Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2852/2024 01.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçi X7 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1466/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hazırki tarixədək 4928 manat borcun tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1466/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 4928 manat məbləğində pul tutularaq X1 xeyrinə ödənilməlidir. Borclu 2022-ci ilin fevral ayından ödənişləri həyata keçirməmişdir. İcra şöbəsinə dəvət olunmasına baxmayaraq, gəlməmiş bu səbəbdən borclu barəsində axtarış haqqında qərar qəbul edilmişdir. Borclu dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmiş və məhkəmənin qərarı ilə ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Borclu polis əməkdaşları tərəfindən şöbəyə təqdim olunmuşdur. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, 2022-ci ildən hazırki tarixədək ödənişləri etməməsinə səbəb işsiz və maddi imkansızlığı olmuşdur. Lakin hazırda işlə təmin olunmuşdur, növbəti aydan ödənişləri etməyə davam edəcəkdir. Borcunu hissəli ödəyəcəyini nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir, əlilliyi olmayan şəxsdir. O ikinci dəfə nikaha daxil olmuş, bu nikahdan isə 1 övladı vardır. Məhkəmə iclasında iştirak edən tələbkar X8 bildirdi ki, borclu 2022-ci ildən sonra ona heç bir ödəniş etməmiş, qərəzli olaraq ödənişlərdən və icra məmurunun çağırışlarından yayınmışdır. 2022-ci ilə qədər qismən ödənişlər edilsə də həmin məbləğlər nə aliment borcunu, nə də yığılmış borcu tam əhatə etməmişdir. Ödənişləri qərəzli olaraq vaxtında və təyin olunmuş miqdarda etmədiyindən hazırki tarixə xeyli borc yaranmışdır. Hazırki iclasda borclunun növbəti aydan etibarən edəcəyi ödənişlərə dair təklifini qəbul etmir, borcunun tam şəkildə ödənilməsini tələb edir. Bundan əlavə, borclu uşağı ilə heç vaxt maraqlanmamış, valideynlik öhdəliklərini icra etməmişdir. Uşağın sağlamlığında yaranmış problemlə əlaqədar müalicəyə zərurət yaranmışdır. Belə ki, övladının maddi təminatına nənə və babası (valideynləri) dəstək olur. Borcun tam ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X11 çıxışında bildirdi ki, borclu əvvəllər borcunu hissəli şəkildə ödəmiş, işləmədiyi müddətdə, qeyd etdiyi səbəblərdən ödənişləri edə bilməmişdir. Lakin, hazırda onun sabit gəliri mövcuddur və növbəti aydan ödənişlər ediləcəkdir. Göstərilənləri nəzərə alaraq borclu barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1466/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa görə 154 manat olmaqla sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1466/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(002)-678/2018 saylı Qərardadı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(002)- 11/2023 saylı qərardadından görünür ki, borclu Şəxs Qaradağ Rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs yaşayış yeri məlum olmadığından onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1466/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hazırki tarixədək 4928 manat borcun tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs aliment ödənişlərindən qərəzli şəkildə yayınması nəticəsində hazırki tarixədək 4928 manat aliment borcu yaranmışdır. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi qəbul edildiyi vaxtdan borc məbləğinin ödənilməsinə laqeyd yanaşmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, borclu dəfələrlə icra sənədinin icra olunması üçün qanunauyğun şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, aylarla ödəniş etməmişdir. Bundan əlavə o, borcun ödənişinə münasibətdə tamamilə laqeyd yanaşmışdır. Borclu icra məmuru tərəfindən edilmiş qanuni çağırışlara gəlməmiş və borclu barəsində axtarış haqqında qərar qəbul edilmişdir. Borclu dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmiş və məhkəmənin qərarı ilə ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Lakin, o, bundan sonra ödənişlərdən yenidən yayınaraq, icra məmurunun çağırışlarına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Borclu polis əməkdaşları tərəfindən şöbəyə təqdim olunmuşdur. Övladına qayğı, diqqət göstərməməklə onun sosial təminatına biganə yanaşmışdır. Məhkəmə icra məmurunun və tələbkarın izahatında qeyd etdiklərini, eyni zamanda onun gələcəkdə işlə təmin olunacağı halda aliment ödənişlərinə davam etməsi barədə vədinin zərərçəkmiş şəxs (tələbkar) tərəfindən qəbul edilməməsini, Şəxs törətdiyi inzibati xətanın hallarını, onun hazırki tarixə yığılmış borcunu ödəməsində yaranmış maddi çətinliklərini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2852/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2852/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver