Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2845/2025 21.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Barəsində tərtib olunmuş inzibati xəta protokolundan şikayət edən X2, Daxili İşlər Nazirliyinin Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 iştirakları ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı qərarının ləğv olunmasını və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayonu Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən xx.xx.2025-ci il tarixli (XP ******* saylı qərar qəbil edilərək X4 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xataya görə 100 manat məbləğində cərimə olunmuş və həmin xəta 3 bal kimi nəzərə alınmışdır. Qəbul edilmiş protokol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, o, xx.xx.2025-ci il tarixdə saat 15:23-də “HYUNDAİ ACCENT MİNİK” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, ünvan 1 ünvanın yaxınlığında inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. Bununla əlaqədar olaraq bildirmişdir ki, onu svetoforun yaşıl işığında keçdikdən sonra polis əməkdaşı saxlayaraq onun svetoforun sarı işığında keçdiyini bildirərək barəsində 40 manat cərimə tətbiq ediləcəyini bildirmişdir. O, heç bir qanun pozuntusuna yol vermədiyini bildirdikdən sonra əsassız olaraq barəsində 100 manat məbləğində cərimə yazılmışdır. Həmin protokoldan, o, şikayət etsə də, heç bir araşdırma aparılmadan qərar qəbul edilmişdir. İnzibati xəta törətməsinə dair heç bir görüntü və ya video elektron kabinetinə yerləşdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 121-ci və 122-ci maddələrinə əsasən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Məsələ ilə əlaqədar bildirirəm ki, İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində əsasən həmin maddədə nəzərdə tutulan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən xətalar üzrə birbaşa elektron qərar çıxarılır. Protokol yalnız İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulan qaydada səlahiyyətli vəzifəli şəxs bilavasitə aşkar edilən inzibati xətalar üzrə çıxarıla bilər. X4 barəsində inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmədiyindən, müvafiq protokolun tərtib edilməsi anlaşılmazdır. Xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edildiyi ona edilən telefon zəngində bildirilsə də, həmin foto və ya video materiallar da barəsində inzibati protokol tərtib edilmiş onun elektron kabinetinə yerləşdirilməyib. Bu isə İnzibati Xətalar Məcəlləsinin 38.6-cı və 122.3.1-ci maddələrinə ziddir. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Bu səbəbdən də onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmədən Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X4 öz izahatında bildirmişdir ki, 07 dekabr 2025-ci il tarixdə, saat 15:20-də Binə Ticarət Mərkəzinin qarşısında olan svetoforun yaşıl işığı yanıb-sönərkən keçdikdə polis inspektoru tərəfindən ona bildirilərək 100 manat məbləğində (3 bal) cərimə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, verilmiş şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 öz izahatında bildirmişdir ki, X2 idarə etdiyi “HYUNDAİ ACCENT MİNİK” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi digər avtomobillərin svetoforun qadağanedici nişanına əməl edərək dayanmalarına baxmayaraq, hərəkətə davam etmiş, dayanmamışdır. İşıqforun həm sarı həm qızımızı nişanları hərəkətin davamını qadağan edir. Həmçinin qeyd etmişdir ki, İXM-nin 122 və 123-cü maddələrinə əsasən elektron qaydada tərtib olunmuş protokollara aid şəkillər, video-görüntülər şəxsi kabinetə yerləşdirilir. İnzibati xəta haqqında protokol YPX əməkdaşı tərəfindən tərtib olunduqda foto və ya video görüntü vətəndaş şikayət etdikdə özünə və ya məhkəməyə təqdim olunduğundan qərarından şikayət vermiş vətəndaşın elektron kabinetinə yerləşdirilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 07 dekabr 2025-ci il tarixli, İXP ******* saylı qərardan görünür ki, X4 07 dekabr 2025-ci il tarixdə, saat 15:23-də “HYUNDAİ ACCENT MİNİK” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozmuş və nəticədə 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş 1 ədəd DVD diskdən görünür ki, svetoforun sarı işığında digər avtomobillərin dayanmasına baxmayaraq, HYUNDAİ ACCENT MİNİK” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətinə davam edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 07 dekabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 07 dekabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 07 dekabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2845/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2845/2025
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver