Məhkəmə qərarları › İş №3(002)-296/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-296/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-296/2023 14.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dəmir yolunun yaxınlığında ünvansız fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 14 fevral 2023-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 19 dekabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Puta yolunun üzərində olan daş bazarının yaxınlığında X3 döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X4 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X4 protokolu müdafiə edərək bildirmişdir ki, o, həmin protokolu Qaradağ RPİnin 10-cu PB-nin baş təhqiqatçısı, polis baş leytenantı Heydər Dadaşzadə tərəfindən qəbul edilmiş 29 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Bundan sonra onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz aralarında razılığa gəlmiş və barışmışlar. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X5 öz izahatında bildirmişdir ki, təqribən on ay bundan qabaq Cabir adı ilə tanıdığı şəxsə nisyə olaraq beş-altı cüt ayaqqabı vermiş, Cabir ona həmin ayaqqabıların müqabilində 55 manat vermiş, 90 manat isə borcu qalmışdır. O, dəfələrlə pulunu tələb etsə də Cabir pulu ona verməkdən imtina etmişdir. 19 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, dəmir yolunun yaxınlığında yerləşən daş-qum bazarına qum almaq məqsədilə getmiş və orada təsadüfən Cabirlə qarşılaşmışdır. O, Cabirdən ona olan borcunu qaytarmasını tələb etdikdə Cabir ona qarşı nalayiq ifadələr işlətmiş, əlindəki daşla onun maşınını vurmaq istəmişdir. O, Cabirə maşında kamera olduğunu dedikdə və polisə xəbər verəcəyini bildirdikdə Cabir onu “iş verən” adlandırmışdır. Bundan sonra o, maşından düşmüş, Cabir isə əsəbiləşərək onun yaxasından tutmuş və boğzından tutaraq onu itələmişdir. Lakin halhazırda o, Şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, X2 işlətdiyi mağazadan 145 manat məbləğində dörd-beş cüt ayaqqabı götürmüş, borcundan 55 manat ödəmiş, qalan pulu isə hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdür. Sonradan maddi vəziyyəti ağır olduğundan borcunu qaytara bilməmişdir. 19 dekabr 2022-ci il tarixdə, saat təxminən 17:00 radələrində Ramin onun yaşadığı məhəlləyə gəlmiş və ondan borcunu tələb etmişdir. O, da əsəbiləşərək əlinə daş götürmüş, lakin daşla nə ona, nə də onun maşınına xəsarət yetirməmişdir. Aralarında mübahisə qızışarkən əsəbi halda Raminin boğazından tutub onu arxaya itələmişdir. Halhazırda zərərçəkmiş şəxs ilə barışdığını, törətdiyi əməldən peşiman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 22 dekabr 2022-ci il tarixli, 938 nömrəli “canlı şəxsin ekpertizası” ekpert rəyindən aydın olur ki, vətəndaş X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - boyun nahiyəsinin qançırı, bərk küt əşya təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən 19 dekabr 2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən zərərçəkmiş X5 məhkəmə iclasında ərizə təqdim edərək Şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inizbati materiala xitam verilməsini xahiş etmişdir. Şəxs məhkəməyə ərizə təqdim edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışğı üçün işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasl İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar