat ödəyəcəyini bildirmişdir. O öz izahatında daha sonra barəsində inzibati qaydada tədbir görülməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasının gedişində tələbkar X7 ilə mobil telefonla əlaqə saxlanılmış, tələbkar hal-hazırda məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini, yaranmış aliment borcunun tam şəkildə ödənilməsini tələb etdiyini, bu baş vermədikdə isə borclu barəsində tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 25 dekabr 2025-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından xeyli müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmişdir. Eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına da məhəl qoymamış və yayınmışdır. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları, borclu tərəfindən heç bir ödənişin edilməməsini, ödənilməmiş aliment borcunun 28496 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 25 dekabr 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov