Məhkəmə qərarları › İş №3(002)-2861/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2861/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2861/2024 04.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 03 avqust 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olanmaqla Zərdab rayonu, Körpü kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Qaradağ rayon Məhkəməsinin 2(002)-492/2024 saylı, 29 aprel 2024-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 04 oktyabr 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-492/2024 saylı, 29 aprel 2024-cu il tarixli icra vərəqəsinə əsasən, iddiaçı X11-zadə oğlunun cavabdeh X4 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında xx.xx.2009-cu il tarixdə Qaradağ Rayon Qeydiyyat Şöbəsində 218 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi üç uşağa görə 450 manat sabit pul məbləğində alimentin cavabdeh X2 tutularaq iddiaçı X11-zadə oğluna ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 10 may 2024-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Bundan başqa icra vərəqəsi ilə bağlı borclunun anası ilə də mobil telefonla əlaqə saxlamışdır. Bununla belə borclu tərəfindən indiyədək aliment borcundan heç bir ödəniş edilməmişdir. Borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığından barəsində mülki axtarış işi açılmış, bundan başqa borclunun ölkədən getmək hüququ da məhdudlaşdırılmışdır. O öz izahatında tələbkarla hazırki məhkəmə iclasında iştirak etməsi üçün mobil telefon vasitəsilə əlaqə saxladığını, tələbkar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, lakin alimentin ödənilməsini tələb etdiyini bildirmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, onun icra vərəqəsindən məlumatı olmamışdır. Belə ki, X11-zadə oğlunun ona qarşı nikahın pozulmasına dair iddia ərizəsinə baxılarkən o məhkəmə iclaslarında iştirak etməmiş, qətnamədən ümumiyyətlə xəbəri olmamışdır. Bu gün, yəni 04 oktyabr 2024-cü il tarixdə Bərdə “Asan Xidmət” Mərkəzində şəxsiyyət vəsiqəsini dəyişməsi üçün getmiş, bu zaman ona barəsində mülki axtarış işi açıldığını ona bildirmişlər. Bundan başqa hal-hazırda səkkiz aylıq hamilədir. Heç yerdə işləmir və hər hansı bir gəlirə və ya qazanca da malik deyildir. Yuxarıda qeyd olunan qətnamə ilə razı olmamaqla ondan apellyasiya instansiya məhkəməsinə şikayət verəcəkdir. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırkı vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsinə dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa borclunun halhazırda hər hansı bir gəlirə və ya qazanca malik olmasına dair də heç bir sübut müəyyən edilməmişdir. Bundan başqa məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu icra vərəqəsinin mövcudluğundan xəbərdar olmamaqla yuxarıda adı çəkilən qətnamədən bu gün, yəni Qaradağ rayon İcra Şöbəsinə məcburi gətirilərkən məlumatı olmuşdur. İcra məmuru izahatında borclunun valideyni ilə əlaqə saxladığını bildirsə də, borclunun özü ilə mobil telefonla əlaqə saxlamamış, həmçinin tələbin könüllü icrasına dair bildiriş borcluya rəsmi şəkildə təqdim edilməmişdir. Göründüyü kimi borclunun icra məmurunun çağırışlarından yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa borclunun məhkəmə iclasında təqdim etdiyi “X15 Clinic” xəstəxanasından verilmiş 01 aprel 2024-cü il tarixli ultrasəs müayinəsindən aydın olur ki, borclu Şəxs həmin tarixdə yeddi həftə dörd günlük hamiləlik izlənilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxsnun əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar