Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2846/2025 26.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin rəis müavini 1-ci dərəcəli ədlyyə qulluqçusu X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmn ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında audio-video görüntü vasitəsi ilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün həmin tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1287/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədlərinə əsasən 11.390 manat aliment borcunun ödənişi borclu Şəxs tərəfindən hazırki tarixədək tələbkarın xeyrinə həyata keçirməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1287/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 18 may 2020-cl iİ tarixindən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı X5 ödənilməlidir. Borclu 2023-cü ildən ödənişləri həyata keçirməmişdir. İcra şöbəsinə dəvət olunmasına baxmayaraq, gəlməmiş bu səbəbdən borclu barəsində axtarış haqqında qərar qəbul edilmişdir. Borclu dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmiş, polis əməkdaşları tərəfindən şöbəyə təqdim olunmuşdur. Borclu icra sənədinin nəzərdə tutulduğu qaydada icra edilməməsinə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Sonuncu aliment ödənişi isə 2023-cü ildə ödənilmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 öz izahatında bildirdi ki, o, dəfələrlə borcludan övladının saxlanılması üçün qalıq aliment borcunun ödənilməsini tələb etmiş, lakin borclu müxtəlif bəhanələr gətirməklə aliment borcunu ödəməkdən yayınmışdır. Hazırda yaranmış aliment borcunun tam ödənilməsini, əks təqdirdə borclunun inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o, hazırda işləmir, 2022-ci il tarixdə o, cinayət işi üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2023-cü ilin avqust ayından etibarən azadlığa çıxmışdır. Lakin, buna baxmayaraq, o, məhkumluğu olması səbəbindən hazırda işlə təmin oluna bilmir. Həmçinin icra məmurunun çağırışlarına qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən çağırış məktubundan xəbərsiz olduğuna görə gələ bilməmişdir. İşlə təmin olunduğu halda aliment ödənişlərinə davam edəcəkdir. Barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Əlilliyi olmayan şəxsdir. Dövlət hesabına müdafiəçi ilə təmin olunmaqdan imtina etməsi onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Hazırki iclasda isə ödəniş edə bilmir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(002)- 1287/2020 saylı icra sənədinə əsasən 18 may 2020-ci il tarixindən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 iyun 2020ci il tarixli, 2(002)-1287/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X13 Mərkəzinin 26 yanvar 2024-cü il tarixli, 3-17- 7/2-5585/2024 saylı məktubundan görünür ki, Şəxs X14 ilə əmək münasibətlərində olmadığından icra sənədinin icrasının təmin edilməsi mümkün olmamışdır. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin 22 fevral 2024-cü il tarixli və 24 noyabr 2025-ci il tarixli qərarları ilə borclu Şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-cı bölməsinin 26 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Şəxs saxlanılaraq Qaradağ Rayon İcra şöbəsinə təhvil verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-151/2025 saylı, xx.xx.2025 tarixli qərarınnın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(002)-1287/2020 saylı icra sənədinə əsasən ümumilikdə 11.390 manat məbləğində aliment borcu ödənilməmiş, borclu icra məmurunun çağırışlarına gəlməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi qəbul edildiyi vaxtdan borc məbləğinin ödənilməsinə laqeyd yanaşmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, borclu dəfələrlə icra sənədinin icra olunması üçün qanunauyğun şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, uzun müddətdir ödəniş etməmişdir. Bundan əlavə o, borcun ödənişinə münasibətdə tamamilə laqeyd yanaşmışdır. Borclu icra məmuru tərəfindən edilmiş qanuni çağırışlara gəlməmiş və borclu barəsində axtarış haqqında qərar qəbul edilmişdir. Borclu dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Məhkəmə icra məmurunun izahatında qeyd etdiklərini, gələcəkdə də borclunun aliment ödənişlərinə davam etməsi barədə vədinin az inandırıcı olduğunu, Şəxs törətdiyi inzibati xətanın hallarını, onun hazırki tarixə yığılmış borcun məbləğini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 26 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130 və 528.1-1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. 2.İnzibati həbs müddətinin əvvəli 26 dekabr 2025-ci il tarixdən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Kamran Əsədov