Məhkəmə qərarları › İş №3(002)-2907/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2907/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2907/2024 30.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şikayət verən şəxs Babaşov Baba Rauf oğlunun, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi nümayəndəsi X1 iştirakları ilə, Babaşov Baba Rauf oğlunun, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 29 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Babaşov Baba Rauf oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 29 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Babaşov Baba Rauf oğlu şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 29 avqust 2024-cü il tarixli, MN ******* saylı qərarla o İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, qeyd edilən səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 10 iyul 2024-cü il tarixdə Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən daş karxanalarının birindən ödəniş etməklə daş tozu alaraq idarə etdiyi **-HV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı yük avtomobili ilə həmin karxanadan çıxarkən, özünü “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi”-nin əməkdaşı kimi təqdim edən Xəzər Vəliyev avtomobili saxlayaraq ondan 500 manat məbləğində rüşvət tələb etmişdir. Ona daş tozu satan, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən daş karxanasının rəhbərliyi avtomobilinin saxlanıldığı yerə gələrək 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının hərəkətlərinin qanunsuzluğuna etirazını bildirərək, onun idarə etdiyi avtomobilində olan mişar daşı tozunun onun tərəfindən satıldığını bildirsə də, onu saxlayan əməkdaşlar buna məhəl qoymamışdırlar. Rüşvət verməkdən imtina etdiyindən Xəzər Vəliyev yükü həmin karyerin ərazisinə boşaltdırmışdır. Bundan sonra barəsində 29 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmiş ki, “Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində “Mercedes” Benz ACTOZ1848LS Yük markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə lisenziya və ya icazə sənədi olmadan yer təkindən (16 m3 qarışıq süxur) istifadə edilmişdir. Həmin qərar ona təqdim edilməmişdir, qərar ona yaşayış evinə yaxın yerləşən marketin satıcısı tərəfindən 20 sentyabr 2024-cü il tarixdə verilmişdir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Babaşov Baba Rauf oğlu ərizəyə uyğun izahat verərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi nümayəndəsi X2 qərarı müdafiə edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 29 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Babaşov Baba Rauf oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan inzibati orqan tərəfindən sübut kimi təqdim edilmiş fotoşəkildə yük avtomobilinin daşıyıcı kuza hissəsinə qum şəkilli maddənin yüklənməsi müşahidə edilir.İnzibati orqan həmin qum şəkilli maddənin Babaşov Baba Rauf oğlu tərəfindən idarə etdiyi avtomobiillə daşınamsını icazə olmadan yerin təkindən istifadə kimi qiymətləndirmiş və onun barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə qərar qəbul etmişdir.Halbuki, Babaşov Baba Rauf oğlu şikayətində də qeyd etdiyi kimi daş tozunu daş karxanalarının birindən müvafiq ödəniş etməklə almışdır.Lakin inzibati orqan bu halı ətraflı araşdırmamış və qeyd edilən daş tozunun və yaxud monitorinq aktında qeyd edilən süxur kütləsinin kim tərəfindən satılmasını, yəni yerin təkinin faktiki olaraq kim tərəfindən istismar edilməsini müəyyənləşdirməmiş və yalnış olaraq Babaşov Baba Rauf oğlun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı Babaşov Baba Rauf oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibinin olması təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 134, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 29 avqust 2024-cü il tarixli, MN ******* saylı qərarləğv edilsin və Babaşov Baba Rauf oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə başlanmış inzibati xəta iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar